Türkiyəni xarabazara çevirmək planları və Ankaraya gizli dəstək – FOTO

turkiyeTürkiyə çətin günlərini yaşayır

Təkcə son 1 il ərzində Türkiyənin başına gələn bəlaları, yəni törədilən terror aktları və dövlət çevrilişi cəhdini nəzərdən keçirəndə ortaya, əsasən, 3 terror qruplaşmasının adı çıxır – FETÖ (Fətullah Gülənin Terror Təşkilatı), PKK (Kürd İşçi Partiyası) və “İŞİD” (İraq-Şam İslam Dövləti” və ya “İslam Dövləti”). Maraqlıdır ki, onların hamısı Türkiyəyə qarşı mübarizələrini, demək olar ki, eyni vaxtda gücləndiriblər və həyata keçirdiyi aksiyalar bir-birini növbə ilə əvəzləyir.

Yəni elə nüfuzlu şəxslər, qüvvələr və ya dairələr var ki, onlar Türkiyənin xaos həddinə çatdırılmasında, qanuni hakimiyyətə qarşı etibarın öldürülməsində, vətəndaş müharibəsi həddinə çatdırılmasında, ölkənin parçalanmasında maraqlıdırlar.

Bu azmış kimi, terrora qarşı mübarizədə dəstək almaq əvəzinə Türkiyə mütəmadi olaraq Qərbin, eləcə də üzvü olduğu NATO və uzun illərdir qapısını döydüyü Avropa Birliyinin, o cümlədən Avropa Parlamentinin siyasi təzyiqlərinə məruz qalır.

Son 1 ildə Türkiyədə törədilən terror aktları

– 12 yanvar 2016-cı il. İstanbulda partlayış. Terrorçular Sultanahmet meydanında partlayış törədiblər. Nəticədə 10 nəfər ölüb, 15 nəfər yaralanıb.

– 17 fevral 2016-cı il. Ankarada partlayıcı dolu avtomobil Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının şəxsi heyətini daşıyan avtobusun yanında partladıldı. Nəticədə 28 nəfər öldü, 60-dan çox insan yaralandı.

– 28 iyun 2016-cı il. İstanbul Atatürk hava limanında terror aktı. Nəticədə 45 nəfər öldü, 239 nəfər yaralandı. Terminalda iki partlayış oldu və avtomobil duracağında insanlara atəş açıldı.

– 15 iyul 2016-cı il. Türkiyədə dövlət çevrilişi cəhdi. Ölkədə ümumən baş verən qanlı hadisələrdə 161 nəfər ölü, 154 nəfər yaralanıb.

– 20 avqust 2016-cı il. Qaziantepdə toy mərasimində partlayış. Ən azı 30 nəfər öldü, 94 nəfər yaralandı.

– 10 dekabr 2016-cı il. İstanbulun Beşiktaş məhəlləsində eyniadlı futbol klubunun stadionunun qarşısında partlayış. Nəticədə 36-sı polis olmaqla 50 nəfər öldü, 166 nəfər yaralandı.

– 19 dekabr 2016-cı il. Ankarada Müasir incəsənət qalereyasında Rusiyanın türkiyədəki səfiri Andrey Karlov həyasızcasına qətlə yetirildi.

– 1 yanvar 2017-ci il. İstanbulun “Reina” gecə klubunda yeni il şənliyini qeyd edən insanlara atəş açıldı. Nəticədə 39 nəfər öldü, 69 nəfər yaralandı.

– 5 yanvar 2017-ci il. İzmir şəhərində Ədliyyə binası qarşısında törədilən terror aktı nəticəsində 2 nəfər ölüb, 10 nəfər xəsarət alıb.

Səbəblər, məqsədlər

Yuxarıdakı siyahıya daha öncə, yəni 2015-ci ilin noyabrında Suriya ilə sərhəddə Rusiya təyyarəsinin qəsdən vurularaq iki ölkə arasında münasibətlərin nəinki korlanması, hətta gərginləşməsinə gətirib çıxarmış hadisəni və bunun FETÖ tərəfindən planlaşdırıldığının üzə çıxmasını də əlavə etsək, görərik ki, artıq xeyli vaxtdır ki, Türkiyənin başının üstünü qara buludlar alıb. Çoxları məsələnin kökündə, bütün bu hadisələrin baş verməsi səbəbinin də məhz Türkiyənin Suriya siyasəti, onun daha sonra Rusiya və İranla yaxınlaşması məsələlərinin durduğunu düşünürlər.

Terrorun qarşısında aciz qalan Türkiyənin çıxış yolu nədir?

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan terrorçuların məqsədinin məhz ölkədə qarışıqlıq yaratmaq olduğunu deyib. Onun fikrincə, bu terror aktları regiondakı vəziyyətlə əlaqədardır:

“Onlar xaos yaratmaq, xalqımızı mənəvi cəhətdən sarsıtmaq və dinc əhaliyə qarşı öz mənfur hücumları ilə ölkəmizdə stabilliyi pozmağa çalışırlar. Əminəm ki, türk xalqı soyuqqanlığını və birliyini qoruyaraq terrorçuların hiyləsinə uymayacaq və onların planlarını pozacaq”.

Qısası, Türkiyədə törədilən terror aktlarının və çevriliş cəhdlərinin məqsədi konkret olaraq bu dövləti çökdürmək, dövlətçiliyini zəiflətmək və əhalidə mövcud hakimiyyətə qarşı olan inamı sındırmaqdan ibarətdir. Hətta Türkiyəni ikinci Suiya və İraqa döndərmək planlarının olduğundan da bəhs edilir.

Türkiyəni yıxmağa çalışanlar kimlərdir?

Açıq-aydın görünür ki, Türkiyənin qarışması təkcə terror təşkilatları deyil, bəzi ölkələrin xüsusi xidmət orqanlarının da marağındadır.

Təhlükəsizlik məsələləri üzrə ekspertlərin və politoloqların bir çoxlarının fikrincə, sifarişçilərin planı məhz Türkiyə dövlətini məhv etməkdir.

FETÖ-nün, PKK və PYD-nin, eləcə də İŞİD-in Türkiyəyə qarşı təxminən eyni vaxtda və eyni üsullarla mübarizələrini gücləndirmələri, müxtəlif vasitələrdən istifadə etməklə eyni yolla zərbə vurmağa çalışmaları bu terror təşkilatlarının vahid mərkəzdən idarə olunduğunu söyləməyə əsas verir.

Bundan başqa, görünür, Türkiyənin Rusiya və İranla yaxınlaşması da Qərbdəki bir sıra dairələri və güc mərkəzlərini ciddi narahat edir. Ona görə də Türkiyənin başına gələn son bəlaların səbəbinin məhz bu yaxınlaşmanın, onun suveren siyasət yeritməyə çalışmasının olduğu deyilir.

“Türkiyədə törədilən terror aktları vahid mərkəzdən idarə olunur”

Qeyd edək ki, Türkiyə rəsmiləri ötən ilin iyulun 15-də dövlət çevrilişi cəhdinin arxasında FETÖ-nün dayandığını deyirlər. Bəziləri isə Fətullah Gülənin uzun illərdir Türkiyənin hüquq-mühafizə orqanlarının təqibindən qaçaraq ABŞ-da məskunlaşdığını əsas gətirib, FETÖ-nün ABŞ tərəfindən dəstəkləndiyini bildirirlər.

Qarşısına müstəqil kürd dövləti yaratmağı məqsəd qoymuş PKK isə artıq uzun illərdir ki, Türkiyənin ərazisində çoxsaylı, xüsusilə də hərbçilərə və hüquq-mühafizə orqanlarına qarşı terror aktları törədir. ABŞ-ın rəhbərlik etdiyi antiterror koalisiyasının Suriya və İraqda başladığı əməliyyatlardan sonra bəzi məqamlarda amerikanların PKK ilə əlbir olduğu üzə çıxdı.

Son zamanlar Türkiyə də daxil olmaqla Avropada terror dalğası həyata keçirən “İŞİD”ə gəlincə isə, bir çox ekspertlər onun süni şəkildə, İsrail və ABŞ tərəfindən yaradıldığını iddia edirlər.

Maraqlısı ondadır ki, hətta ABŞ-ın yeni prezidenti seçilmiş Donald Tramp da İŞİD-in yaradılmasında Obama adminstrasiyasının əlinin olduğunu demişdi…

Türkiyə ilə ABŞ arasında gərginlik artır

Bir şeyi də xatırlatmaq yerinə düşər ki, bəlli olub ki, ABŞ-ın xüsusi xidmət orqanları Türkiyədə törədilən terror aktlarından həmişə bir neçə gün əvvəlcədən xəbər tutur və bu barədə Türkiyə hökumətini və bu ölkədə olan Amerika vətəndaşlarını xəbərdar edirmişlər.

Ümumiyyətlə, Türkiyədə hadisələrin gedişinə nəzər yetirdikdə onlar bir müddət əvvəl ərəb ölkələrində – Liviya, Misir, Tunisdə “ərəb baharı” adı altında baş vermiş hadisələri xatırladır. O zaman da proseslərin arxasında Qərbin, daha dəqiq ifadə etsək, məhz ABŞ-ın durduğu iddia edilirdi.

Bəziləri hesab edir ki, Donald Trampın prezidentliyi ilə ABŞ-ın qlobalist adminstrasiyası son günlərini yaşayır. Buna baxmayaraq, qlobalistlər dünyanın bir sıra qeyri-stabil nöqtələrinə, o cümlədən Türkiyəyə destruktiv təsir göstərmək istəyirlər.

Təsadüfi deyil ki, son zamanlar Türkiyədə ABŞ-a qarşı ciddi şəkildə əks fikirlər səslənir. Dollardan imtina və ABŞ-ın bu regiondakı ən böyük hərbi bazası sayılan “İncirliy”in bağlanması məsələləri də əbəs yerə gündəmə gəlməyib.

Yeri gəlmişkən, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Adana əyalətindəki “İncirlik” hərbi bazasının bağlanmasının gündəmdə olmadığını deyib. Onun sözlərinə görə, NATO çərçivəsində əldə edilmiş razılığa görə, “İncirlik”də ABŞ-la yanaşı digər müttəfiq dövlətlərin Hərbi Hava Qüvvələri də yerləşir və Ankara “İslam Dövləti” terror təşkilatına qarşı mübarizədə iştirak edən digər dövlətlərə də bazadan istifadə etməyə icazə verib.

Lakin Çavuşoğlu dipolomatikcəsinə işarə edərək onu da deyib ki, “İncirlik”dən “İslam Dövləti”nə qarşı mübarizə adı ilə istifadə edən, lakin faktiki heç bir şey etməyən dövlətlərə bu bazada yer yoxdur:

“Son zamanlar beynəlxalq koalisiya Türkiyəyə terorçularla mübarizədəki səylərində dəstək vermir. əgər bu koalisiya “İslam Dövləti” ilə mübarizə məqsədi ilə yaradılıbsa, onda niyə Ankara tərəfdaşlarından lazımi dəstəyi almır? Tam təbiidir ki, Türkiyə ictimaiyyəti, bunları görərək sual edir: Əgər müttəfiqləti türkiyəyə yardım etmirlərsə, o zaman niyə ümumiyyətlə “İncirlik”dən istifadə edirlər?”

Bundan əvvəl Türkiyənin baş nazirinin müavini Veysi Kaynak bəyan etmişdi ki, Ankara “İncirlik” bazasında ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin iştirakını sual altında qoyub.

Türkiyəyə gizli dəstək

Əldə etdiyimiz məlumatlara görə, Türkiyə-Rusiya münasibətlərinin qaydaya düşməsindən sonra iki ölkənin xüsusi xidmət orqanları arasında da əməkdaşlıq güclənməyə başlayıb. Tərəflər xüsusilə də terrorla mübarizədə səylərinin birləşdirilməsinə çalışırlar.

Bu arada Türkiyəyə ən böyük antiterror dəstəyini Böyük Britaniya təklif edib. Milli.Az-ın əldə etdiyi eksklüziv məlumatlara görə, Böyük Britaniyanın Mi-6 kəşfiyyat xidməti Türkiyəni çulğalamış terror aktlarından öncədən xəbər tutulması və onların qarşısının alınmasında lazım olan köməyi etməyə hazırdır. Məhz bu məqsədlə, Mi-6-nın yüksək vəzifəli 5 əməkdaşı Türkiyəyə gələrək bu məsələni hökumətlə müzakirə ediblər.

Maraqlıdır ki, faktları təhlil etdikdə görmək olur ki, Türkiyədə ən azından son 6 ayda baş verən terror aktları zamanı bir sıra ölkələrin vətəndaşları ölüb və ya xəsarət alsa da, onların arasında bircə nəfər də Böyük Britaniya vətəndaşı olmayıb…

“Niyə məhz Böyük Britaniya?” sualına gəlincə, bu, artıq başqa məqalənin mövzusudur…(Milli.az)