Politoloq: “Türkiyənin ABŞ-a YPG-PYD-yə toxunmamaq təminatı verməsi absurd olardı” – VİDEO

“YPG-PYD Türkiyənin milli maraqlarına və sərhədlərinin toxunulmazlığına birbaşa təhdiddir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Türkiyə ilə ABŞ-ın Suriya böhranının nizamlanmasında mümkün əməkdaşlığını əngəlləyən amillərin qabarmasını şərh edən politoloq Vüqar Zifəroğlu deyib.

Vüqar Zifəroğlunun sözlərinə görə, Yaxın Şərqdəki böhranlı vəziyyətlərin Türkiyənin iştirakı olmadan çözülməsi mümkün deyil:
“Həqiqətən də, Türkiyənin Yaxın Şərqdə əsrlərlə davam etmiş idarəçilik təcrübəsi var. ABŞ isə Yaxın Şərqə ötən əsrin 60-70-ci illərində addım-addım, çətinliklə girməyə başladı. Bu müdaxilə regionda çoxsaylı müharibələrə, İranda İslam İnqilabına və davamlı gərginliklərə səbəb oldu.

Lakin ABŞ-dan fərqli olaraq, Türkiyənin Yaxın Şərqlə bağlı Osmanlı İmperiyasından qalan ciddi təcrübəsi var. Yəni Türkiyə o bölgəni yaxşı tanıyır, oradakı etnik və dini incəlikləri bilir. O mənada, Yaxın Şərqdəki böhranlı vəziyyətlərin Türkiyənin iştirakı olmadan çözülməsi imkansızdır. Yəni bölgədə müəyyən mövqe tutmağa çalışan hər hansı dövlətin məhz Türkiyə ilə əməkdaşlığı mühüm şərtdir.

Qeyd edim ki, Moskva-Tehran-Ankara üçbucağı da elə-belə yaranmayıb. Düzdür, bu üçlüyün yaranmasında xarici amillərin təsiri ciddi olub. Amma həm Moskva, həm də Tehran başa düşür ki, Yaxın Şərqdə Türkiyəsiz keçinmək mümkün deyil.

O ki qaldı, ABŞ-ın Türkiyə qarşısında terrorçu YPG-PYD ilə bağlı irəli sürdüyü şərtlərə, burada bir nüansı nəzərə almaq lazımdır. Mən əvvəlki açıqlamamda qeyd etmişdim ki, ABŞ-ın öz hərbi kontingentini Suriyadan tam olaraq çıxarması, oradakı maraqlarından imtina etməsi gözlənilmir. Belə bir durum yoxdur.

Bəli, ABŞ-ın Suriyadakı təbii müttəfiqləri arasında YPG-PYD kimi terrorçu qruplaşmalar da var. Vaşinqtonun həmin qruplaşmalarla bağlı qarantiyanı məhz Ankaradan istəməsi təbiidir. Çünki Suriyada terrorçu birləşmələrə qarşı əsas hərbi əməliyyatları məhz Türkiyə aparır. Burada “Fərat qalxanı”, “Zeytun budağı” əməliyyatlarını və hazırda Mənbic ətrafında müəyyən hərbi fəallığın artmasını misal göstərə bilərik.

Ancaq Türkiyə ABŞ-a onun istədiyi qarantiyanı verəcəkmi? Bu, artıq şübhəlidir. Niyə? Çünki YPG-PYD Türkiyənin milli maraqlarına və sərhədlərinin toxunulmazlığına birbaşa təhdiddir. Eyni zamanda, unutmayaq ki, Türkiyə tək YPG-PYD-yə deyil, Suriyadakı bütün terrorçu qruplaşmalara qarşı mübarizə aparır. Bu mənada Türkiyənin o terror təşkilatlarına toxunmamaqla bağlı ABŞ-a hər hansı qarantiya verməsi, məncə, absurd olardı”.

A.Zeynalov