“Hazırkı əməliyyat PKK/YPG qruplaşmasının İstanbulun mərkəzində – “İstiqlal” prospektində törətdiyi partlayışa tutarlı cavabdır”.
Yenicag.az xəbər verir ki, bu fikirləri Türkiyənin Suriya və İraqın şimalında həyata keçirdiyi antiterror əməliyyatları haqqında fikirlərini bölüşən politoloq Elxan Şahinoğlu qeyd edib.
Politoloq sözügedən əməliyyatın gözlənilən olduğunu vurğulayıb:
“Terrorçulara məxsus sığınacaqlar, bunkerlər, mağaralar, tunellər və anbarlar dağıdılıb. Əlbəttə, Türkiyə il ərzində qurudan və havadan İraq və Suriyadakı PKK/YPG terrorçularına qarşı müxtəlif hərbi əməliyyatlar keçirib. Ancaq budəfəki əməliyyat bir az fərqli idi. Hazırkı əməliyyat PKK/YPG qruplaşmasının İstanbulun mərkəzində – “İstiqlal” prospektində törətdiyi partlayışa tutarlı cavabdır. ABŞ və Avropa ölkələrindən hər hansı birinin Türkiyənin hava zərbələrinə mümkün etirazı olsa da, bunu açıq deyə bilməyəcək. Çünki sözdə “İstiqlal” prospektindəki terroru pisləyiblər, partlayışın arxasında isə PKK/YPG qruplaşmasının dayandığı sübut olunub”.