!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyənin AŞPA-dakı nümayəndə heyətinin üzvü: "Avropa yanlış mövqeyini dəyişməsə, yolumuza onlarsız davam edərik"...

!Reklam – Yazi

Ədalət və İnkişaf Partiyası Konya millət vəkili Leyla Şahin Usta Yeniçağ.Az-a danışdı.

– Türkiyə 16 apreldə xüsusilə rəhmətlik Özaldan sonra gündəmə gələn, ancaq indiyədək həyata keçirilməyən prezident idarə üsuluna keçidlə bağlı Konstitusiya dəyişikliklərinə dair referendum keçirtdi. Bunu necə qiymətləndirirsiniz?

– 16 apreldə uğurla həyata keçirtdiyimiz Konstitusiya dəyişikliyi referendumu Türkiyənin daxili siyasətindən qaynaqlanan tələblər idi və indiyə qədər bir çox liderin xəyalında olan, ancaq gerçəkləşməyən bir ümumxalq səsverməsi idi. Ölkəmizin idarəetmə sistemini daha dinamik vəziyyətə gətirmək üçün atılan ilk addım cənab prezidentimiz Rəcəb Tayyip Ərdoğanın güclü liderliyi və iradəsi ilə mümkün oldu. Bu, gözəl bir uğur idi. Yeni sistemin ilk addımı 16 apreldə atıldıqdan sonra prezidentimiz qurucusu olduğu, ilk seçkidə iqtidara gətirdiyi və iştirak etdiyi bütün seçkilərdə qalib etdiyi AK partiyaya üzv oldu. 21 mayda isə prezident özünün yaratdığı partiyaya yenidən liderlik etməyə başlayacaq. Əslində onun könlü AKP-dən heç bir vaxt qopmayıb. Rəsmi olaraq bir müddət bizdən uzaq olsa da, könlü həmişə bizimləydi. Bəzən prezidentimizin partiya mənsubiyyətini tənqid edirlər, prezidentin tərəfsizlik qaydasına tabe olmadığını iddia edirlər. Ancaq bu iddialar tamamilə yanlışdır, prezidentin partiya mənsubiyyəti Türkiyənin xeyrinədir. 2019-cu ildə keçiriləcək prezident seçkilərində hər bir partiya öz namizədini irəli sürəcək. O zaman millətin hər bir namizədi tanıması və siyasi keçmişini bilməsi lazım gələcək. Mövcud sistemdə baş nazirin də partiya mənsubiyyəti var, ancaq o bütün ölkənin baş naziridir. Xalqın səlahiyyət verdiyi prezidentin arxasında xalqın dəstək verdiyi partiyanın olmasından təbii heç nə yoxdur. 2019-cu il seçkidən sonra qüvvəyə minəcək yeni sistemdə prezidentin həm səlahiyyəti, həm siyasi məsulliyyəti olacaq, buna görə də prezidentin siyasi partiya lideri olması təbiidir. Yeni sistem Türkiyəyə qısa müddət ərzində böyük məsafələr qət etməyə imkan yaradacaq.

– Cənab Ərdoğanın liderliyi Qərbdə və Rusiya kimi iri ölkələrdə böyük əhəmiyyətə malikdir və “Ərdoğanın liderlik etdiyi Türkiyə ilə yaxşı əlaqələr içində olma” prinsipi təlqin edilməkdədir. Yeni idarəetmə forması və güclü lider formulunun Qərbin nəzərində Türkiyə üçün üstünlüyünü izah edə bilərsinizmi?

– Biz 15 iyulda FETÖ-nun xain çevriliş cəhdi ilə qarşı-qarşıya qalsaq da cənab prezidentin vaxtında verdiyi dəqiq qərarlar və millətimizin öz seçdiyi iqtidarı dəstəkləməsi nəticəsində o xəyanətin qarşısını aldıq. Qərb ölkələri bu regionda Türkiyəsiz heç nə edə bilməyəcəklərini başa düşürlər, ancaq bir tərəfdən də Türkiyəyə əngəl olmağa çalışırlar. Onlar Türkiyənin hər bir addımına nəzarət etmək istəyirlər. AŞPA-nın 26 apreldə Türkiyə əleyhinə verdiyi qərara baxın. Biz o qərarı tanımadığımızı söylədik və rədd etdik. Avropa bizdəki fövqəladə vəziyyəti tənqid edərkən və ləğv edilməsini istəyərkən Fransada eyni şərtlərdə seçki keçirilməsinə səslərini çıxartmırlar. Biz fövqəladə vəziyyətdə PKK\PYD terroruna, DAEŞ terroruna qarşı mübarizə apararaq uğur qazanırıq, güclənirik. Ancaq onlar bizim güclənməyimizi istəmirlər. Biz bu vəziyyəti qəbul edə bilmərik. Yüksək səlahiyyətli şəxslərin açıqlamalarına fikir verərək, Avropanın vəziyyəti anlamağa başladığını görürük. Yeni müzakirə istiqamətlərinin açılmasını gözləyirik, bunu etməzlərsə, biz öz ölkəmizin və millətimizin maraqları naminə demokratiyamızı daha da dərinləşdirərək yolumuza Avropasız davam edərik.

– Onsuz da 18 noyabr 2002-ci ildə AKP cənab Abdullah Gülün başçılığı ilə höküməti qurar-qurmaz ilk addım olaraq Aİ-yə daimi üzvlük müzakirələrinin başladılması üçün ərizə verildi. O zaman qadağan olunmasına baxmayaraq, cənab Ərdoğan və Gül, Aİ zirvəsində üzvlük müzakirələrinin başlamasını tələb etmişdilər. “Kopenhagen kriteriyaları olmazsa, yolumuza Ankara kriteriyaları ilə davam edərik”- prinsipi sizin üçün qüvvədədirmi?

– Biz gücümüzü seçki yoluyla millətimizdən aldığımız üçün hər şeyi millətimizin yaxşılığına, rifahına, vətəndaşlarımıza daha çox hüquq verilməsinə görə edirik. Türkiyəyə qarşı edilən haqsızlıqlar və ikili standartların davam edəcəyi təqdirdə biz öz demokratiyamızı dərinləşdirərək yolumuza davam etməyə qərarlıyıq. Milli iradə bizdən nəyi tələb edirsə, biz o addımları tərəddüdsüz şəkildə həyata keçirəcəyik. Avropaya bizim demokratiyamızın heç də onlardan əksik olmadığını göstərəcəyik. AŞPA-nın da, Aİ qurumlarının da bütün bunları yaxşı dəyərləndirəcəklərini və Türkiyə ilə bağlı verdikləri qərarlara yenidən baxacaqlarına ümid edirik. Qarşılıqlı maraqlar da bunu tələb edir. Bizim üçün hər şeydən vacibi- ölkəmizdə vətəndaşlarımızın yaxşı yaşamasıdır.

Yeniçağ.Az

www.yenicag.az

643
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv