Türkiyənin atacağı ADDIM, Rusiya üçün gözlənilən TƏHDİD: “İsveçin NATO-ya üzv olması…” – ŞƏRH

“İsveçdə NATO kontingetinin olması və rəsmi Stokholmun NATO-ya üzv olmaq istəməsi Rusiya üçün təhdiddir”.

Bu sözləri Finlandiyanın NATO üzvü olmasından sonra ABŞ Prezidenti Co Baydenin Türkiyə və Macarıstandan İsveçin də Alyansa üzv olması üçün addım atmasını istəməsinə, Rusiyanın hazırkı vəziyyətdə ata biləcəyi addımlara toxunan politoloq İlyas Hüseynov Yenicag.az-a açıqlamasında deyib.

İlyas Hüseynov bildirib ki, Finlandiyaya nisbətən İsveçin NATO-ya üzv olması asan olmayacaq:

“Ukrayna-Rusiya müharibəsi fonunda NATO öz maraqlarını güdür və bu maraqların təmin olunması üçün əlindən gələni edir. Eyni zamanda görürük ki, Rusiya sərhədlərində NATO üzvlərinin sayının artırılması istiqamətində iş gedir.

Müharibə başlayandan bir qədər sonra İsveç və Finlandiyanın NATO-ya üzv edilməsi üçün çağırış edildi. Türkiyənin isə bu məsələdə öz maraqları var. Türkiyə kürd qruplaşmasına dəstək verilməsi, onların gizlədilməsi, maliyyə və texniki yardımların edilməsi fonunda öz tələblərini irəli sürdü. Finlandiya artıq NATO üzvüdür.

NATO baş katibi bildirdi ki, Rusiya tələblər irəli sürürdü, ancaq bunun founda NATO daha da genişlənir. Baş verənlər müharibənin nəticəsidir. Buradan Qərb daha qazanclı çıxır kimi görünür. Ancaq istənilən halda İsveçin asanlıqla NATO üzvlüyünə qəbul olunması baş verməyəcək. Çünki NATO-da ikinci gücə malik olan Türkiyə hələ istədiyini İsveçdən ala bilməyib. Belə olan halda rəsmi Ankara İsveçlə bağlı müsbət addım atmayacaq.

Finlandiya İkinci Dünya Müharibəsi zamanı Rusiya ilə ziddiyətlərin, kəskin münasibətlərin, hətta hərbi əməliyyatların həyata keçirildiyi bir ölkə olub. Rusiya Çar imperiyası zamanı həyata keçirdiyi istilalar səbəbindən İsveçi də öz ərazisi kimi görür. İstənilən halda İsveçdə NATO kontingetinin olması və rəsmi Stokholmun NATO-ya üzv olmaq istəməsi Rusiya üçün təhdiddir. Rusiya da öz tərəfdaşlarını ətrafına yığmaq üçün doktirinasını yeniləyir. Artıq Finlandiya NATO üzvüdür və bununla bağlı Rusiya heç bir təşəbbüs edə bilməz”.

Səxavət Məmməd