!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyənin Azərbaycanda qurdurduğu fakültə bağlanır - “İlahiyyat”a qəbul dayandırıldı (?)

!Reklam – Yazi

Türkiyə Respublikasının Azərbaycanda yaratdığı təhsil ocağı gərgin günlərini yaşayır. Yenicag.az-a daxil olan məlumata görə, Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsi bağlanır. Belə ki, bu il BDU rektorunun Təhsil Nazirliyinə müraciəti əsasında bu fakültəyə tələbə qəbulu dayandırılır.

25 il öncə BDU ilə Türkiyənin Diyanət Vəqfi arasında bağlanan müqavilə əsasında təsis edilən fakültə ötən müddət ərzində yüksək ixtisaslı islamşünas kadrlar yetişdirmək sahəsində bir nömrəli təhsil ocağı sayılır.

Bu günə qədər 11 buraxılışı olan fakültə hazırda hamısı Azərbaycan vətəndaşları olan və burada təhsil almış şəxslər tərəfindən idarə olunur.

Ancaq ötən ildən etibarən fakültə ətrafında məqsədli olaraq, möhtəkirlik yaradılmaqdadır və görünən odur ki, bütün bunlar “İlahiyyat”ın bağlanılması üçün zəmin yaratmaq rolunu oynamaq üçün ortaya atılıb.

Yenicag.az-a daxil olan məlumatda bildirilir ki, BDU rektoru Abel Məhərrəmovun imzası ilə Təhsil Nazirliyinə ünvanlanan məktubda fakültəyə qəbulun dayandırılması xahiş olunub. Rektorun məktubunu müsbət cavablandıran TN İlahiyyat Fakültəsi ilə bağlı qərarını verib. Belə ki, builki tələbələr bu ixtisası seçməkdən məhrum olacaqlar.

Yuxarıda da qeyd etdiyimiz kimi bu fakültə Türkiyə Dövləti tərəfindən Azərbaycanın müstəqilliyinin ilk dönəmində qurulan və qardaş ölkənin uzun illərdən bəri Azərbaycanın məhz öz milli dini kadrlarının yetişməsi üçün yardım etdiyi fakültədir.

Quranın tərcüməçisi, dünyaşöhrətli alim Vasim Məmmədəliyevin yarandığı gündən dekanı olduğu fakültə Türkiyə-Azərbaycan əlaqələrində mühüm yer tutur. Bunun bariz nümunəsi kimi Türkiyənin Azərbaycandakı bütün diplomatlarının zaman-zaman fakültəni ziyarət etmələrini göstərmək olar. Ən son olaraq, may ayının 15-də Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralın BDU-nun İlahiyyat fakültəsini ziyarət etməsini göstərmək olar. Görüş zamanı səfir Erkan Özoral, öz növbəsində, fakültə ilə tanış olduğunu, yaradılan elmi mühitin, Türkiyə universitetləri ilə birgə layihələrin də hər iki ölkəyə müsbət təsir edəcəyinə əminliyini ifadə edib. Səfir bu sahədə planlaşdırılan layihələrin reallaşdırılması istiqamətində istənilən dəstəyə hazır olduğunu vurğulayıb.

Maraqlıdır ki, fakültənin fəaliyyətini davam etdirməsi və qəbulun dayandırılmaması üçün Türkiyə tərəfindən müntəzəm müraciətlər edilsə də, universitet rəhbərliyinin buna reaksiyasız qaldığı vurğulanır. Belə ki, Türkiyənin ən üst diplomatlarının bu mövzu ilə bağlı görüş istəkləri cavabsız qalıb.

Qeyd edək ki, bundan bir müddət öncə “İlahiyyat” məscidinin bağlanılması da gündəmə gəlmiş, türk və azərbaycanlı vətəndaşların etirazından sonra bu məsələdə geri addım atılmışdı. İndi isə eyniadlı fakültəyə qəbulun dayandırılması Azərbaycan ilə yanaşı Türkiyədə də ciddi narazılıq yaradacaq.

Məsələ ilə bağlı Yenicag.az saytına açıqlama verən BDU-nun mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova məlumatı təkzib etdi. İbrahimovanın Təhsil Nazirliyindən olan həmkarı Cəsarət Valehov da onda belə bir məlumatın olmadığını bildirməklə yanaşı, məsələni dəqiqləşdirmək üçün ona vaxt lazım olduğunu dedi.

Yenicag.az

www.yenicag.az

2195
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv