Türkiyənin cənubunda Suriya hərbi təyyarəsi qəzaya uğrayıb

Türkiyənin baş naziri Binəli Yıldırım ölkənin cənubundakı Hatay əyalətində Suriya Hərbi-Hava Qüvvələrinə məxsus döyüş təyyarəsinin qəzaya uğradığını təsdiqləyib.

Yeniçağ.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Türkiyənin axtarış-xilasetmə qurumlarının əməkdaşları artıq qəzaya uğramış təyyarənin qalıqlarını aşkarlayıblar. Təyyarənin göyərtəsində pilotun olmadığı qeyd edilir. Pilotun axtarışları davam etdirilir.

Qeyd edək ki, bundan əvvəl “Əhrar aş-Şam” qruplaşmasının silahlıları Suriyanın şimal-qərbində “MİQ-21” tipli təyyarə vurduqlarını bəyan ediblər. Pilotun katapultə olunaraq, Türkiyə ərazinə endiyi bildirilib.

Türkiyə tərəfi qəzaya uğrayan təyyarənin “MİQ-23” olduğunu bildirir.

“Əl Masdar” nəşri hərbi mənbəyə istinadən bildirib ki, Suriya hərbi komandanlığı İdlib əyalətində aşağı hündürlükdən uçan Hərbi-Hava Qüvvələrinə məxsus döyüş təyyarəsi ilə əlaqəni itirib.

Lakin mənbə, terrorçuların iddiasını rədd edərək, təyyarənin texniki nasazlıq səbəbindən qəzaya uğradığını qeyd edib. Pilot katapultə olunaraq, Türkiyə ərazinə enməyə müvəffəq olub.

Yeniçağ.Az

COP29