“Türkiyə Cümhuriyyəti hüquqi dövlətdir. Konstitusiyamızın 9-cu maddəsi aydındır. Qanunun aliliyi vacibdir. Qanun qarşısında hamı bərabərdir. Heç kimə xüsusi imtiyaz verilə bilməz. Məhkəmələr müstəqildir”.
Yenicag.az xəbər verir ki, bunu Türkiyənin Ədliyyə naziri Yılmaz Tunç deyib.
Nazir İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun saxlanılmasına münasibət bildirib: “İstintaqın məzmunu ilə bağlı məlumat verilmədən lehinə və ya əleyhinə ön mühakimə yürütmək doğru deyil. Günahsızlıq prezumpsiyası vacibdir. Türk məhkəməsinə etibar etmək lazımdır. Ədaləti axtarmağın yolları genişdir. Veriləcək qərara hörmətlə yanaşmaq ortaq məsuliyyətimizdir.
Terror cinayətləri bürosunun apardığı istintaqda, İtanbul Bələdiyyə Başçısı da daxil olmaqla 7 nəfər haqqında saxlanılma qərarı var. Başlanmış başqa bir araşdırma isə Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Bürosu tərəfindən aparılır. Bu çərçivədə, İmamoğlu da daxil olmaqla, 100 şübhəli haqqında saxlanılma çıxarılıb. Şübhəlilərin rüşvət və saxtakarlıq cinayətləri törətdikləri iddia edilir.
Bunu çevriliş kimi ittihamlarla xarakterizə etmək düzgün deyil. Küçəyə çıxmaq çağırışları edərək açıqlama vermək yolverilməzdir. Hüquq dövlətində cinayətin törədildiyi iddiası varsa, müdafiə olunacağı yer küçələr deyil, məhkəmə orqanlarıdır. Cinayətin törədilməsinə dair sübutlar olduqda, araşdırma səlahiyyətli məhkəmə orqanları tərəfindən aparılır. Ədliyyə orqanlarının başlatdığı araşdırmaları, işləri prezidentimizlə əlaqələndirmək hədsizlikdir”./unikal