!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyənin ən iri büdcəli filmi təqdim olundu - Rüstəmxanlı baş rolda/ FOTOLAR

!Reklam – Yazi

Dünən İstanbulda azərbaycanlı aktyor Namiq Rüstəmxanlının çəkildiyi “Deliler Fatih’in Fermanı” filminin qala gecəsi baş tutub.

Yenicag.az xəbər verir ki, filmin baş rol ifaçısı Cem Uçan təqdimat mərasimində çıxış edərək Azərbaycanın Xalq şairi Sabir Rüstəmxanlı, onun həyat yoldaşı Tənzilə Rüstəmxanlı və cütlüyün oğlu Cəmil Rüstəmxanlıya təşəkkür edib. Bildirib ki, Rüstəmxanlı ailəsinin filmin ərsəyə gəlməsində böyük rolu olub.

Uçan filmin çəkilişlərinə bir il hazırlaşdıqlarını xüsusi qeyd edib: “Dörd ay ərzində aktyor həmkarlarımızla peşəkar bir komandadan döyüş dərsi aldıq. İstər fiziki, istərsə də zehni və duyğusal baxımdan böyük əziyyət çəkmişik. Filmdə bir çox aktyorlar zədə aldı. Mən üç dəfə atdan yıxıldım. Amma bunlar bizi heç vaxt qorxutmadı”.

Aktyor “Dəlilər”in dünya standartlarında çəkildiyini deyib: “Necə deyərlər, qan, tər və göz yaşıyla çəkdik. Filmdə tanınmış aktyorlar rol alıb. Bu günə qədər film bizim idi. Bu gündən etibarən o Türkiyədəki 80 milyon dəlinin filmi olacaq”.

Filmdə “Mübariz” obrazına can verən azərbaycanlı aktyor Namiq Rüstəmxanlı da qala gecəsində çıxış edib. Bildirib ki, əslində bu, sadəcə tarixi izah edən bir film deyil: “Bu, günümüzün də filmidir. Çünki izləyərkən də görəcəksiniz ki, Trabzonda şəhid olan Erenimiz (Eren Bülbülü nəzərdə tutur – red.), Qarabağda şəhid olmuş Mübariz İbrahimov kimi insanları filmdə canlandırmışıq. Sadəcə Türkiyə tarixi təsvir olunmayıb. Ana, atasını, bütün qohumlarını və yaxınlarını gözləri qarşısında itirən və “Sizi Allaha şikayət edəcəyəm” deyən suriyalı bir uşağın xatirəsi də təsvir olunub”.

Rejissorluğunu Osman Kayanın etdiyi filmin ssenarisini Mustafa Burak Doğu və İbrahim Ethem Arslan qələmə alıb. Filmdə həmçinin Kamil Gülər, Batın Uçan, Serhat Şahin, Mehmet Ali Karakuş, Mehmet Pala, Hakan Yufkacıgil, Berat Efe Parlar, Rüzgar Aksoy, Gökçe Özyol, Demet Tubncer və başqaları rol alıb.

Qeyd edək ki, Türkiyədə “Angel Yapım” şirkətinin istehsalı ilə Osmanlı İmperiyasının dünyanı titrədən ordusunun, ən öndə gedən mərd döyüşçülərinin qəhrəmanlıqlarından bəhs edən “Dəlilər” filmi 20 milyon TL-yə başa gəlib. İddia edilir ki, ekran işi “Game of Thrones” və “Vikings” kimi layihələrlə rəqabət aparacaq.

Möhtəşəm səhnələrin yer aldığı və təsirli ssenarisi olan film 15-ci əsrdə Fateh Sultan Mehmetin Eflak Voyvodalığına təyin etdiyi Vlad Tepeşin xalqa etdiyi zülmdən danışır. Tepeş vəzifəsinin ilk illərində Osmanlıya sadiq qalsa da, sonralar əhaliyə qarşı dəhşətli qəddarlıqlar etməyə başlayır. Fatih Sultan Mehmet isə dinindən və millətindən asılı olmayaraq, insanlara edilən bu zülmə səssiz qalmır. Fatih Sultan əvvəlcə Vlad Tepeşə elçisiylə xəbərdarlıq yollayır. Vlad elçinin sarığısını başına mismarlayıb İstanbula göndərəndə Osmanlı sultanın səbri daşır və onun cinayətlərinə son qoymağa qərar verir.

Fatih bu zülmə tezliklə son vermək üçün Baba Sultana əmr verir. Baba Sultan “Dəlilər Birliyi” nin ən cəsur igidlərdən yeddisini Vladın hökm sürdüyü Targoviçdeye göndərir. Bu yeddi qəhrəman: Gökkurt, Aşkar, Mübariz, Çebi, Suskun, Kongar və Adsızdır./BakuPost/

 

 

 

 

www.yenicag.az

4258
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv