Türkiyənin gənclərdən ibarət nümayəndə heyəti səfərin sonuncu günündə Bakıda oldular

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Türkiyə Cümhuriyyətinin Gənclər və İdman Nazirliyinin dəstəyi, Şəmkir Gənclər Evi sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə “İki dövlət, tək millət gənclərlə əbədi” layihəsinin sonuncu günündə türk gənclərdən ibarət nümayəndə heyəti Bakı şəhərinə səfər edib.

Nümayəndə heyəti ilk olaraq Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş qəhrəman övladlarımızın dəfn olunduğu Şəhidlər xiyabanı və “Türk şəhidliyi” abidəsini ziyarət edib.

Türkiyəli gənclərdən ibarət  nümayəndə heyəti Aprel döyüşləri, 44 günlük Vətən müharibəsi və sentyabrın 12-dən 13-nə keçən gecə erməni təxribatlarının qarşısını alarkən canını qurban vermiş əsgər və zabitlərimizin də əziz xatirəsini yad edib, onların ruhuna dualar oxuyublar.

Ziyarət zamanı şəhidlərin məzarları üzərinə və abidə önünə tər güllər, əklillər qoyulub, ermənilərin ötən əsrdən indiyədək azərbaycanlılara qarşı törətdikləri terror və vandallıq aktlarından bəhs olunub. Qeyd edilib ki, xalqımız 100 il əvvəl olduğu kimi, bu gün də erməni terroru ilə üz-üzədir. Bildirilib ki, yüz il əvvəl də erməni vandalizminə, qəsbkarlığına qarşı mübarizə aparırdıq, bu gün də mənfur qonşuların təxribatlarının qarşısını almağa çalışırıq.

Səfər iştirakçıları qeyd ediblər ki, bu gün Türkiyə Cümhuriyyəti və gəncliyi qardaş Azərbaycanın hər zaman yanındadır. Gənclərimiz ölkə rəhbərlərinin ətrafında sıx birləşməli, ərazilərimizin əbədi təhlükəsizliyini təmin etmək istiqamətində atılan addımlara dəstək verməlidir.

Daha sonra iştirakçılar İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu, Hərbi Qənimətlər Parkı ərazisi və tarixi Qız qalasını ziyarət ediblər.

Nəzərinizə çatdıraq ki, türkiyəli gənclərdən ibarət nümayəndə heyətinin Azərbaycana səfəri bu gün başa çatıb.