Türkiyənin günlərdir danışdığı qadın “qışqırıq terapiyası”nın QURBANIDIR? – Psixoloqdan AÇIQLAMA

“Qışqırıq terapiyası” emosional gərginliyi azaltmaq, daxili stressi boşaltmaq və emosional rahatlıq əldə etmək üçün hisslərin ifadə edilməsinə əsaslanan terapiya növüdür”.

Bunu Yenicag.az-a açıqlamasında psixoloq Günel Kərimova qeyd edib.

O, son günlər Türkiyə gündəmini çalxalayan Ece Gürel hadisəsi ilə bağlı fikirlərini bölüşüb.

Xatırladaq ki, İstanbulun Belqrad meşəsində itkin düşən 36 yaşlı Ece Gürelin 4 gün sonra yaralı halda tapılaraq xəstəxanaya yerləşdirilməsi ilə bağlı yayılan xəbərlər son günlər Türkiyə gündəmini zəbt edib.

Uzun müddət soyuqda qalması səbəbindən hipotermiya keçirən Ece Gürelin vəfat etməsindən sonra isə sosial şəbəkələrin Türkiyə seqmentində qadının əri ilə birlikdə meşədə stressdən azad olmaq məqsədilə “qışqırıq terapiyası” tətbiq etməsi haqqında informasiyalar yayılmışdı.

Psixoloq isə sualımıza cavab olaraq söyləyib ki, bu terapiya daha çox meşə, dəniz kənarı və insanın psixoloji rahatlıq tapdığı yerlərdə həyata keçirilir:

“Müsbət və mənfi təsirləri var. Faydalarından danışsaq, qəzəb və aqressiyanı nəzarətdə saxlayır, dərin emosional yüklərdən qurtulmağa kömək olur. Amma davamlı olaraq tətbiq edilərsə, mənfi təsirlərlə də rastlaşa bilərik. Ona görə də bu terapiyanın daim psixoloq və psixiatr nəzarəti ilə həyata keçirilməsinin vacibdir”.

Leyla Fərzəliyeva