“Türkiyənin İraq türkmanlarına dəstəyi yetərli deyil” – Şəmsəddin Kuzəçi

“Türk dövlətləri arasında Türkiyə və Azərbaycandan başqa keç kimdən dəstək görmədik”.

Bu fikirləri Yenicag.az-a müsahibəsində İraq türkmanlarının vəziyyəti, o cümlədən Türkiyə ilə Azərbaycanın Kərkükdəki soydaşlara münasibətindən danışan Kərkük Mədəniyyət Mərkəzinin rəhbəri və “Kərkük” qəzetinin baş redaktoru Şəmsəddin Kuzəçi deyib.

Şəmsəddin Kuzəçi Kərkükün Türk dünyasından, ilk növbədə isə Türkiyə və Azərbaycandan daha çox dəstək gözlədiklərini vurğulayıb:
“Səddam Hüseynin dönəmində biz türkmanlar ana dilində təhsil ala bilmirdik, milli məktəblərimiz yox idi. Hazırda isə ana dilimizdə təhsil verən 350 məktəbimiz var.

Əvvəllər İraqın mərkəzi televiziyası ilə hər gün türk dilində cəmi 20 dəqiqəlik veriliş olurdu. İndi isə türkmanların 2 peyk televiziyası və 1 telekanal fəaliyyət göstərir. Səddamın vaxtında türk dilində cəmi 1 həftəlik qəzet nəşr olunurdu, o da ərəb əlifbası ilə…

Artıq Kərkükdə türk dilində 20-dən artıq qəzet-jurnal işıq üzü görür, 40-dan çox QHT işləyir. Bununla belə, İraqda sabitlik hələ bərqərar edilməyib, insanlar özlərinin təhlükəsizliyindən əmin deyillər. Hesab edirəm ki, Türkiyə Kərkükdəki soydaşlarını müdafiə etməlidir. Ümumiyyətlə, Türkiyə hazırda regionun sabitlik dayağıdır.

Təsəvvür edin ki, İraqda repressiya illərində minlərlə gənc türkmanı “Türkiyə casusu” və “MHP tərəfdarı” adı ilə güllələdilər. Türkman təəssübkeşlərindən Necat Koçak, Abdulla Əbdürrəhman, Rza Dəmirçi, Mahir Oktay və digərləri Səddam repressiyasının qurbanı oldu.

Türk dövlətləri arasında Türkiyə və Azərbaycandan başqa keç kimdən dəstək görmədik. Türkiyə müəyyən yardımlar etsə də, bu, yetərli deyil. Balığı yeməyi deyil, onu tutmağı, həmçinin televiziya heyəti qurmağı yox, televizor izləməyi təşviq edir.

Azərbaycana gəlincə, dövlətdən yardım görməsək də, xalq və qeyri-hökumət təşkilatları bizə hər zaman dəstək oldular. Qardaş ölkənin vətəndaş cəmiyyəti bizim problemləri öz məsələləri kimi qəbul edir. Lakin əlaqələrin, xüsusilə də mədəni əlaqələrin genişləndirilməsi çox vacibdir”.

Qafqaz Ömərov

COP29