!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Türkiyənin milli maraqları ilə NATO-nun strateji maraqlarının uzlaşdırılması yönündə bir qərar..." - ŞƏRH

!Reklam – Yazi

“Rusiyanın zəifləməsi, demokratikləşməsi bütün bölgənin, o cümlədən Türkiyənin və NATO-nun marağında olmalıdır. İndiki zamanda Finlandiya və İsveçin NATO-ya üzvlüyü Rusiya ətrafında həlqənin daralması anlamına gəlir və ümumi maraqlarımıza uyğundur”.

Bu fikirləri Finlandiya ilə İsveçin NATO-ya üzv olmaq üçün müraciət etməsi, Türkiyənin buna qarşı şərtlər irəli sürməsi və gərginliyin hansı nəticələr doğura biləcəyini şərh edən Haqq Ədalət Partiyası (HƏP) Məclisinin sədri Zəlimxan Məmmədli Yenicag.az-a açıqlamasında səsləndirib.

Zəlimxan Məmmədli bildirib ki, NATO-nun strateji maraqlarının həyata keçirilməsi üçün Türkiyənin milli maraqları təmin edilməlidir:

“Hər bir dövlətin gücü, nüfuzu onun milli maraqlarının toxunulmazlığı üzərində qurulmalıdır. Onurğa sütununu əyməklə başı dik saxlamaq olmur. Hazırda Türkiyənin milli dəyərlərini və mənafeyini qoruması haqqıdır. Türkiyə NATO-nun üzvüdürsə, hər birinə necədirsə, ona da eyni yanaşma olmalıdır. Türkiyə terror qrupları tərəfindən təhdid olunur. PKK İsveç və Finlandiya tərəfindən terror təşkilatı kimi tanınmalıdır. Onlar nəinki tanınmalıdır, onlara maliyyə yardımı olmamalıdır.

Türkiyənin təhlükəsizliyini təmin etmək üçün irəli sürdüyü şərtlər yerinə yetirilməlidir. Türkiyəyə hava hücumundan müdafiə sistemləri verilmədiyi üçün məcbur olub Rusiyadan aldı. Türkiyə F-35-in pulunu ödəyib, ancaq onu proqramdan çıxarıblar, pulunu belə geri qaytarmırlar. Türkiyənin indiki zamanda mövqeyini haqlı hesab edirəm. Mənə elə gəlir ki, diplomatik cəhdlər həllini tapacaq, Türkiyə Rusiyanın bölgə və türk dünyası üçün qorxu mənbəyi olduğunun fərqindədir.

Türkiyənin indiki mövqeyi doğrudur, ləyaqətlidir, ancaq arzu edərəm ki, bu anlaşılmazlıq aradan qalxsın. Türkiyənin milli maraqları ilə NATO-nun strateji maraqlarının uzlaşdırılması yönündə bir qərar meydana çıxsın. Diplomatik çabaların bu istiqamətdə yönəldiyini görürəm.

Partiya olaraq NATO-ya inteqrasiyanın tərəfdarıyıq. Eyni zamanda, Azərbaycanın milli maraqlarında bu gün avanqard olan Türkiyənin milli maraqlarının gözardı edilərək Qərbdən gələn bir mesajı ədalət kimi Türkiyəni ittiham etməyi doğru bilmirəm”.

Səxavət Məmməd

www.yenicag.az

419
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv