!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyənin “Milli valyuta ilə ödəşmək” təşəbbüsünə ekspertlərdən – Münasibət

!Reklam – Yazi

turkiye-dollarTürkiyənin enerji və təbii ehtiyatlar naziri Berat Albayrak ölkəsinin enerji sahəsində geniş əməkdaşlıq etdiyi ölkələrlə ticarəti milli valyutalarla aparacağını bildirib.

Yeniçağ.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Beart Albayrak bu barədə Böyük Millət Məclisinin (TBMM) plenar iclasındakı çıxışında deyib. B.Albayrak qeyd edib ki, son 14 ildə Türkiyə iqtisadiyyatı kimi ölkənin enerji sektoru da 3 dəfə böyüyüb. Onun sözlərinə görə, enerji sektorunda işlər ölkə iqtisadiyyatının inkişaf tempinə uyğun qurulub və sahənin genişləndirilməsi üçün lazımi tədbirlər görülür. Nazir əlavə edib ki, əsas məqsədləri minimum sərmayə ilə enerji istehsalının artımına nail olmaqdır: “2003-cü ilin əvvəlindən bu yana 75 milyard dollar sərmayə qoyuluşu sayəsində ölkənin elektrik enerjisi potensialı 32 min meqavatdan bu ilin sonuna 80 min meqavata qaldırılıb. Regionumuzdakı təlatümlərə baxmayaraq, ölkənin enerji ehtiyaclarını təhlükəsiz və az xərclə təmin etmək strategiyamızın əsasını təşkil edir. Bundan başqa, 13 milyon abunəçinin ildə 13 milyard kubmetr təbii qazla təmin olunması üçün də zəruri tədbirlər görülüb. Təkcə 2016-cı ildə bu sahəyə 600 milyon lirə sərmayə yatırılıb. TANAP son 10 ildə bu strategiyanın həyata keçirilməsinə vasitə olmuş ən mühüm layihələrdən biridir. Oktyabrda Rusiya ilə imzalanmış “Türk axını” layihəsi də təbii qazın Türkiyə üzərindən ikinci-üçüncü bazarlara çıxarılması baxımından, Türkiyəni bu sahədə regional mərkəz halına gətirəcək”.

B.Albayrak Türkiyənin bütün sahələrdə, o cümlədən enerji sahəsində yürütdüyü müstəqil siyasətə görə beynəlxalq təhdidlərlə üzləşdiyini də diqqətə çatdırıb: “Bağlı qapılar arxasında bizi təhdid etməyə çalışsalar da, şərəfsizcəsinə qorxutmağa cəhd göstərsələr də, biz Allahın izni ilə heç nədən qorxmuruq. Qaranlıqda gizlənib bizə hürənlərə deyil, onların ipini əllərində tutanlara mesajlarımızı verəcəyik. Nə mesajı verəcəyik? Onları daha da quduzlaşdıracaq bir mesaj. Hər kəs dinləsin, Türkiyə özünün yeni enerji siyasətində yeni dövrə qədəm qoyur. Enerji sahəsində geniş əməkdaşlıq etdiyimiz ölkələrlə ticarətdə milli valyutaya keçirik. Bilirsiniz, bu nə deməkdir? Bu, çox mühüm bir məsələdir. Artıq Rusiya ilə təbii qaz ticarətinin milli valyuta ilə aparılmasına yönəlmiş çalışmalar başlayıb, əlaqədar qurumlar bu istiqamətdə fəaliyyət göstərirlər”.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya, İran və Çinlə ticarətdə milli valyutaya keçilməsi üçün bu ölkələrin liderlərinə müraciət edib. Bundan başqa, Türkiyənin kompetent dövlət qurumlarının tək Rusiya ilə deyil, o cümlədən, Azərbaycan, Gürcüstan, Qırğızıstan və İraq kimi ölkələrlə də ticarətin milli valyutalarla aparılması üçün ilkin danışıqlara başladığı haqda məlumatlar yayılıb. Göründüyü kimi, Türkiyə iqtidarının region ölkələri ilə ticarət hesablaşmalarının milli valyutalarla aparılması təklifinin əhatə çevrəsi kifayət qədər genişlənib və verilən reaksiyalar bu təşəbbüsün dəstəkləndiyini göstərir.

Əlabbas Məhərrəmov ile ilgili görsel sonucuTürkiyədən irəli sürülmüş məlum təklifi Yeniçağ.Az-a dəyərləndirən ekspert Əlabbas Məhərrəmov bu addımı şərtləndirən ciddi səbəblərin olduğunu bildirib. Onun fikrincə, region ölkələrinin, o cümlədən Azərbaycanın dəstəkləyəcəyi təqdirdə, bu təşəbbüsün gerçəkləşməsi qarşılıqlı-faydalı əməkdaşlığı daha da dərinləşdirəcək: “Görünən odur ki,Türkiyə xalqi bu dəfə də prezident Ərdoğanla həmrəylik sərgiləyərək, onun çağırışına səs verdi, əlindəki dollar kütləsini lirəyə çevirməkdə tərəddüd etmədi. Bu addım Türkiyə lirəsinin dollar qarşısında öz sabitliyini bərpa etməsinə mühüm təsir göstərdi. Türkiyənin bir çox ölkələrlə hesablaşmalarda milli valyutaya keçmək niyyəti zərurətdən irəli gəlib. Yəni Qərb ölkələrinin Türkiyəyə qarşı əsassız təzyiqləri olmasaydı, yəqin ki, Ankara bu fikrə düşməzdi. Düşünürəm ki, Türkiyə höküməti Amerika, Avropa ilə münasibətləri korlamaqda maraqlı deyil. Lakin böyük dövlətlər də anlamalidirlar ki, Türkiyə hərtərəfli inkişaf etmiş ənənələri olan ölkədir və onun iqtidari da xalqdan tam dəstək alır. Bunu son hadisələr bir daha subut etdi. Milli valyuta ilə hesablaşmaya gəldikdə, burada həm də Türkiyənin çağırış etdiyi dövlətlərin mövqeyinin necə olacağı vacibdir. Fikrimcə, Ankaranın bu təşəbbüsünə müsbət qarşılıq verilərsə, Türkiyənin istər Rusiya, istər Azərbaycan və digər ölkələrlə ticarətində qeyri-dollar hesablaşmalarının dəqiq mexanizmini hazırlamaq mümkün olacaq. Hər halda, bu istiqamətdə aparılan danışıqların müəyyən nöqtəsində məsələyə dair daha konkret mövqe bildirmək də asanlaşacaq”.

Orxan Qafarlı ile ilgili görsel sonucuAnkara Politikalar Mərkəzinin Avrasiya məsələləri üzrə mütəxəssisi Orxan Qafarlı da Yeniçağ.Az-a açıqlamasında Türkiyənin bu təşəbbüsünün konkret zərurətdən irəli gəldiyini deyir : “Türkiyənin region dövlətləri ilə ticari hesablaşmaları milli valyutalarla aparmaq niyyətinin həm iqtisadi, həm də siyasi səbəbləri var. İqtisadi amil bundan ibarətdir ki, Türkiyə bölgədə siyasi nüfuzu ilə bərabər iqtisadi təsirini də gücləndirmək istəyir və bu da təbiidir. Siyasi səbəb isə sözsüz ki, ABŞ başda olmaqla, Qərbin Türkiyəyə qarşı yürütdüyü siyasətdir. Yəni Türkiyə bu addımı ilə Qərbin təzyiqlərinə adekvat reaksiya göstərir. Türkiyə geniş ticarət dövriyyəsinə malik olduğu ölkələrlə hesablaşmada dollardan imtina etməklə, həm milli valyutanı gücləndirmək, həm də təbii ki, dollar və avrodan asılılığı, bu valyutaların Türkiyən maliyyə-iqtisadi sferasına təsirini aradan qaldırmağı hədəfləyir. Əslində, regional güc mərkəzi kimi çıxış edən ölkələr üçün bu hal çox xarakterikdir. Yəni Rusiya, Çin, İran kimi ölkələr də bu və ya başqa formada analoji addımlar atırlar. Bu təşəbbüsün reallaşması təbii ki, həm də Türkiyənin nəzərdə tutduğu ölkələrin mövqeyindən asılı olacaq. Belə düşünürəm ki, həmin təklif bir neçə ölkə tərəfindən qəbul edilərsə, o halda çoxtərəfli hesablaşma sistemi yaratmaq və onun əsasında əməkdaşlığı genişləndirmək mümkündür”.

Yeniçağ.az

www.yenicag.az

496
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv