Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun dəvəti ilə Türkiyənin Jandarm Qüvvələrinin Baş Komandanı, ordu generalı Arif Çetinin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfərə gəlib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, əvvəlcə Arif Çetin və onu müşayiət edən şəxslər Fəxri xiyabana gedərək xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarı önünə əklil qoyub, ulu öndərin əziz xatirəsini ehtiramla yad ediblər. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üstünə tər çiçəklər düzülüb.
Daha sonra qardaş ölkənin təmsilçiləri Şəhidlər xiyabanındakı “Əbədi məşəl” kompleksini və Türk Şəhidliyini ziyarət ediblər.
Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov ordu generalı Arif Çetinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Qonaqları salamlayan nazir müstəqilliyini əldə etdikdən sonra Azərbaycanın Türkiyə ilə əlaqələrinin hər zaman yüksələn xətlə inkişaf etdiyini, ulu öndər Heydər Əliyevin bu sahədəki xidmətlərini, onun “Bir millət, iki dövlət” siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini, dövlət başçılarının siyasi iradəsi və qarşılıqlı səfərləri nəticəsində dost və qardaş ölkələr arasındakı münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu məmnunluqla xatırladıb.
Nazir rəhbərlik etdiyi qurumun Türkiyənin Daxili İşlər Nazirliyi, o cümlədən Jandarm Komandanlığı ilə münasibətlərin əməkdaşlığın genişləndirilməsinə böyük önəm verildiyini, Daxili Qoşunların formalaşmasında, ən müasir tələblərə cavab verən quruma çevrilməsində, şəxsi heyətin peşəkarlığının daha da yüksəldilməsində Türkiyə Jandarm Komandanlığının böyük xidməti olduğunu xüsusi vurğulayaraq buna görə təşəkkürünü bildirib.
Daha sonra qonağa müstəqilliyin ilk illərində ölkənin qarşılaşdığı problemlər, Ermənistanın silahlı qüvvələri tərəfindən torpaqlarımızın işğalı, 1 milyondan artıq soydaşımızın doğma yurdlarından qaçqın düşməsi, ölkəmizdə cərəyan edən gərgin ictimai-siyasi proseslər barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə ali hakimiyyətə tarixi qayıdışından sonra onun rəhbərliyi altında cəmiyyət həyatının bütün sahələrində, o cümlədən cinayətkarlıqla mübarizə, ictimai təhlükəsizliyin təmini sahəsində həyata keçirilən qətiyyətli tədbirlər nəticəsində Azərbaycanda kriminogen durum tam nəzarətə götürülüb.
Bildirilib ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizin son illərdəki sürətli inkişafını şərtləndirən əsas amillərdən olan dönməz ictimai-siyasi sabitlik, əmin-amanlıq yaradılıb.
Nazir Türkiyə Jandarm Quvvələri Baş Komandanının Azərbaycana səfərinin əlaqələrimizin inkişafına və daha da dərinləşməsinə müsbət təsir göstərəcəyinə əminliyini ifadə edib.
Səmimi qəbula və ətraflı məlumata görə minnətdarlığını bildirən ordu generalı Arif Çetin Azərbaycana səfərindən, Bakının dünyanın ən gözəl paytaxtlarından, ən təhlükəsiz şəhərlərindən biri olmasından, ölkəmizin dinamik, sürətli inkişafından, eyni zamanda, Daxili Qoşunların yüksək peşəkarlığa və döyüş qabiliyyətinə malik mobil bir quruma çevrilməsindən məmnun olduğunu bildirib.
O, iki ölkənin müvafiq orqanları arasındakı faydalı işbirliyini yüksək qiymətləndirib, “bir millət, iki dövlət” olaraq Türkiyənin hər zaman Azərbaycanın yanında yer aldığını, ordusunun, Daxili Qoşunlarının inkişafı üçün bundan sonra da səylərini əsirgəməyəcəklərini, belə əməkdaşlığın, təcrübə mübadiləsinin qardaş xalqlarımızın və ölkələrimizin mənafelərinə xidmət etdiyini vurğulayıb.
Dostluq və mehribanlıq şəraitində keçən görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə edilib.
Qəbulda Türkiyənin Azərbaycandakı səfirinin birinci müavini Volkan Öskiper iştirak edib.
Daha sonra Daxili Qoşunların Baş İdarəsində daxili işlər nazirinin müavini – Daxili Qoşunların komandanı, general-leytenant Şahin Məmmədovun ordu generalı Arif Çetinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü olub.
General-leytenant Şahin Məmmədov Türkiyə Jandarm Baş Komandanlığı ilə Daxili İşlər Nazirliyinin Daxili Qoşunları arasında dostluq və hərbi əməkdaşlıq münasibətlərinin daha da genişləndiyini qeyd edib, qonaqlara Qoşunların yaranma tarixi, strukturu, normativ-hüquqi bazası, döyüş yolu və inkişafı barədə ətraflı məlumat verib.
Ordu generalı Arif Çetin respublikamıza səfər etməsindən məmnunluğunu ifadə edərək iki ölkənin müvafiq qurumları arasında əlaqələri yüksək qiymətləndirib.
Avqustun 16-dək davam edəcək səfər zamanı dost və qardaş ölkənin nümayəndə heyəti Daxili Qoşunların Ali Hərbi Məktəbində təlim-tədrisin təşkili, kursantlar üçün yaradılmış hərtərəfli şərait, o cümlədən Bakı şəhərində yerləşən “N” saylı hərbi hissə ilə tanış olacaq, sonra Qoşunların Təlim Mərkəzində isə xüsusi-taktiki təlimi izləyəcək, həmçinin, Heydər Əliyev Mərkəzini və paytaxtımızdakı digər tarixi, mədəniyyət abidələrini ziyarət edəcəklər.