Türkiyənin Orta Asiya, Şərqi Türküstan və İran siyasəti – Ekspert rəyi

İran Araşdırmalar Mərkəzi Xarici Siyasət Koordinatoru, İran üzrə mütəxəssis, türkiyəli ekspert Sabir Əsgəroğlu Türkiyənin Avrasiya regionu, Şərqi Türküstan və Orta Asiya siyasətini Yenicag-a verdiyi müsahibəsində dəyərləndirib.

– Sabir bəy, hazırda Böyük Türk regionundakı geosiyasi vəziyyətə Türkiyənin təsiri nə qədərdir?

– Türkiyə Böyük Türk regionunda Balkanlarda olduğu kimi, Orta Asiyanın daxili bölgələrinə qədər hər zaman tutduğu siyasi kursu davam etdirməkdədir. Müstəqil Türk dövlətləriylə dostluq münasibətləri quraraq, onların həm iqtisadi, həm də siyasi cəhətdən müstəqilliklərinin qorunması istiqamətində siyasi kurs izləyir. Digər dövlətlərin tərkibində olan türk xalqlarının da iqtisadi rifahı və mədəni hüquqlarının qorunması üçün həssas davranır. Türkiyə o regionlardakı həssas durumu nəzərə alaraq, Türk Cümhuriyyətlərinin və türk xalqlarının siyasi problemlərlə üz-üzə qalmaması üçün əlindən gələni əsirgəmir.

– Türkiyənin Qafqazda və Orta Asiyadakı siyasəti bu regionlarda qardaşlarımızın təhlükəsizliyi üçün nə qədər önəm kəsb edir?

– Türkiyə SSRİ dağılandan sonra Qafqazda, Orta Asiyada və Balkanlardakı bütün qardaşlarının təhlükəsizliyini öz təhlükəsizliyi qədər önəmsəyib və bu istiqamətdə siyasi fəaliyyətini davam etdirib. Azərbaycanın Dağlıq Qarabağ məsələsində hər zaman yanında olub, lazım olan iqtisadi, siyasi və ehtiyac duyduğu hər cür dəstəyi göstərib. Bu, günümüzdə də belədir. Eyni şey Orta Asiya üçün də edilib. Məsələn, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanın ilk müstəqillik illərində, bu qardaş ölkələrin hərbi və təhlükəsizlik qurumlarının gücləndirilməsi istiqamətində lazım olan maddi və hərbi texnika dəstəyi göstərilib, həmçinin, hərbçilərin təlim keçməsi üçün Türkiyədə hər cür şərait yaradılıb. Bütün bu dəstək verilərkən də həmin ölkələrin digər ölkələrlə olan münasibətləri nəzərə alınıb. Türkiyənin 2001-ci ildən Əfqanıstandakı əsas missiyası və məqsədlərindən biri də Əfqanıstanın özündən qaynaqlanan təhlükəsizlik probleminin Orta Asiyaya təsirini ən minimala endirməkdir. Əfqanıstanda yaradılacaq təhlükəsizliyin Orta Asiya üçün də vacib olduğunu bilirik.

– Türkiyənin “Yeni türk dünyası” üçün strategiyası nədən ibarətdir?

– Türkiyənin Orta Asiya siyasətini anlaya bilmək üçün Türk Birliyinin sənədlərinə və təşkil olunun zirvə toplantılarındakı açıqlamalara baxmaq lazımdır. Türkiyənin bu ölkələrlə qurduğu və hazırda da davam etdirdiyi münasibətlər göz qabağındadır. Bu siyasətimiz 1991-ci ildən bu yana dəyişməyib. Ancaq ikili münasibətlərin səviyyəsini bir tərəfin yox, iki tərəfin də niyyəti və səyləri müəyyən edir. Türkiyə hər zaman Orta Asiya Türk Cümhuriyyətlərinin iqtisadi rifahının, siyasi müstəqilliyinin yüksək olmasını, Türkiyə ilə yaxın və güclü münasibətlər qurmaqlarını istəyib. Qazaxıstan və Qırğızıstanla çox yaxşı münasibətlərimiz var. Bəzi anlaşılmazlıqlar olsa da, bunlar həll olunmayacaq şeylər deyil. Türkiyə Qırğızıstanı hər zaman dəstəkləyib və onların daxili təhlükəsizliyi üçün əlindən gələn dəstəyi verib. Özbəkistanla da çox sürətlə inkişaf edən ikili münasibətlərimiz var və bu Özbəkistan üçün də sevindirici haldır.

– Şərqi Türküstandakı problemlərin Türkiyə-Çin münasibətləri bucağından həll olunması çətin görünür. Türkistanın müxtəlif bölgələrində vaxtaşırı olaraq qanlı hadisələr baş verir. Əslində Şərqi Türküstanda nələr baş verir? Uyğur türklərinin problemlərini sülh yoluyla necə həll etmək olar?

– Şərqi Türküstanda yaşayan uyğur türkləri Çin hökumətindən özlərinə qarşı daha hörmətcil münasibət gözləyirlər. İllərdir davam edən Çin hökumətinin təzyiqləri nəticəsində onlara qarşı aqressiv münasibət yaranıb. Bu münasibətlərin normallaşması Çin hökumətinin islahatlarından asılıdır.

– Rus-türk münasibətlərinin gələcək perspektivinə inanmayan mütəxəssislər Türk regionunda iki dövlətin mənfəət savaşına başlaya biləcəyini iddia edir. Bu barədə nə düşünürsünüz?

– Türkiyənin Türk regionuyla bağlı siyasəti rəqabət aparmaq deyil, o ölkələrin mənfəətləriylə də üst-üstə düşən təhlükəsiz və inkişafı təmin edən bir mühit yaratmaqdır. Rusiyanın da bu siyasəti mənimsəyəcəyini düşünürəm. Davamlı inkişaf və təhlükəsizlik regiondakı ölkələrin olduğu kimi Rusiyanın da xeyrinədir.

– Türkiyənin İranla bağlı siyasəti hər zaman dəyişkən olub. Axırıncı dəfə Ərbakanın dövründə rəsmi Tehranla yaxşı münasibətlər qurulmuşdu. Bir çox iqtisadi müqavilələr izmalanmışdı. Hətta Refahyol hökumətinin iqtidarı itirməsində səbəb kimi İranla olan yaxşı münasibətləri göstərilir. Bəs AKP iqtidarı dövründə Ankara-Tehran münasibətləri həm iqtisadi, həm də siyasi cəhətdən nə qədər inkişaf edib? Ümumi ticarət dövriyyəsi nə qədərdir və kim daha çox gəlir əldə edir?

– Türkiyənin tarixən İran siyasəti eynidir. İki ölkə arasında yaxşı qonşuluq münasibətləri əsas götürülür. 2000-ci ildən etibarən dəyişən dünyada İranın da xarici siyasətində yumuşalma oldu. Nəticədə iki ölkə arasında ticari və iqtisadi münasibətlər daha da inkişaf etməyə başladı. Enerji sahəsində də müxtəlif anlaşmalar imzalanıb, həmçinin, Türkiyə İrandan neft və təbii qaz idxal edib. Eyni zamanda, Buşun İrana yönəlmiş siyasi təzyiqini də qəbul etmədik. Bundan əlavə, İranın nüvə proqramına görə sıxışdırıldığı bir vaxtda, Türkiyə və Braziliya vasitəçi rolunu üstlənərək İrana çıxış yolu yaratdı və İranı anlaşma imzalamağa razı saldı. Qısası, Türkiyənin İrana qarşı olan siyasəti hər zaman müsbət və tərəqqidən yana olub. Ancaq İranın regiondakı siyasətini Türkiyə qəbul etmir. İran regiondakı böhran ocaqlarına müdaxilələr edir və bu istiqamətdə Türkiyəylə gərginliklər də yaşayır. İrana tətbiq olunan sanksiyaları belə Türkiyə hər zaman tənqid edib. Sanksiyalar İranın iqtisadiyyatına pis təsir göstərdiyi üçün bu, Türkiyəylə olan ticari münasibətlərə də mənfi təzahür edib. 2012-ci ildə 22 milyard dollar həcminə çatan ticarət həcmi, 2013-cü ildən geriləyərək 2018-ci ildə 9,3 milyard dollar səviyyəsinə düşüb.