!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyənin Qarabağdakı VARLIĞI: "Ərdoğan bu vəziyyətin dəyişməsini istəmir" - ŞƏRH

!Reklam – Yazi

“Ərdoğanın Türkiyə Böyük Millət Məclisinə təqdim etdiyi qanun layihəsi Bakının maraqlarına cavab verir”.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycandakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzindəki türk hərbçilərin mandatının uzadılması barədə Türkiyə Böyük Millət Məclisinə təqdim etdiyi qanun layihəsini dəyərləndirən siyasi şərhçi Turan Rzayev Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Ərdoğan bu qərarla Türkiyə hərbçilərinin Qarabağda qalmasını istədiyini bir daha göstərir:

“2020-ci il noyabrın 16-da Türkiyə Böyük Millət Məclisi Türkiyə Silahlı Qüvvələrinə Azərbaycana əsgər göndərmək üçün 1 illik səlahiyyət vermişdi. Öz növbəsində, Türkiyə hərbiçiləri də atəşkəsə nəzarət üçün Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzini Ağdamda yerləşdirmişdi. Türkiyə hərbçilərinin sayı Rusiya sülhməramlıları qədər olmasa da, nəticə etibarilə Ankaranın Qarabağda hərbi varlığının olması özlüyündə mühüm amildir. Görünür, prezident Ərdoğan bu vəziyyətin dəyişməsini istəmir.

Ərdoğanın parlamentə təklif etdiyi məlum qanun layihəsi böyük səs çoxluğu ilə qəbul ediləcək. Çünki hazırda Türkiyə parlamentində 600 yerin 287-si hakim AKP partiyasına məxsusdur. Yəni qanun layihəsinin qəbul edilməməsi üçün geridə qalan 313 yerə sahib müxalifət nümayəndəsinin birmənalı şəkildə qanun layihəsinin əleyhinə qərar verməsi lazımdır. Bu isə imkansız kimi bir şeydir”.

Türkiyə parlamentində hazırda Azərbaycan lehinə irəli sürülən bir qanun layihəsinə “yox” deyəcək siyasi partiyanın olmadığını qeyd edən Turan Rzayev bildirib ki, parlamentdəki əksər müxalifət partiyası sabah iqtidara gələrsə, onun da xarici siyasətində Azərbaycanın açar rola malik olacağını anlayır:

“Bütövlükdə AKP, MHP, İYİ partiya və CHP-nin qanunun lehinə səs verəcəyini güman etmək olar. Aydın məsələdir ki, Türkiyə Qarabağda hərbçilərinin sayını artırmaq istəyir. Hazırda bu mümkün olmasa da Türkiyənin gələcəkdə Bakı ilə birlikdə bunu gerçəkləşdirməsi üçün mövcud statusunu əldə saxlaması lazımdır. Digər tərəfdən, Türkiyə-Rusiya əməkdaşlığı bu gün inkişaf edir. Düzdür, iki ölkənin Ukrayna, Liviya, Suriya və Qarabağda fərqli maraqları olsa da, iqtisadi və siyasi sahədə ortaq maraqlarının olması danılmaz faktır. Bu maraqlar günü-gündən Rusiya üçün daha həyati əhəmiyyət kəsb edir.

Düşünürəm, Türkiyə Suriya və Liviyada olduğu kimi Qarabağda da yaxın zamanlarda Kremllə bərabər hüquqlara sahib ola bilər. Söhbət Rusiyanın Qarabağdakı sülhməramlıları kimi Türkiyənin də Rusiya-Türkiyə birgə monitorinq mərkəzində hərbçilərinin sayının artmasından gedir. Türkiyə buna nail olsa, Qarabağda Rusiya-Türkiyə balansı təmin edilə bilər”.

Gülşən Şərif

www.yenicag.az

467
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv