Türkiyənin qarşısına alan “SURİYA TRİOSU”: Müharibə qaçılmaz olarsa…

“Münasibətlərdəki müəyyən gərginliyə baxmayaraq, NATO Türkiyəyə dəstək verir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Suriyanın İdlib bölgəsində yaranmış mövcud vəziyyəti və Türkiyə ilə Rusiya arasında yaranan gərginliyin mümkün nəticələrini dəyərləndirən hərbi ekspert Tərlan Eyvazov deyib.

Tərlan Eyvazov bildirib ki, Bəşər Əsədə sadiq qüvvələrin Rusiyanın aşkar razılığı ilə başladığı əməliyyatlar İdlibdə vəziyyəti son dərəcə kəskinləşdirib və yerli əhalinin bölgəni tərk etməsinə yol açıb:

“Əsəd qüvvələrinin qəddarlığını bilən əhali evlərini tərk edir. İdlib Türkiyəyə yaxın bölgə olduğu üçün bu ölkə yenidən milyonlarla qaçqın axını ilə üzləşmək təhlükəsi altındadır.

Bundan əlavə, suriyalı qaçqınların yeni kütləsi Türkiyəyə keçsə, o halda Ankaranın regionda həyata keçirdiyi fəaliyyət boşa çıxacaq. O səbəbdən də, Türkiyə öz maraqlarını sona qədər qorumaq məcburiyyətində və əzmindədir”.

Hərbi ekspert bildirib ki, hazırda Rusiya və İran, o cümlədən, Əsəd rejimi Türkiyəni Suriyadan sıxışdırmağa çalışsa da, NATO bu proseslərdə Ankaraya dəstək verir:

“Əsəd rejiminə sadiq qüvvələr hələ vətəndaş müharibəsi olmadan da Türkiyə ordusundan qat-qat zəif idi. Türkiyənin həmin bölgədə 7-ci ordu korpusu yerləşir. Həmin korpusun tərkibinə quru qoşunlarının üç diviziyası daxildir.

Bundan başqa, 120 və 172-ci tank briqadaları, 16-ci və 70-ci mexanikləşdirilmiş briqadaları, 2-ci və 6-cı piyada qoşun briqadası, 2, 34, 48-ci sərhəd briqadaları, 3-cü komandos briqadası, 5-ci dağ briqadası, eyni zamanda, 354-ü “Leopard” olmaqla 4 minə yaxın tank və 3 mindən çox zirehli avtomobil Türkiyənin bölgədə formalaşdırdığı hərbi kontingentin gücü barəsində təsəvvür yaradır.

Amma o ərazidə Türkiyənin əsas üstünlüyü hərbi hava qüvvələridir. Doğrudur, Türkiyə Rusiyanın Suriyada yerləşdirdiyi hava hücumundan müdafiə vasitələrinə görə havada fəal əməliyyatlar keçirmir. Daha mühüm bir məqam bundan ibarətdir ki, münasibətlərdəki gərginliyə baxmayaraq, NATO Türkiyəyə dəstək verir”.

Ekspertin fikrincə, İdlibdə yaşanan gərginlik oradakı “aktyorlar” arasında müharibəyə gətirib çıxarmayacaq:

“Ortadakı gərginliyin genişmiqyaslı müharibəyə keçəcəyinə inanmıram. Amma bütün ehtimallara baxmayaraq, müharibə qaçılmaz olarsa, o zaman Türkiyə bölgədə yerləşdirdiyi hərbi kontingentlə Rusiya-İran-Əsəd birləşmiş qüvvələrini çox qısa müddətdə darmadağın etməyə qadirdir.

Çünki sadaladığım qüvvələrdən başqa, Türkiyənin arxada 8 Ordu Birləşməsi var. Bu isə Türkiyəyə ən qısa müddətdə bölgəyə yeni hərbi qüvvə cəlb etməyə imkan verir. Rusiyanın ərazidə o qədər də böyük qüvvəsi yoxdur. Onun göndərəcəyi əlavə hərbi kontingentin Suriyaya çatdırılması yalnız hava nəqliyyatı ilə mümkündür. Digər tərəfdən, Rusiya da indiki vəziyyətində Türkiyə ilə çoxmilyardlı layihələrin təhlükə altına düşməsində maraqlı deyil.

Təbii ki, bunu Türkiyə də çox yaxşı bilir və ona görə də öz mövqeyindən geri çəkilməyəcək. Əks halda, geri çəkilmək qərarı Türkiyə hakimiyyəti ilə ordusunun nüfuzuna zərbə olar.

Buna görə də Türkiyə ilə Rusiyanın müəyyən mənada razılığa gələcəyi, o anlaşmanı Əsədə də qəbul etdirəcəkləri daha inandırıcıdır. Düşünürəm ki, Türkiyə və Rusiya rəhbərliyi bu məsələ ilə bağlı yaxın vaxtlarda bir araya gələrək, atəşkəsi yenidən bərpa edəcəklər. Ancaq Əsəd qüvvələri Türkiyə ordusu üzərinə hücuma keçərsə, layiqli cavabını alacaq”.

Səxavət Məmməd

COP29