Türkiyənin səfiri axıskalı türklərin yaşadığı kənddə – FOTOLAR

Türkiyənin Azərbaycandakı Səfirliyi və “Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər” İctimai Birliyi (TÜİB) Saatlı rayonunun Qazanbatan kəndinə səfər edib, orada kompakt halda yaşayan axıska türkləri ilə görüş keçiriblər.

Görüşdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, TÜİB sədri Hüseyin Büyükfırat, Türkiyə və Azərbaycandan şirkət rəhbərləri iştirak ediblər.

Kənd sakinləri qonaqları mehribanlıqla qarşılayıb. Sakinlər Türkiyə səfirliyinin və TÜİB-in onlara daim dəstək olduqlarını bildirərək, təşəkkürlərini ifadə ediblər.

Səfir Erkan Özoral axıska türklərinə bildirib ki, Türkiyə dövləti olaraq daim onların yanındadırlar, hər zaman onların problemləri ilə maraqlanırlar.

TÜİB sədri Hüseyin Büyükfırat axıska türklərinə hər zaman dəstək olduqlarını dilə gətirib. O qeyd edib ki, bundan əvvəl necə idisə, bundan sonra da onlara dəstək olacaqlar:

“Axıska türklərinin ən pis günlərində belə onlara dəstək vermişik. Bu dəstək həm maddi, həm də mənəvi olub. Bundan sonra da dəstəyimizi əsirgəməyəcəyik”.

Daha sonra axıska türkləri onları ziyarətə gələnləri milli yeməklərinə qonaq ediblər.

Görüşdən sonra kənd sakinlərinə bayram sovqatları paylanılıb.