Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəvəti və nazirlik nəzdində fəaliyyət göstərən Türkiyə Turizm Tanıtım və İnkişaf Agentliyinin təşkilatçılığı ilə qardaş ölkənin İstanbul, Ankara və İzmir şəhərlərinə səfərdə olduq.
Ankarada olarkən müxtəlif tarixi yerlərə, sərgi salonlarına və sənət atelyelərinə baş çəkdik. Həmin məkanlardan biri də Müasir Sənətlər Mərkəzi (“CerModern”) idi. Mərkəzi dolaşarkən onun fəliyyət itiqamətləri barəsində ölkəyə döndükdən sonra yazı yazmağı qərarlaşdırdım. Çünki eyni praktikanın Azərbaycanda da tətbiq edilməsinə çox böyük ehtiyac var.
“CerModern” nədir?
Qısa olaraq “CerModern” adlandırılan Müasir Sənətlər Mərkəzi müxtəlif sahələri özündə birləşdirən və fərqli layihələrin həyata keçirildiyi qurumudur. Mərkəzin əsas fəaliyyəti, işi gənclər üzərində qurulub. Belə ki, incəsənət sahəsində istedadı olan gənclərin bu bacarıqlarının üzə çıxarılması və onların inkişaf etdirilərək yaradıcılıq məhsullarının geniş auditoriyaya çatdırılması “CerModern”in fəaliyyətinin əsasını təşkil edir.
Bundan əlavə, mərkəzdə ədəbiyyat, musiqi, idman və başqa sahələr üzrə ustad dərsləri təşkil edilir, həvəskarların birbaşa profesional sənətçilərlə təmasda olmalarına şərait yaradılır. Anlaşıldığı kimi, “CerModern” gənclərin gələcək fəaliyyətində onların ilk dayancağı olma funksiyasını həyata keçirir.
SƏRGİ HAQQINDA QISA TƏƏSSÜRAT
Mərkəzlə tanışlıq zamanı pandemiya şərtlərinə uyğun şəkildə təşkil edilən iki sərgini görmə imkanımız oldu: Enes Debranın “Eidos” və Aykut Özün “Əylənirik?” (“Eğleniyor Muyuz?”) adlı sərgilərini.
Hər iki sənətçinin əsərlərinin özünəməxsusluğu ilk andan etibarən diqqət çəkir. Burada önəmli olan fərqli baxış ortaya qoymaqdır ki, bunu da hər iki şəxsin yaradıcı və ya düşünülmüş təxəyyülünün məhsulunda görürük.
İlk baxışda anlaşılmaz görünən əsərlərin sonradan cərəyan mənsubluğu haqqında düşüncələrə dalarkən əsl mahiyyət üzə çıxır. Yaradıcı şəxsin daxili dünyasının əks olunduğu sənət əsərlərində tanımadığın, bilmədiyin şəxslərin – Debran və Özün – iç dünyasını bütün çılpaqlığı ilə görmüş olursan.
*
Sərgini gəzdikdən sonra Mərkəzin Mədəniyyət və Sənət Proqramları rejissoru Zihni Tümər və Yaradıcı Marketinq Koordinatoru Tolqa Yüksəllə qısa söhbətimiz oldu. Mərkəzin fəaliyyətinin yönəldiyi əsas istiqamətlər haqqında məlumat verən Zihni Tümər “CerModern”in bu günə qədər çox sayda gəncə dəstək olduğunu, onların nəinki Türkiyədə, həm də başqa ölkələrdə tanındıqlarını qeyd etdi.
“Hətta onlar özlərinə “Cerçocuk” adını da qoyublar. Çünki onlar ilk addımlarını məhz burada atıblar”, – deyən Tümər gənclərin özlərini inkişaf etdirmələrinin hər şeydən önəmli olduğunu vurğuladı.
Tümər və Yüksəl sərbəst şəkildə Azərbaycanda da müvafiq qurumlarla əlaqələrin qurulmasının və birlikdə müxtəlif layihələrin həyata keçirilməsinin vacibliyini dilə gətirdilər.
*
Gələk məsələnin Azərbaycan tərəfinə. Bu bir reallıqdır ki, indi Azərbaycanda gənclərlə bağlı aparılan işlər o qədər də nəticəli deyil. Bu, özünü bütün sahələrdə göstərir. Ancaq ədəbiyyat və incəsənətdə vəziyyət daha da kritikdir. Ölkədə təkbaşına harasa yüksəlmək müşküldən əlavə, demək olar ki, imkansızdır.
Belə olan təqdirdə deyə bilərik ki, istedadlı gənclərin üzə çıxarılması, onların yerli və xarici auditoriyalarda özlərinə yer etmələri və ən əsası, “özündən asılılıq” (qurumlardan söhbət gedir) yaratmadan inkişaf etmələri üçün ciddi addımlar atılmalı, “CerModern” təcrübəsindən yararlanmalıdır.
Bu gün gənclərin önündə duran fərqli qurumların əngələ çevrilməməsi üçün məhz bu tipli layihələr həyata keçirilməli, dünya ölkələrində oxşar mərkəzlərlə əməkdaşlıq istiqamətində qəti addımlar atılmalıdır.
*
Və sonda, “CerModern”in bütün fəliyyəti və təşkil edilən sərgilərlə onlayn rejimdə də tanış ola bilərsiniz.