Almaniya prezidenti Frank-Valter Ştaynmayer aprelin 22-24-də Türkiyəyə rəsmi səfər edəcək.
Yenicag.az xəbər verir ki, bu barədə Almaniya Prezident Adminstrasiyası məlumat yayıb. Qeyd edilib ki, səfər Türkiyə ilə Almaniya arasında diplomatik əlaqələrin qurulmasının 100 illiyi münasibətilə təşkil edilir.
Frank-Valter Ştaynmayer prezident kimi Türkiyəyə ilk səfəri zamanı İstanbul, Qaziantep, oradan da Ankaraya səfər edəcək.
Ştaynmayerin Türkiyəyə səfəri zamanı ilk dayanacağı məkan minlərlə türkiyəli işçinin Almaniyaya gəlmək üçün qatarla yola düşdüyü Sirkeci stansiyası olacaq. Burada Ştaynmayer İstanbul Böyükşəhər bələdiyyəsinin sədri Əkrəm İmamoğlu ilə görüşəcək.
Almaniya prezidenti daha sonra Türkiyədə fəaliyyət göstərən alman şirkətlərinin nümayəndələri ilə gəmi səfərinə qatılacaq və Türkiyə ilə Almaniya arasında iqtisadi əlaqələri müzakirə edəcək. Ştaynmayer daha sonra İstanbul Hava Limanında “DHL Express” logistika mərkəzinə baş çəkəcək. Tarabya Kültür Akademiyasında təşkil olunacaq mədəniyyət gecəsi və ziyafətlə Ştaynmayer Türkiyə-Almaniya dostluğunun 100-cü ildönümünü və türk əsilli insanların biznes, elm, incəsənət, ədəbiyyat, idman və mətbəx sahələrindəki töhfələrini qiymətləndirəcək. Ştaynmayer vətəndaş cəmiyyətinin nümayəndələri ilə də görüşəcək.
Almaniya prezidentinin səfəri zamanı ikinci dayanacaq Qaziantep olacaq. Kahramanmaraş zəlzələsindən sonra axtarış-xilasetmə qrupları və ianələri ilə fəlakətdən xilasetmə işlərinə töhfə verən Almaniya hazırda dağılmış ərazilərdə yenidənqurma işlərinə dəstək verir. Ştaynmayer Qaziantepdə zəlzələdən zərər çəkənlər üçün tikintisi Almaniya tərəfindən dəstəklənən məktəbi ziyarət edəcək. Ştaynmayer 23 Aprel Milli Suverenlik və Uşaqlar Gününü burada uşaqlarla birlikdə qeyd edəcək.
Səfərinin son günündə Ştaynmayer Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
Ankara Universitetini ziyarət edəcək Ştaynmayer Almaniya vətəndaşlarının 1923-cü ildə əsası qoyulan Türkiyə Cümhuriyyətinə köçü, alman alim, memar və mühəndislərinin gənc respublikanın qurulmasındakı töhfələri haqqında məlumat alacaq.
Ştaynmayer Ankarada Anıtkabirə gedərək Mustafa Kamal Atatürkün məqbərəsinə əklil qoyacaq.
Almaniya prezidenti ölkəsinə qayıtmazdan əvvəl CHP sədri Özgür Özəl ilə də görüşəcək.