Türkiyəyə qarşı həyata keçirilən terror aktlarının koordinatoru Qərbdir? – ŞƏRH

“Yunanıstanın Lavrion şəhərində yerləşən PKK düşərgələrində Türkiyə əleyhinə əməliyyatlar hazırlanır”.

Bunu Türkiyəyə atılan raketlərin ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın Yunanıstanı nəzərdə tutaraq söylədiyi “Birdən gələ bilərik” sözlərinə qarşılıq olaraq edildiyi iddialarını dəyərləndirən siyasi şərhçi Tural İsmayılov Yenicag.az-a açıqlamasında deyib.

O bildirib ki, PKK-YPG-PYD terrorçu qüvvələrindən güclənən Türkiyəyə qarşı ciddi istifadə edilir:

“NATO çərçivəsində müttəfiq sayılan ölkələr PKK faktorundan Türkiyəyə təsir vasitəsi kimi istifadə etməyə çalışır. Qərbin PKK üzvlərini Türkiyəyə təhvil vermək əvəzinə, onlara sığınacaq verməyi, terrorun Qərb tərəfindən koordinasiya edilməsinə zəmin yaradır.

Yunanıstanın Lavrion şəhərində PKK düşərgələri mövcuddur. Bu düşərgələrdə Türkiyə əleyhinə əməliyyatlar hazırlanır. Belə olan təqdirdə, Türkiyəyə qarşı həyata keçirilən terror aktları təsadüfi deyil.

2023-cü il Türkiyədə cümhuriyyətin elan edilməsinin yüzüncü ildönümü, həm də növbəti prezident seçkilərinin keçiriləcəyi ildir. Həmin tarixi günlərdə ictimai-siyasi sabitliyi pozmaq, cəmiyyətdə xaos yaratmaq üçün terrordan istifadə etməyə çalışırlar.

Bu gün Ərdoğana qarşı hətta NATO-dakı müttəfiqləri də daxil, bir çox qüvvələr PKK-dan istifadə edir. Buna baxmayaraq, türk cəmiyyətindəki sabitlik, türk dövlətinin güclü ayaqda qalma meyarları bütün təxribatlara ən yaxşı cavabdır”.

Nəsimi Ələsgərli