Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

“Türklər ruslardan yüz dəfə yaxşıdırlar” – Ermənistanda Rusiyaya nifrət güclənir

Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasında xidmət keçən əsgərlərin Panik kəndini gülləbaran etmələrindən sonra yaranmış qarşıdurma səngimir.

Bu hadisədən sonra özlərini alçalmış vəziyyətdə hiss edən Panik sakinlərinin rus hərbçilərinin azğınlığından sonra şikayətlə üz tutduqları Ermənistanın mərkəzi hakimiyyət orqanları “müstəqil ölkə” olaraq, necə çətin duruma düşdüklərini anlamağa başlayıblar.

Ermənistanın antiRusiya ovqatlı siyasətçiləri və ictimai xadimləri Kremlin bu insidentə görə dərhal üzr istəməsi tələbini irəli sürüblər. Rusiya hərbi bazasının qərargahı isə insidentin araşdırılacağını və icazəsiz təlim keçərək, əhalidə qorxu yaradan hərbçilərin cəzalandırılacağını vəd etməklə kifayətlənib. Bu hadisəyə görə Rusiyanın ünvanına səsləndirilən tənqidlərin arası kəsilmir və erməni ekspertləri mövzunu medianın gündəmində saxlayırlar.

Ermənistanlı politoloq, “Qloballaşma və regional əməkdaşlıq” Analitik Mərkəzinin direktoru Stepan Qriqoryanın sözlərinə görə, Rusiya hərbi bazasının ölkədə mövcudluğunu tənzimləyən sazişə yenidən baxılmalıdır. Qriqoryan tələb edir ki, Ermənistan hökuməti və şəxsən baş nazir Nikol Paşinyan bu məsələni Moskvanın qarşısında qəti şəkildə qaldıraraq, Rusiyanın ölkədəki fəaliyyətini yerli qanunlara uyğunlaşdırmağı tələb etməlidir. Erməni ekspertin fikrincə, Rusiya məlum insidentlə əlaqədar 102-ci hərbi bazanın rəhbərliyini vəzifədən qovmalıdır. Ermənistanın çoxsaylı ekspert cameəsi də bu məsələdə Qriqoryanla eyni mövqedədir.

Rusiya hərbçilərinin təlim adı altında vahimə yaratdıqları Panik kəndinin 73 yaşlı sakini Mkrtıç Bağdasaryan deyir ki, onlar indiyə kimi bu şəkildə təhqir olunmamışdılar:
“Rus hərbçilərinin Ermənistanda özlərini belə azğınlıqla aparmaları açıq-aşkar həyasızlıq və erməni xalqının ənənələrinə tüpürməkdir. Hətta avropalı inkivizitorlar da Afrikada, Amerikada və Avstraliyadakı müstəmləkələrində aborigenlərə qarşı belə davranmırdılar, onları bu cür təhqir etmirdilər. Rus hərbçilər demək olar ki, hər zaman sərxoş vəziyyətdə olurlar və getdikləri hər yerdə dava salırlar”.

Kəndin 65 yaşlı sakini Anait Sarkisyan isə hüquq müdafiəçiləri ilə söhbətində ağlayaraq deyir ki, həmin gecə yatmağa hazırlaşarkən, evinin yaxınlığında eşidilən güllə və partlayış səslərindən dəhşətə gəlib:

“Əvvəl elə bildim ki, türklər Ermənistana hücum ediblər və bizi qırırlar. Haradan bilək ki, bu dəhşəti törədən rus hərbçiləridir və onlar bizimlə bu cür məzələnirlər? Ruslar neçə ildir ki, bizi Türkiyə və Azərbaycanla qorxudurlar. Ancaq məlum olur ki, bizim təhlükəsizliyimiz Rusiyanın vecinə də deyil. Kəndin camaatı əsasən, yaşlı adamlardan ibarətdir. Cavanlar işsizliyə görə kəndi tərk ediblər. Evlərin çoxunda yaşayış olmadığından, dağılmaq üzrədir. Qalanlar da ki əldən-ayaqdan düşənlərdir. Bu qocaları və şikəstləri belə qəddarlıqla qorxutmaq vandalizmdir, varvarlıqdır, Allahsızlıqdır”.

Kənd ağsaqqalı isə bu fikirdədir ki, kənd sakinlərinə vurulan bu mənəvi zərbəyə görə Allah Vladimir Putini də, ona etiraz edə bilməyən Nikol Paşinyanı da cəzalandıracaq:
“Bu məsələdə əsas günahkar Rusiyanın ayaqaltına dönmüş bizim hakimiyyətdir. Ruslara Ermənistanda istədiklərini etməyə imkan yaradılıb. Yadınızdadırsa, bir müddət əvvəl Permyakiv adlı rus əsgər Gümrüdə bir ailəni güllələmişdi. Ancaq bizim hökumət onu mühakimə edə bilmədi, Permyakovu Rusiyaya təhvil verdi. Orada isə onu azadlığa buraxacaqlar ki, gedib sərbəst gəzsin. Rus hərbçiləri sərxoş vəziyyətdə dəfələrlə Gümrüdə və hətta İrəvanda yerli sakinləri döyüblər, qadınlara sataşıblar, özlərini buranın yiyəsi kimi aparırlar. Belə müstəqillik bizim nəyimizə lazımdır? Türklər müqəddəs heç nələri olmayan bu ruslardan yüz dəfə yaxşıdırlar”.

Xatırladaq ki, Ermənistanın Gümrü şəhərində yerləşən Rusiyanın 102-ci hərbi bazasının əsgərləri iyulun 17-də Panik kəndində yerli əhaliyə xəbərdarlıq etmədən, taktiki təlimlər keçiriblər. Bu zaman təlim patronlarından atılan davamlı atəş sakinləri qorxuya salıb. Ertəsi gün 102-ci bazanın rəhbərliyi insidentə görə əhalidən üzr istəyib. Hərbi bazanın komandiri Vladimir Yelkanov isə Ermənistanın müdafiə naziri Tonoyanla görüşündə bu təlimlərin əvvəldən planlaşdırıldığını və yerli hökumətlə razılaşdırıldığını bəyan edib.

www.yenicag.az

2477
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS