Türkmənistan FETÖ-nun “tor”una necə düşdü?

Rəsmi Aşqabad ya Türkiyə ilə getdiyi yoldan çıxmamalı, ya da FETÖ ilə onun ABŞ-dakı hamilərinin artan iştahlarını təmin etməlidir.

Müəyyən müddətdən sonra tarixin yaddaşına köçən sektalar, təriqətlər bütün dönəmlərdə əksər rejimlərin hərəkətverici qüvvəsi kimi çıxış edib və onların mövcudluğu, o cümlədən, xüsusi missiyaları haqqında söhbətlər hələ də səngimir. Belə olub, indi belədir və belə də olacaq…

Fərqli eksperimentlərin spektrində seçilmək ehtirası onları keçmişdən bu günə qədər yaradıcılığa sövq edir. Kimlərinsə yaradıcılığı kreativ, kimlərdəsə primitiv olsa da, onlar öz imkanlarının genişliyinə yersiz aludə olanların və həmin kütlələrin “peyğəmbər”lərinin “təbii qüdrətləri” olaraq, inadla böyüyürlər.

Bu çərçivədə artıq bir neçə onillikdir ki, postsovet məkanında (və ondan kənarda), çoxdandır, Amerikada yaşayaraq öz ölkəsi üçün qeyri-adi gələcək “quran” Fətullah Gülənin yaratdığı “məhsul”un təkrarsızlığı barədə ağılar səslənməkdədir.

Məlumatlara əsasən, Gülən bu illər ərzində öz sektasının toxumunu 140 ölkəyə “səpib”, onun həmin dövlətlərdə qurduğu məktəblərin sayı isə 1400 civarındadır. Çox deyil, yəni hər ölkəyə orta hesabla cəmi 10 məktəb düşsə də, bu, o qədər də az deyil.

İş elə gətirib ki, Türkiyənin mövcud prezidenti artıq ABŞ rəhbərliyinə sərf etmir və onu daha sözəbaxan, ambisiyasız siyasətçi ilə əvəzləmək istəyirlər. Amerikanların seçim variantları olmadığına görə onlar onilliklər boyunca Türkiyə üçün iqtisadi, maliyyə, intellektual və siyasi elita hazırlığı ilə məşğul olmuş Gülənin imkanlarından yararlanmaq niyyətindədirlər.

Belə alındı ki, sürgündəki “hocaəfəndi” ABŞ-a Türkiyənin qanuni prezidentindən daha sərfəli oldu. Ancaq bu “faydalılığın” hansı ölçü vahidi əsasında müəyyən edildiyini təsəvvür etmək asan deyil. Aydın olan budur ki, belə bir “ölçü vahidi” var və o, heç də Rəcəb Tayyib Ərdoğanın xeyrinə deyil.

Ərdoğanın devrilməsi üçün böyük zəhmətlə hazırlanmış 15 iyul çevriliş planı iflasa uğradı. Qiyamın təşkilatçıları bundan sonra tələm-tələsik qonşu ölkələrə qaçdılar, onlardan bəziləri isə xilas yolunu ABŞ-ın Türkiyədəki hərbi bazalarında gizlənməkdə gördülər.

Kənardan belə görünə bilər ki, ABŞ-a daha nə lazımdır? Axı Türkiyə də NATO-nun üzvüdür, yeni silahlar alır, yalnız qorxutmaqla kifayətlənmir, hətta blokun rəqiblərinə qarşı döyüşə də bilir… Amma yox… Gah Ərdoğanın “kürd siyasəti” doğru sayılmadı, gah Türkiyənin Rusiya ilə yaxınlaşması, gah da müstəqil siyasət yürüdərək, bundan fayda götürməsi… Artıq lisey və universitetlərdən başqa elə bir dərdi qalmayan Gülən isə başqa məsələdir.

Bəzi ölkələrdə FETÖ-nun təhlükəli olması barədə daha əvvəldən müəyyən rəy yaranmışdı. Türkiyə hakimiyyəti ilə Gülənçilərin açıq qarşıdurması isə bir çoxlarının tərəddüdlərinə son qoydu.

Asiyanın bəzi ölkələrində dərk etməyə başladılar ki, oradakı müəyyən təhsil müəssisələri Türk adını daşısalar da, əslində, onların rəsmi Ankaraya heç bir aidiyyatları yoxdur və yerli elitanı öz məktəblərində yetişdirmək daha münasibdir. Bu, həm də təhlükəsizdir. Türkiyə ilə isə dostluq etmək daha sərfəlidir, nəinki hansısa məktəblərə görə münaqişəyə girmək.

Bu yanaşmanın “demokratiya etalonu” olan ölkələrdəki hüquq müdafiəçilərini çox qəzəbləndirməsi ABŞ-ın FETÖ layihəsində birbaşa maraqlı olmasını isbatlayır. Son aylarda bu “diqqət”in ən bariz nümunəsi Türkmənistandır.

Lakin Gülənin strukturları bu tendensiyaya operativ reaksiya verdilər və işlərini “sahman”a salmağa başladılar. Beynəlxalq səviyyədə məhkəmə proseslərində iştirak üçün vəkillər tutuldu. Bunun nəticəsi olaraq, BMT-nin bir neçə strukturu bəzi FETÖ-çuların həbsinin “qanunsuz” olmasına dair qərar çıxardı. İndiyə kimi 16 belə hal qeydə alınıb.

Eyni zamanda, FETÖ-çular tərəfindən Türkmənistanın rəhbər şəxsləri, o cümlədən “boz kardinallar”ın ünvanına təhdid kampaniyalarına başlanıldı, xaricdə biznesi olanlara qarşı məhkəmə iddiaları qaldırıldı. Xarici biznesdə payı olanların hissələri əllərindən alındı və bununla bağlı faktların mediada açıqlanacağına dair şantajlar başladı. Bu, artıq “dinc ilahiyyatçı”nın tərzi sayıla bilməz, elə deyilmi?

Türkmənistan hakimiyyəti vəziyyətin ciddiliyini nəzərə alaraq, situasiyanı yumşaltmaq üçün FETÖ-çularla danışıqlara başladı. Bunun nəticəsi olaraq, artıq həmin ölkədə həbs edilən və hüquq müdafiəçilərindən dəstək alan “iriçaplı FETÖ-çular”ın azadlığa buraxılması planlaşdırılır. Ovadan-Təpə həbsxanasında saxlanılan Gülənçilər isə xarici diplomatlara “əyani vəsait” qismində nümayiş etdiriləcək. Yəni “Görürsüz, onlara işgəncə verilmir, yanlarına gələnlər görüşə buraxılır” və sair.

FETÖ-çular Türkmənistan hakimiyyətinə yönəlik təzyiqlər sayəsində bəzi güzəştlərə nail olublar. Məsələn, həbsdəki Gülənçilərə ayda 2 dəfə yemək göndərilməsi və görüş verilməsi. Ancaq bu güzəştlər adları BMT-nin siyahısında olan məhbuslara aiddir. Gülənçilərin Türkmənistan hakimiyyətindən şantajla qopardıqları digər güzəştlərisə bunlardır:

– Bəzi məhbuslar siyasi həbsxanalardan cəzaçəkmə müəssisələrinə köçürülüb;

– Məhbuslara amnistiya hazırlanır;

– Məhbus FETÖ-çulara “əl gəzdirilir” və onlara verilən yeməklər başqa məhbusların rasionundan fərqlənir;

– FETÖ-çuların hamısı da olmasa, çoxu böyük qruplar şəklində bir yerdə saxlanılır;

– Türkmənistan hakimiyyətinə “loyal” olmaları üçün hər bir məhbusla fərdi “iş” aparılır. Bu zaman “səhvlərini etiraf edən” həmin məhbusların əfvlə bağlı müraciətləri videolentə alınır

– Bu şərtlərlə razılaşmayan Gülənçilər həbsxanaya qaytarılır. Buna görə siyahıdan “çıxarılmalar” ola bilər;

– “Səhvini etiraf etməyən” məhbuslar əfv siyahısına salınmır və onlarla görüşə icazə verilmir.

Orta Asiya uzun əsrlər boyu Avropa üçün sirli və bağlı məkan hesab edilib. Bu yanaşmanın çoxəsrlik xüsusiyyəti isə öz aktuallığını hələ də saxlayır. Əgər Türkmənistan siyasi elitasının bir hissəsi hesab edirsə ki, belə bir “hiyləgər tamaşa” ilə eyni vaxtda Güləni, ABŞ-ı və Türkiyəni razı salacaq, çox yanılır.

Nəticə etibarilə isə bütün hallarda seçim etmək lazım gələcək: Ya Ankaradakı əqidədaşlarla yola davam, ya da FETÖ-nun və onun okeanın o tayındakı hamilərinin artan iştahlarını təmin etmək.

Vladimir Markovçin,
Cənub-Qərb Universitetinin professoru, publisist

COP29