Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Altınbek Mamayusupov erməni silahlı qüvvələri tərəfindən Azərbaycan şəhərləri Bərdə və Tərtərdə mülki şəxslərə qarşı törədilməkdə davam edən qeyri-insani addımları şiddətlə qınayıb.
Yenicag.az xəbər verir ki, Baş katib bunu insanlıq əleyhinə addım və beynəlxalq humanitar hüququn bütün mövcud normalarının kobud şəkildə pozulması kimi qiymətləndirilə biləcəyini vurğulayıb. Bununla əlaqədar olaraq TÜRKPA beynəlxalq hüquq prinsiplərinə sadiqliyini bir daha təsdiqləyərək Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında qısa zamanda həllini qətiyyətli şəkildə dəstəkləyib.
Baş katib insanların həyatlarını itirmələri ilə bağlı Azərbaycan xalqına dərin hüznlə başsağlığını bildirir və yaralananlara şəfa diləyib.