!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkün neçə əsrlik arzusu xəyaldı, gerçək olur - Kanal İstanbul

!Reklam – Yazi

Cumhuriyyət 100 – II yazı

Türkiyə Cumhuriyyəti 2019-cu ili yüksək notlarla başa vurur.

Bu il dünyanın ən böyük hava limanlarından olan “İstanbul” fəaliyyətə başladı, təhlükəsizlik baxımından çox önəmli “Barış pınarı” əməliyyatı uğurla həyata keçirildi, Liviya ilə tarixi müqavilə imzalandı, ilk milli avtomobillərin təqdimatı keçirildi və “Kanal İstanbul” adlanan Türkiyə tarixinin ən böyük layihəsinin icrasına start verildi. Bütün bunlar “2023” hədəfinə doğru gedən önəmli addımlardır, çünki 2023-cü ildə Lozanna müqaviləsinin müddəti bitir. Bu müqavilə I Dünya savaşının alovları içində yaxılmış Osmanlı imperiyasının küllüyündən Səməndər kimi baş qaldıran Mustafa Kamal Türkiyəsi ilə Antanta dövlətləri arasında bağlanmışdı.

İsmət İnönünün o zamanın ağır şərtlər altında imzaladığı bu müqaviləylə, Ərəbistan, Misir, Sudan, Liviya, İraq, Suriya, Fələstin, Livan, Egey dənizindəki adalar üzərində nəzarəti itirən Türkiyə Cümhuriyyətinin müasir sərhədləri cızılmış və onun üzərinə 100 illik ağır məhrumiyyətlər qoyulmuşdu. Belə məhrumiyyətlərdən biri də Bosfor və Dardanel boğazları ilə bağlı idi, boğazlar beynəlxalq nəzarətə keçmişdi. Türkiyə sonradan, 1937-ci ildə bağlanmış Montre müqaviləsi ilə boğazlara nəzarəti özünə qaytarsa da, boğazlara alternativ su yolunun çəkilməsi zərurəti cümhuruyyətin başı üzərində “Domokl qılıncı” kimi asılmışdı.

Kanal İstanbul

Qara və Mərmərə dənizlərini birləşdirəcək, boğazlara alternativ olacaq kanal çəkilişi ideyası ilk dəfə Roma imperatoru Trayan zamanıda ortaya çıxıb. Aradan yüz illər keçəndən sonra İstanbulda inşa edilmiş misilsiz sənət incilərinin müəllifi böyük Memar Sinan öz layihəsini Osmanlı padişahı I Suleyman Qanuniyə (1520-1568) təqdim edib. Həmin projeyə görə Qara dəniz və Mərmərə Sakarya və Sapanca gölü vasitəsi ilə bir-birinə bağlanmalıydı. Memar Sinanın layihələrinə həmişə canla-başla dəstək verən hünkar, kanal məsələsində ətrafının təzyiqi ilə, bəlkə də sonsuz müharibələr səbəbindən bu dəfə prinsipiallıq göstərmədi, layihə bir kənara atıldı, amma unudulmadı. 1591 – də II Murad bu məsələyə böyük maraq göstərdi, işə başlamaq əmri verdi, sonda yenə də iş dayandı. IV Mehmet və III Mustafa (1757-1774) zamanında da kanalla bağlı ciddi müzakirələr getdi, amma yenə də öz sonucunu tapmadı. 1813 – cü ildə, II Mahmud zamanında bəşıbəlalı kanal məsələsi yenə də yada düşdü və yenə də onun icrası uğursuzluqla nəticələndi. Böyük Memar Sinanın ( memar Nikolo Parisiyə aid olduğunu söyləyənlər var) beş Osmanlı padişahının röyasına dönmüş dənizlər arası kanalın tikintisi layihəsi, müxtəlif zamanlarda, nədənsə görünməz bir qüvvə tərəfindən ertələnib həmişə. Bu Allahın işiydi, ya bəndənin, bunun cavabı artıq konspirologiya mövzusudur. İndi bu barədə ancaq fərziyyələr söyləmək olar. Hər halda bu tikintiyə ciddi səbəb olmasaydı, Sinan və Nikolo kimi əfsanəvi memarlar onu layihələşdirməz, beş İstanbul xəlifəsi ona bu qədər maraq göstərməzdi. Cumhuriyyət dövründə Demokratik Sol Partiyasının lideri Bülənd Ecevit cəmiyyətdə unudulmaqda olan layihəni yenidən gündəmə gətirməyə çalışdı, amma hökumət məmurları onun təklifinə əhəmiyyət vermədilər. Padişahların edə bilmədiyi işi iki-üç aylıq iqtidarda olan hökumətlər həyata keçirmək gücündəydilərmi məgər? Yəqin ki, yox. Layihə yenə də hamının yadından çıxdı, onu unutmayan yalnız həmin ildə İstanbulun Böyükşəhər Bələdiyyə başqanı seçilən Rəcəb Tayib Ərdoğan oldu, o, beş əsrlik bu nəhəng ideyanı öz yaddaş arxivində saxladı. Bələdiyyə başqanı olarkən o İstanbulda misilsiz işlər gördü, amma həmin zamanda hakim rejimə müxalif mövqe tutan bələdiyə başqanı belə bir ideyanı həyata keçirməyi xəyal edə bilməzdi, o, arzusunu ürəyinin dərinliyində saxladı və yaxşı zamanları gözlədi. “Saxla samanı, gələr zamanı” deyirlər. Tarix baxımından çox az vaxt keçdi və o, zaman gəldi. Rəcəb Tayib Ərdoğanın qurduğu Ədalət və İnkişaf Partiyası (Ak Parti) 2002-ci ildə hakimiyyətə gəldi və Türkiyə Cumhuriyyətində böyük dəyişmələr dövrü başladı. Biz bu barədə geniş məqalə yayınladığımızdan təkrar danışmağa lüzum görmürük. Böyük layihələrin icrasına başlayan R.T.Ərdoğan hökuməti sonradan “İstanbul kanalı” adlandıracaqları Memar Sinan xəyalını yenidən gündəmə gətirdi, 2009-cu ildə layihə üzərində işlər başladı və 27 aprel 2011-ci ildə TC-nin Baş naziri Rəcəb Tayib Ərdoğan 10-20 milyard dollara başa gələcək İstanbul kanalının tikintisinə başlanacağını bildirdi. O kanalın açılış tarixini də söylədi – 2023, Cumhuriyyətin 100 ili və Lozanna müqaviləsinin bitiş dövrü. Ümumən bu tarixdə Ərdoğan dönəmində başladılan bütün böyük layihələrin, o cümlədən “Akkuyu” Atom Elektrik Stansiyasının birinci reaktorunun tikintisinin bitiş dövrü olacağı gözlənilir. Bu bir növ Ak Parti hakimiyyətinin hesabat tribunasıdır və ondan sonra “2053” hədəfi erası başladılmalıdır.

Kanalın layihəsi

Rəsmi adı “Kanal İstanbul” olan layihə İstanbulun Avropa tərəfində inşa ediləcək, Qara dəniz və Aralıq dənizi arasında boğazlarda gəmi hərəkəti üçün alternativ süni su yolu olacaq. Kanalın Mərmərə dənizinə qoşulacağı nöqtədə, 2023-cü ilə qədər tikiləcək iki yeni şəhərdən biri hazır olmalıdır. Kanalın uzunluğu 40-45 km; səthində eni 145-150 m, dibi təqribən 125 m, suyun dərinliyi 25 m olacaq. Bu kanalla Boğaziçi tanker trafikinə tamamilə bağlanacaq və İstanbulda iki yeni yarımada və yeni bir ada yaranacaq. Boğazlardan fərqli buradan gündə 160 iri tonnajlı (su tutumu 300 tondan artıq) gəmi və sualtı qayıqlar da keçə biləcək. Projenin toplam maliyyəsi 20 milyard dollar, körpülər, hava limanları və digər infrakstruktur tikililəri ilə birlikdə 100 milyard dollar olacağı gözlənilir.

Kanalın boğazlardan fərqi

Lozanna müqaviləsinə görə boğazlarda gəmilərin keçişinə nəzarət Türkiyənin əlindən alınmışdı. Sonra Montre müqaviləsi ilə bu nəzarət qaytarıldı, oradan gəmi keçişlərinə müəyyən məhdudiyyətlər qoyuldu. Türkiyənin keçən gəmilərdən yalnız cüzi rüsum almaq hüququ var. Müqavilə imzalananda buradan ildə 3000 gəmi keçirdisə, indi ildə 50000 gəmi keçir, keçiş üçün böyük növbələr yaranır, buradakı yol əyri-üyrü olduğundan tez-tez qəzalar baş verir. Keçən gəmilər arasında nəhəng neft tankerləri çox olduğundan qəzalar ətraf mühitə böyük zərər vurur, İstanbulun əhalisi üçün ciddi təhlükə yaradır.

“Kanal İstanbul” isə bütünlüklə Türkiyə Cumhuriyyətinə məxsusdur, buradan keçiş də pullu olacaq. Hesablamalara görə kanal bir neçə ilə qoyulan xərcləri çıxaracaq və daha sonra dövlətin büdcəsinə milyardlarla pul gətirəcək. Kanalın işə düşməsindən sonra neft tankerləri naviqasiya üçün Bosfor sularından yox, kanalla hərəkət edəcək, bu isə suyun çirklənməsinin qarşısını xeyli dərəcədə alacaq. Gəmi hərəkətinin azalması səyahət yaxtalarının artırılmasına imkan verəcək ki, bu da İstanbula turist axınını xeyli artıracaq. Bakı-Tiflis Qars dəmir yolu artıq işə düşdüyündən, “İpək yolu” projesinin mərkəzində olan İstanbul dünyanın nəhəng ticarət mərkəzlərindən birinə çevriləcək ki, bu da Dubayın əhəmiyyətini xeyli azaldacaq. Buna görə Birləşmiş Ərəb Əmirlikləri bu layihənin pozulması üçün Türkiyənin daxilində və xaricində əlindən gələni edir.

“Kanal İstanbul” və Avrasiya kanalı

Xəzər dənizi və Qara dəniz arasındakı nəqliyyat Volqa-Don kanalı ilə həyata keçirilir. 1952-ci ildə tikilmiş bu kanalın dərinliyi cəmi 3,5 metrdir, burada çoxsaylı şlüzlər var və iri gəmilərin hərəkəti üçün yararsızdır. Rusiya ikinci kanalın çəkilişini planlaşdırır, amma Qazaxstanın lideri Nursultan Nazarbayev daha maraqlı bir ideya ilə, Xəzər və Qara dənizi birləşdirəcək “Avrasiya” kanalının tikintisi təklifi ilə çıxış etdi. Əgər Rusiya bu təklifi dəstəkləsə, neft-qazla zəngin Xəzəryanı dövlətlər üçün bu ideyanı həyata keçirmək elə də maliyyə çətinlikləri yaratmayacaq. Belə halda “Kanal İstanbul”da ticarət gəmilərinin hərəkəti xeyli artacaq və əlavə gəlirlər gətirəcək.. .

Kanalın iqtisadi səmərəsi

Mütəxəssis hesablamalarına görə, yeni kanal ilk beş il müddətində 100 milyard gəlir gətirəcək və 1, 5 milyon insana yeni iş yerləri açmağa imkan verəcək. Bu turistik meqapolis kimi, İstanbulun reytinqini xeyli artıracaq. Hazırda İstanbul ildə 11 milyon səyahətçi qəbul edir, amma onun potensialı bundan xeyli artıqdır, 25 milyon nəfərə qədər qəbul edə bilər. Kanalın işə düşməsindən beş il sonra İstanbulun turistik potensialı iki dəfə artacaq və yeni infrastrukturla 50 milyon turist qəbul edə biləcək. Kanalın yeni hava limanının yaxınlığından keçməsi də yeni turistik obyeklərin yaradılması üçün çox cəlbedici görünür. Ekspertlərin bildirdiyinə görə, “Kanal İstanbul”un gəlirləri ildə 24 milyard gəlir gətirən Suveyş kanalının gəlirindən iki dəfə artıq olacaq.

Kanal ətrafında dartışma

“Kanal İstanbul” Türkiyə tarixinin ən böyük layihələrindən biri, bəlkə də birincisidir. Onun böyük özünü ödəmə imkanları var, buna görə daxili və xarici sərmayə üçün çox cəlbedicidir və bu da Başqan Rəcəb Tayib Ərdoğanın rəqiblərində qıcıq yaratmaya bilməz. Xarici rəqiblərdən ilk sırada ağla Birləşmiş Ərəb Əmirlikləri gəlir, kanalın işə düşməsiylə Çinlə Avropa arasındakı qlobal ticarət mərkəzi avtomatik İstanbula keçirəcək, Türkiyənin iqtisadi rəqabət imkanlarını xeyli artıracaq. Boğazlarda gəmilərin keçişinin bağlanması həmin əraziləri dünyanın ən unukal turizm mərkəzlərindən birinə çevirə bilər. Bu ərazilərin tarixiliyi ilə bərabər əsrarəngiz təbiəti də var və Türkiyənin turizm sahəsindəki təcrübə və imkanlarını nəzərə alsaq, ölkəyə turist axını yuxarıda qeyd etdiyimiz kimi, qat-qat artacaq. Bu da təkcə BƏƏ-ni deyil, turizmdən gəlir götürən bir çox ölkələri də narahat edir. Kanalın tikintisi uğurlu alınsa, R.T.Ərdoğanın kosmosa raket uçurulması, Türkiyə-Krım körpüsünün salınması kimi xəyallarının gerçəkləşməsinə yollar açacaq, sərmayədarlar cəlb edəcək. İstanbulda belə nəhəng layihəni gercəkləşdirən siyasətçini seçkilərdə udmaq da demək olar ki, mümkünsüzdü.

Buna görə onun və partiyasının əsas rəqibləri, Cumhuriyyət Xalq Partiyası imkanında olan bütün vasitələrlə bu layihəyə qarşı çıxır, onu boykot etməyə çalışır. Bu yolda onların xarici müttəfiqləri də az olmayacaq. İstanbulun CHP-li bələdiyyə başqanı Əkrəm İmamoğlu və məsləkdaşları yaxşı anlayırlar ki, BŞB hansı işlər görsə də, “Kanal İstanbul”un tikintisini gerçəkləşdirənlərin kölgəsində qalacaqlar. Xarici faktorları da nəzərə alsaq, kanal tikintisi ətrafında ekologiyanın qorunması adı altında qalmaqalların olacağı labüd görünür. Belə qalmaqallardan biri bir neçə il öncə “Gəzi parkı” ətrafında baş vermişdi. Ətraf mühitin, ekologiyanın qorunması kimi məsələlər uzun illərdən bəridir ki, beynəlxalq güclər tərəfindən, onlara sərf etməyən bir çox projelərin dayandırılması üçün istifadə olunur. Əvvəllər əsasən QRİNPİS adlı təşkilatdan istifadə olunurdu, bu il isə Qreta Tunberq adlı ruhi xəstə bir qızdan yeni büt yaratdılar və ondan artıq bir dəfə Türkiyəyə qarşı istifadə ediblər. R.T. Ərdoğan iqtidarı dövründə böylə tüzaqlar az olmayıb, amma indiyə qədər həmişə uğursuzluğa düçar olub. Türkiyənin Başqanı hədəflədiyi mənzilə çatmağın ustası olduğunu dəfələrlə sübut edib.

Elxan Zal Qaraxanlı,
Xəyal Rza

www.yenicag.az

1422
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv