Hazırda ləğv olunmaq təhlükəsilə üz-üzə qalan Ümumrusiya Azərbaycanlıları Konqresi (ÜAK) 16 ildir ki, Rusiyada fəaliyyət göstərir. Bu illər ərzində həmin təşkilat görəsən yaddaqalan hansı işlər görüb? Azərbaycan həqiqətlərini Rusiya ictimaiyyətinə nə dərəcədə catdıra bilib?
İctimai xadim Zəlimxan Məmmədli Yeniçağ.az-a açıqlamasında bildirdi ki, ÜAK-ın bu günə qədər Azərbaycan həqiqətlərinin Rusiyaya çatdırılmasında hər hansı bir real addımlar atmayıb:
“Rusiya siyasi sistemilə bağlı olan hər hansı bir qurumun, o cümlədən Ümumrusiya Azərbaycanlıları Konqresinin Azərbaycana və onun milli maraqlarına hansısa bir fayda verə biləcəyini düşünmürəm. Rusiya demokratik ölkə olsaydı, Azərbaycanın haqlı hüquqlarını tanısaydı, iki dövlət arasında bərabərhüquqlu, qarşılıqlı faydalı əməkdaşlığa söykənən münasibətlər sistemi qurulsaydı, fərqli mənzərə yaranardı.
Amma Rusiya aqressordur, Azərbaycanın düşmənini müdafiə edir. Bu ölkə Azərbaycanın müstəqil dövlət olmasını həzm edə bilmir və müstəqilliyimizi məhv etmək üçün imkanlar arayır. O baxımdan Rusiyanın siyasi sistemində olan və siyasi hakimiyyətilə bağlı olan ÜAK kimi qurumların ölkəmizə fayda verəcəyini düşünmürəm və bu günə qədər də fayda verməyiblər. Onlar sadəcə, saxta dostluq şüarları adı altında Azərbaycanı istismar etməyə çalışırlar. Bu qurum bir dəfə də olsun milli maraqlarımızı ifadə edən addımlarla çıxış etməyib. İndiki zamanda Rusiyada mövcud şərtlər daxilində fəaliyyət göstərən qurumların, o cümlədən ÜAK-ın bağlanması məsələsinin gündəmə gəlməsi də Moskvanın Azərbaycandan istədiyini almaq və nümayişkaranə şəkildə ölkəmizə təzyiq etmək məqsədi güdür. Baxmayaraq ki, bu qurum hər hansı bir formada Rusiyanın marağını təhdid etməyib. Amma burada Azərbaycan və Türkiyə münasibətlər sistemi faktoru var. Məhz həmin münasibətlər sistemi Moskvada narahatçılıq doğurub və yaranmış şəraitdə Azərbaycanı ram etmək istəyirlər.
Düşünürəm ki, artıq Kremldə Azərbaycanın təhdid edilməsi açıq müstəviyə keçməkdədir. ÜAK-ın fəaliyyət göstərdiyi 16 il ərzində Rusiyada Azərbaycan həqiqətlərinin çatdırılmasında real addımlar atdığını müşahidə etməmişəm. ÜAK bu istiqamətdə yaddaqalan heç bir iş görməyib. Bu baş versəydi, Rusiyanın siyasi sistemində Azərbyacanın ümummilli problemləri, Qarabağın işğalı, Xocalı soyqırımı ilə bağlı hər hansı bir qərar və ya bəyanatlar qəbul olunardı. Bunlar yoxdursa, deməli, Azərbaycanın milli maraqlarının Rusiya rəsmiləri səviyyəsində dəstəklənməsi söhbət mövzusu ola bilməz. Amma Rusiya konkret halda işğalçı Ermənistanla strateji-hərbi müttəfiqliyini davam etdirir”.
ELÇİN
Yeniçağ.az