“Biz 1990-cı illərdə bəzi hallarda xaricdən elektrik enerjisi alırdıq, çatmırdı. İndi isə biz ixrac edirik. Özü də bir ölkəyə yox, 3 ölkəyə elektrik enerjisini ixrac edirik. Bu gün mənə təqdim edilən “Qobu” Elektrik Stansiyasının tikintisi nəticəsində 300 meqavat əlavə güc əldə edəcəyik, ixracı daha da artıracağıq və ölkəmizin artan sənaye potensialını enerji ilə təmin edəcəyik”.
Yenicag.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev “Azərbaycan” İstilik Elektrik Stansiyasının 330 və 500 kilovoltluq açıq paylayıcı qurğuları, 8 enerji bloku, İdarəetmə Dispetçer Mərkəzi, stansiyanın əsas və köməkçi sahələri, bina və qurğuları əsaslı yenidənqurmadan sonra istifadəyə verilməsi mərasimində çıxışı zamanı bildirib.
“Əhali artır, sənaye artır, biznes fəaliyyəti artır – bütün bunlar enerji tələb edir. Bizim təbii resurslarımız var – qaz, neft. Stansiya həm qazla, həm mazutla işləyir. Elektrik xətlərimiz yenilənir, generasiya gücləri yaradılır, şəbəkə qurulub, yarımstansiyalar tikilir, bütün qonşu ölkələrlə yüksəkgərginlikli xətlər var. Ona görə bu gün Azərbaycan neft, qaz, yanacaq, elektrik enerjisini hasil edir, istehsal edir və ixrac edir. Yəni, dünyada o qədər də çox ölkə bu dərəcədə çoxşaxəli fəaliyyətə sahib deyil. Bəzi ölkələrdə yanacaq-enerji balansının bir hissəsi mövcuddur, digər hissəsini isə idxal edir, asılıdır. Biz tamamilə müstəqilik və iqtisadi-enerji müstəqilliyi budur. Biz bunu əldə etmişik, Ulu Öndərin ruhu qarşısında vicdanımız təmizdir, onun yolunu davam etdiririk, onun əsərini bərpa etmişik. Burada və bütün başqa sahələrdə onun yolu ilə irəliyə, inkişafa, tərəqqiyə doğru gedirik”, – dövlət başçısı bildirib.