Ucarda yaşayış evi yanaraq kül olub

скачанные файлы (9)Ucar rayonunda fərdi yaşayış evində güclü yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Ucar Yanğından Mühafizə Hissəsindən  verilən məlumata görə, hadisə bu gün səhər saatlarında rayonun Alpout kəndində qeydə alınıb. Kənd sakini, 1969-cu il təvəllüdlü Tağıyev Həsən Mahmud oğluna məxsus 2 mərtəbəli, 4 otaq və aynabənddən ibarət evdə baş verən yanğının söndürülməsinə 2 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Yanğın zamani 2-ci mərtəbədə 81 kvadratmetr sahəsi olan 2 otaq və 60 kv.m sahəsi olan aynabənd əşyaları ilə birlikdə yanıb. Yanğınsöndürənlərin səyi nəticəsində evin qalan 81 kv.m sahəsi olan 1-ci mərtəbəsi yanğından mühafizə olunub.

Ev sahibi H. Tağıyev yatdığından yanğının hansı səbəbdən baş verdiyini bilmədiyini, qızı üçün hazırladıqları cehizlərin hamısının yandığını söyləyib. Yanğın zamani ölən və xəsarət alan olmayıb.

Yanğının hansı səbəbdən baş verdiyi aparılan araşdırmalardan sonra məlum olacaq(apa).