!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Ucarda “Zəfərin mübarək, Vətən!” mövzusunda tədbir keçirildi

!Reklam – Yazi

04 noyabr 2022-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə Ucar rayon Heydər Əliyev Mərkəzində “Zəfərin mübarək, Vətən!” adlı tədbir keçirilib.

Tədbirdə Milli Məclisin deputatı Ramil Həsən və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsinin rəisi polkovnik-leytenant Ceyhun Əliyev, şəhid ailələri, qazilər, müharibə iştirakçıları və məktəblilər iştirak edib.

Tədbir iştirakçıları ilk öncə Ümummilli lider Heydər Əliyevin abidəsini və Şəhidlər Xiyabanını ziyarət ediblər.

Ucar rayon Heydər Əliyev Mərkəzində davam edən tədbirdə Azərbaycan Respublikasının dövlət himni səslənib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Giriş nitqi ilə çıxış edən Ucar rayon Səfərbərlik və Hərbi Xidmət idarəsinin rəisi Ceyhun Əliyev Millət vəkili Ramil Həsənə tədbirdə iştirakına görə dərin təşəkkürünü bildirib, tədbirdə şəhid valideynlərinin, şəhid Allahverdi Ələkbərovun xanımı və övladlarının, qazilərin, məktəbli və hərbi rəhbərlərin də iştirak etdiyini qeyd edib:

“Sağ olun ki, dəyərli vaxtınızı bizə ayırmısınız. Bildiyiniz kimi 8 noyabr Zəfər bayramı ərəfəsində respublikamızda silsilə tədbirlər keçirilməkdədir və bu tədbirlər çərçivəsində Ucarda da “Zəfərin mübarək, Vətən!” mövzusunda tədbir keçirmək qərarına gəldik. Məqsədimiz məktəblilərdə vətənpərvərlik ruhlarının aşılanmasıdır və bu günkü tədbirimiz çərçivəsində çıxış edən şəhid atalarının, qazilərimizin gənclərə nəsihətləri olacaq. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu sahəsində dövlət konsepsiyası var və möhtərəm Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin apardığı siyasət nəticəsində Azərbaycan xalqı 8 noyabr Tarixi Zəfəri qazandı. Son 200 il ərzində nəinki Azərbaycanda, eyni zamanda Türk və müsəlman dövlətlərində işğal olunmuş torpağı azad edən dövlət, sərkərdə, ordu olmayıb. Bu böyük sərkərdənin Azərbaycan xalqının taleyində olması, bu Zəfərin Azərbaycan xalqına yazılması bizim üçün böyük fəxrdir, şərəfdir və bundan sonrakı nəsillər üçün də qürur hissidir”.

Daha sonra Zəfər gününün əzəmətindən və Ali Baş Komandanın sərkərdəliyi ilə qazanılan qələbəmizdən danışan Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsən tədbir iştirakçıları qarşısında çıxış edib.

Ramil Həsən deyib:

“Çıxışımı şəhidlərimizin, burda iştirak edən şəhid ailələrimiz, şəhid atalarımız, şəhidlərimizin xanımları, eyni zamanda burda olmayan Vətən üçün canlarını fəda etmiş bütün şəhidlərimizin ailələri, anaları-ataları qarşısında baş əyərək başlamaq istəyirəm.

Dəyərli qazi qardaşlarım, hər birimiz sizinlə fəxr edirik. Ceyhun müəllim çox yaxşı, çox gözəl addım atmısınız ki, bizi dəyərli şəhid ailələri, qazi qardaşlarımız və gələcəyimizin təminatçısı olan dəyərli məktəblilərlə görüşdürürsünüz. Dünən mənim ailəmdə baş verən maraqlı bir hadisəni sizlərlə bölüşmək istəyirəm. Balaca oğlum 4 yaşındadı, bağçaya gedir. Onlar Azərbaycan bayrağından paltar geyinib torpaq üçün canlarından keçən şəhidlərimizi anmaq, Zəfər gününü qeyd etmək üçün bir teatr səhnələşdirmişdilər. Oğlum evə gələndən sonra mənə sual verdi:

“Ata, mən orada bir adam gördüm, onun iki ayağı da yox idi”. Deyirəm, nə dedilər, sənə? Dedi ki, mənə dedilər ki, o ayaqlarını itirib ki, biz yaxşı yaşayaq. Ona görə bildirirəm ki, milli şüur deyiləndə ən önəmlisi budur. Siz, biz və bizlərdən sonra gələn nəsillər utanmadan, şərəf və ləyaqətləri ilə qürurlu şəkildə mən Azərbaycanlıyam, mən Azərbaycan vətəndaşıyam, bu torpaq mənimdir deyib yaşaya bilməsi üçün Şəhidlərimiz öz canlarını, qazilərimiz isə yaşamaq üçün vacib olan əzalarının bir parçasını torpaq üçün fəda ediblər. Odu-alovu, əzab-əziyyəti görən Vətən torpağının hər qarışı üçün öz qanını axıdaraq Ali Baş Komandan cənab İlham Əliyevin bilavasitə qəti iradəsi altında öz torpağını şərəfsiz düşməndən qurtaran şəhidlərimizin, qazilərimizin yaşadığı anı biz heç birimiz yaşaya bilmərik. Biz sadəcə bununla bağlı fikir söyləyə bilərik. Ona görə də, biz hər zaman onların ruhu qarşısında baş əyir və onlara borcluyuq. Ordu o vaxt güclü olur ki, ona rəhbərlik edən komandiri öz əsgəri ilə bərabər ölümün gözünə dik baxır və Vətən torpağını niyə və nə üçün qorumaqla bağlı yetərincə iradəyə, gücə, qüvvətə, əzmə, inama sahib olaraq əsgərini döyüşə aparır. Komandır də o vaxt güclü və inanılmaz özündə güc, qüvvət hiss edir ki, Ali Baş Komandanı qüdrətli olsun. Bizlərin şansı onda gətirib ki, Ali Baş Komandanımız inanılmaz qüdrətə, iradəyə, qorxmaz cəsarətə, dünyanın bu qədər ölkələrinin üstümüzə gəlməsinə baxmayaraq torpağının bir qarışını belə düşmənə verməməklə bağlı əzmkarlığa sahibdir.

Mən hər yerdə dediyim fikri burda da demək istəyirəm, şəhidlərimizin və qazilərimizin hansı rayondan olması önəmli deyil, çünki biz torpağımızı düşməndən azad edəndə, can verəndə, şəhid, qazi olanda kimin hansı rayondan olduğuna baxmırıq, erməni də bizə baxanda kimin hardan olduğunu düşünmür. Görüşlərdə gənclər mənə sual ünvanlayır, necə baxırsınız biz ermənilərlə bağlı təbliğatımızı uşaq və yeniyetmələrlə necə qurmalıyıq? Cavab olaraq bildirirəm ki, biz millət olaraq böyük millətik, cənab Prezident İlham Əliyev iradəli və güclü sərkərdə, dövlət xadimidir, inanılmaz diplomatdı. Zaman-zaman başımıza gələn bu bəlalar 1905,1918,1948,1988 bunların hər birinin təkrarlanmasının səbəbi ondan ibarətdir ki, biz unutqanıq, lakin unutmamalıyıq. Biz düşmən olmalı deyilik, təbii ki, gələcəkdə sülh müqaviləsi imzalanacaqsa normal insani münasibətlərimizi göstərəcəyik, amma ehtiyatımızı əldən verməməliyik, keçmişimizi, Xocalı faciəsini unutmamalıyıq.

Biz bilməliyik ki, düşmən bu gün Azərbaycanın dəmir yumruğunu gördüyü üçün sülhə gəlir. Qonşumuzu dəyişə bilmərik, bu bir tərəfdən xeyirdi ki, biz güclü, qüvvətli və iradəli ola bilək, milli şüurumuz güclü olsun, bu da çox önəmlidir. Bu gün artıq qalib xalqın övladlarıyıq. Məhz Ali Baş Komandanımızın iradəsi, şəhidlərimizin qanı, qazilərimizin cəsarəti, müharibə veteranlarının şücaəti nəticəsində biz bu gün dünyaya başımızı dik qaldırıb fəxrlə baxa bilirik.

1995-ci ildə mən orta məktəbi bitirmişəm və orta məktəbi bitirəndə biz məğlub ölkənin yeniyetmələri idik və həqiqətən də gizlənməyə yer axtarırdıq, bu gün isə siz əziz yeniyetmələr, dəyərli şagirdlərimiz, qalib ölkənin şagirdlərisiniz və inşAllah da qalib ölkənin tələbələri, daha sonra da böyüyərək öz ölkənizə xidmət edən vətəndaşları olacaqsınız. Cənab Prezidentin qeyd etdiyi kimi Qarabağı görməyən bizim gənclər məhz milli şüur, milli qeyrət, milli cəsarət hissi ilə tankın üstündə torpaqları azad etdilər və Allah qismət eləsin ki, bundan sonra müharibə görməyək. Milli şüurumuzu, milli ləyaqətimizi, vətənimizə bağlılığımızı əsla və əsla unutmayaq. Dövlətə, millətə sadiq olaq. Öncə öz millətimizi sevək, sonra da başqa millətlərə hörmətlə yanaşaq.

Mən bu yolda hər birinizə uğurlar arzulamaq istəyirəm, bu yolda Ali Baş Komandanımızın öndərliyində daha da güclü, qüdrətli, qüvvətli olacağımıza inanıram. Bir gün gələcək biz daha da qüdrətli Azərbaycanın şahidi olacağıq, məhz Ümummilli liderimizin layiqli davamçısı cənab prezidentin başçılığı altında. Bu yolda hamınıza uğurlar arzulayıram, şəhidlərimizin ruhu qarşısında bir daha baş əyirəm, eyni zamanda şəhid atalarımızın, analarımızın, onların həyat yoldaşları, bacı, qardaşları qarşısında baş əyirəm, qazilərimizə böyük hörmətimi, ehtiramımı ifadə edirəm”.

Görüşdə iştirak edən Yeni Azərbaycan Partiyası Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva çıxışında – “8 noyabr Azərbaycan xalqının deyil, bütün Türk dünyasının eyni zamanda, müsəlman dünyasının tarixinə qızıl hərflərlə yazıldı. Son 10 gün ərzində möhtərəm Cənab Prezident İlham Əliyev fəaliyyətinə baxsaq çox işlərə imza atmışdır, Soçi görüşü, Əlcəzairə səfər, qardaş Türkiyə dövlətinə səfəri, görüşlərin müntəzəmliyi Azərbaycan xalqının, Azərbaycan dövlətinin rifahı və bizim gələcəyimiz olan gənclərimizin rifahı üçündür. Qarabağ problemi artıq yoxdur, aradan qaldırılıb. Bundan sonra bizim üzərimizə düşən elmi iqtisadi-siyasi sahələrdə zəfərlər qazanmaqdır. Azərbaycan xalqı bundan sonra Möhtərəm Cənab Prezidentin dediyi kimi müzəffər xalq olaraq, qalib xalq olaraq yaşayacaq və bu bizim üçün fəxrdir. Hər birinizi qarşıdan gələn Zəfər günü və 9 noyabr Bayraq günü münasibətilə təbrik edirəm, hər birinizə xidməti fəaliyyətdə, gənclərimizə də gələcək işlərində və təhsillərində uğurlar arzulayıram”- fikirlərini bildirmişdir.

Tədbirdə iştirak və çıxış edən şəhid atası Məhəmməd Əliyev, eyni zamanda digər şəhid ailələri, qazilər göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevə və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Sonda bir qrup qaziyə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərancamı ilə təltif olunduqları medallar təqdim olunub və xatirə şəkilləri çəkilib.

www.yenicag.az

711
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv