“Rusiyanın Ukraynaya genişmiqyaslı işğal hücumu cəhdindən 3 il keçir. Yəni 3 günə bitirilməsi gözlənilən müharibənin 3 illik müddəti qeyd edilir”.
Bunu Yenicag.az-la söhbətində politoloq Azər Qasımov deyib.
Siyasi təhlilçi Ukrayna müharibəsinin üçüncü ildönümü, habelə münaqişənin gələcək perspektivləri ilə bağlı fikirlərini bölüşüb.
Analitikin fikrincə, bu müddət ərzində çox hadisələr baş verdi:
“Müharibənin gedişində dəfələrlə vəziyyətin tərəflərdən birinin lehinə dəyişdiyinin şahidi olundu. Amma ən əsas nəticə o oldu ki, Rusiyanın dünyanın ikinci ordusu olduğu gerçəyinin yanlış olduğu bəlli oldu. Üç ildə işğal etdiyi ərazilər uğrunda milyona yaxın ölü və yaralı olaraq verdiyi itkilər buna sübutdur. Bununla yanaşı, Rusiya öz ərazisi olan Kurskda da torpaq itirib. “Qırmızı xətlər”dən, nüvə hədəsindən danışan Rusiyanın ərazilərinin raket və dron hücumundan başı açılmır. Neft emalı zavodları, silah-sursat anbarları, hərbi aeroportları Ukrayna ordusunun hədəfində oldu. Rusiyaya milyardlarla ziyan vuruldu. Qara dəniz və Azov dənizi Rusiya donanması üçün artıq təhlükəsiz deyil. Bir çox hərbi gəmilər, o cümlədən Rusiyanın flaqman gəmisi “Moskva” və bir çox gəmilər məhv edildi”.
Həmsöhbətimiz əlavə edib ki, Rusiya isə bunun əvəzinə Ukraynanın dinc ərazilərini, energetika infrastrukturunu hədəf aldı:
“Su bəndlərini dağıtmaqla ətraf mühitə və infrastruktura böyük ziyan vurdu. Amma əldə etdiyi bir neçə qəsəbə tipli şəhər və kəndlər oldu. Ukrayna ordusu isə əks-hücumlarla Xarkov ətrafını, Liman və Xerson şəhərlərini geri aldı. Görünən o oldu ki, Ukrayna xalqının və ordusunun qəhrəmanlığı dövlətlərinin süquta uğramasının qarşısını aldı. Qərb koalisiyası isə Ukraynaya dəstək versə də, bu dəstək daha çox müharibədə tarazlıq yaratmaq üçün verildi. Nə az, nə çox. Çox olsa idi, Ukrayna Rusiya işğalını tamamilə sonlandıra bilərdi, amma bu, edilmədi”.
“Trampın gəlişi bütün narazılıqları pozmaq üzrədir. Onun Rusiyanın ağzı ilə danışması Ukraynanı dəstəkdən məhrum etməsi, gələcək üçün yaxşı perspektiv vəd etməsə də, Avropa bu rolu öz üzərinə götürməyə çalışacaq. Hesab edirəm ki, hələlik müharibənin taleyi heç kimin xeyrinə dəyişməyib. Müharibə qaldığı yerdən davam edir. Nəticəni Ukrayna xalqının inadı və əzmi həll edəcək”, – deyə o, fikirlərini yekunlaşdırıb.
Rafi Müslümov