!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Üçüncü Dünya müharibəsi olarsa, səbəb məhz iqtisadi amillər olacaq" - MÜSAHİBƏ

!Reklam – Yazi

“İqtisadi böhran və tərəddüdlərin yeni dünya nizamının formalaşmasına yol açması şübhəsizdir”. 

Mövcud iqtisadi böhranın geosiyasi aləmdə yaratdığı dəyişikliklər və yeniliklər ilə bağlı politoloq Yusif Bağırzadənin Yenicag.az-a müsahibəsini təqdim edirik.

– Yusif bəy, hazırkı iqtisadi böhranın davam etməsinə hansı amillər təsir edir? 

– Təəssüf ki, koronavirusun qlobal şəkildə yayılması prosesi hələ də davam etməkdədir. Virusun yayılmasının qarşısını almaq məqsədilə ölkələr müxtəlif sahələrdə qadağalar tətbiq etmək məcburiyyətində qalır ki, bu da öz növbəsində qlobal şəkildə iqtisadi aktivliyin zəiflədilməsi ilə ümumi iqtisadi artım göstəricilərinin pisləşməsinə və geosiyasi vəziyyətin gərginləşməsinə yol açmış olur. Pandemiyanın meydana gətirdiyi fəsadlar demək olar ki, bütün sahələrdə iqtisadi geriləmələrə yol açdı. Nəticədə 2020-ci ildə qlobal iqtisadiyyat 4,3 faiz kiçildi ki, bu da 2009-cu il qlobal maliyyə böhranı dövründəkindən iki dəfədən də artıq çoxdur. BMT-nin açıqladığı Dünya İqtisadi Hesabatına görə, 2021-ci ildə gözlənilən 4,7 faizlik mülayim bərpanın əvvəlki ilin itkilərini kompensasiya edə bilməsi çətindir.

– İqtisadi böhranlar siyasi müstəvidə hansı dəyişikliklərə səbəb olur? 

– Müasir dünyamızda əsas siyasi qüvvə olan Qərb sivilizasiyasının tarixində bu arqumenti əsaslandıran bir çox tarixi hadisələri sadalamaq olar. Səlib yürüşləri, böyük coğrafi kəşflər, İkinci Dünya müharibəsi və dünyanın taleyini dəyişəcək digər hadisələrə bu aspektdən yanaşdıqda maraqlı mənzərənin şahidi oluruq. Misal üçün, bəşəriyyət tarixinin sivilizasiyaların toqquşmasında ən kulminasiya mərhələlərindən hesab olunan səlib yürüşləri hər nə qədər dini faktor üzərində qurulsa da, iqtisadi amillərin də bu hadisədə mühüm rol oynadığı danılmazdır. Tarixi faktlar göstərir ki, səlib müharibəsinin səbəbləri XI əsrin sonlarında Avropada baş verən quraqlıq, aclıq və nəticədə çoxsaylı işsizlərin yaranması, kasıblamış feodalların varlanmaq hərisliyi, torpaqsız cəngavərlərin sayının artması, ruhanilərin yeni torpaqlar ələ keçirmək istəyi idi. Sadəcə hərəkatın başlaması üçün ona dini don geyindirilmişdi. Yəni, həmin dövrdə Avropanın qarşılaşdığı iqtisadi durğunluq səlib yürüşlərinə təkan verdi. Nəticədə hərbi qənimət kimi maddi resurslar Avropaya daşındı. Bütün bunlar Avropanın iqtisadi böhrandan çıxmasına şərait yaratdı.

Digər bu kimi nümunələr də gətirmək mümkündür, amma ümumi olaraq deyə bilərəm ki, iqtisadi böhran və tərəddüdlərin yeni dünya nizamının formalaşmasına yol açması şübhəsizdir. Düşünürəm ki, COVID-19 koronavirus pandemiyasının yaratdığı iqtisadi böhran da dünyanı qlobal qarşıdurmaya apara biləcək amillər içərisində mühüm yerlərdən birini tutur. Onu da qeyd edim ki, bu fikir beynəlxalq miqyasda da dəstəklənir.

– Sizcə, məlum gedişat fonunda Üçüncü Dünya müharibəsi baş verə bilər? 

– Böyük Britaniyanın Baş Qərargah rəisi Nik Karter xəbərdarlıq edib ki, COVID-19 pandemiyasının yaratdığı qlobal iqtisadi böhran yeni təhlükəsizlik təhdidləri yarada və hətta dünya müharibəsinə səbəb ola bilər. Eyni şəkildə tanınmış hərbi analitik Viktor Baranets də dəfələrlə öz açıqlamalarında bildirib ki, əgər Üçüncü Dünya müharibəsi olarsa, buna səbəb məhz iqtisadi amillər olacaq. Bütün bunlar onu deməyə əsas verir ki, dünyanı yeni münaqişə və müharibələrdən qorumağın yollarından biri də qarşılıqlı əməkdaşlıq və həmrəylik halında pandemiyadan qurtulmaq və nəticə etibarilə pandemiyanın yaratdığı iqtisadi çətinliklərdən də minimum itkilərlə çıxmaqdan ibarətdir.

– Qlobal iqtisadi böhran ölkəmizin iqtisadiyyatına necə təsir edir? 

– Ölkəmizin bu istiqamətdə atdığı addımların kifayət qədər effektli olduğunu da vurğulamaq istərdim. Bu gün Azərbaycan iqtisadiyyatı pandemiya böhranından sonra faktiki olaraq bərpa olunur. Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-sentyabr aylarında ölkədə ÜDM ilin əvvəlindən 4,8% artaraq 62,88 milyard manata (təxminən 37 milyard dollar) çatıb. Eyni zamanda, ilin əvvəlindən Azərbaycan iqtisadiyyatının neft sektorunda 1,4%, qeyri-neft sektorunda isə 6,2% artım müşahidə olunur.

Gülşən Şərif

www.yenicag.az

583
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv