Artıq Üçüncü Dünya müharibəsinin müxtəlif regionlarda təzahürünü görünür.
Bunu Yenicag.az-a açıqlamasında dünya gündəmində formalaşan Üçüncü Dünya müharibəsinin mümkün ehtimalları ilə bağlı fikirlərini səsləndirən politoloq Aydın Quliyev deyib.
Onun sözlərinə görə, istər gərgin fazada olan İsrail-Fələstin, Rusiya-Ukrayna, istərsə də aktivləşmək üzrə olan Çin-Tayvan və digər münaqişələr fonunda artıq dünya müharibəsinin başladığını demək mümkündür.
“Dünyanın böyük gücləri olan NATO və Rusiya arasında başlayan münaqişələrin daha gərgin forma alacağı perspektivləri mövcuddur.
Həm Ukrayna, həm Tayvan, həm də işıltıları görünən Afrikada müxtəlif dövlətlərin hərb meydanında üz-üzə gəlmələrinin şahidi ola bilərik. Təbii ki, belə bir gələcək dünya üçün çox təhlükəlidir. Ukraynada və Yaxın Şərqdə regional müharibəyə çevrilən bu münaqişələrə əgər vaxtında müdaxilə edilməzsə və qarşısı alınmazsa III dünya müharibəsinin artıq qlobal müstəvidə təzahürlərini görəcəyik”, – deyə politoloq bildirib.
Nəsimi Ələsgərli