UEFA “Lion” – “Beşiktaş” oyunundan əvvəl baş verənlərlə əlaqədar qərarını açıqlayıb

UEFA Fransanın “Lion” və Türkiyənin “Beşiktaş” futbol komandaları arasındakı Avropa Liqasının 1/4 final matçından əvvəl baş verənlərlə əlaqədar qərarını açıqlayıb.

Yeniçağ.Az-ın “Report”-a istinadən verdiyi məlumata görə, hər iki klub 100 min avro cərimələnib.

Bundan əlavə, “Lion” və “Beşiktaş” komandaları iki il içərisində oxşar hadisələr baş verəcəyi təqdirdə avrokuboklardan bir il müddətinə kənarlaşdıracaq.

Qeyd edək ki, aprelin 13-də keçirilmiş oyundan əvvəl meydana mindən çox azarkeş girib. İnsident oyuna 15 dəqiqə qalmış baş verib. Aşağı sektorlarda oturmuş “Lion” azarkeşləri türkiyəli fanatların hərəkətlərindən qorxuya düşüblər.

“Beşiktaş” azarkeşləri yuxarı cərgələrdən onlara yanar maddələr atıblar. Nəticədə görüş vaxtından 45 dəqiqə gec başlanıb. 59 000 tamaşaçı tutumuna malik stadiona “Beşiktaş”ın 15 min tərəfdarının toplaşdığı məlum olub. Bundan başqa, stadionda kütləvi dava düşüb. Hər iki komanda fanatları toqquşmada müxtəlif əlaltı vasitələrdən yararlanıblar.

UEFA bununla bağlı intizam işi açıb. “Lion” təhlükəsizliyi yetərincə təmin etməməkdə, eləcə də azarkeşlərin meydana girməsi və qapalı pilləkənlərdə oturması ilə əlaqədar ittiham olunub. “Beşiktaş” azarkeşləri isə meydana yad əşyalar atmaqda və kütləvi davada günahlandırılıb. Hər iki kluba qarşı da azarkeşlərin pirotexniki vasitələrdən yararlanma ittihamı irəli sürülüb.

Yeniçağ.Az

COP29