Uğurlu karyera üçün hansı addımlar atılmalıdır? – Gənclərə vacib TÖVSİYƏLƏR

“Çox təəssüf ki, gənclərin əksəriyyəti sadəcə nəzəri biliklə karyeraya başlaya biləcəklərinin mümkünlüyünə inanırlar, amma bu mümkünsüzdür”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında gənclərin irəliləyə biləcəyi peşələrədən və karyerada yüksəlməyin yollarından danışan Karyera və İşə Hazırlıq Mərkəzinin rəhbəri, karyera məsləhətçisi Şahin Sərdarlı deyib.

Onun sözlərinə görə, könüllülük, təlim, inkişaf və təcrübə proqramları mütəxəssis olmaq üçün ilkin mərhələdə hər bir gəncin hədəf və məqsədlərinə çevrilməlidir.

“Əmək bazarının mövcud reallığını nəzərə alsaq, maliyyə-mühasibatlıq, marketinq, insan resurslarının idarəedilməsi, inzibati idarəetmə sahələri, müəllimlik ixtisasları, IT, xüsusən proqralaşdırma istiqamətləri karyerada irəliləyiş əldə etmək üçün daha əlverişlidir. Düzdür, bu gün karyerada irəliləmək üçün təcrübə proqramlarında aktiv iştirak etmək əsas şərtlərdən birinə çevrilib. Əmək bazarında digər ixtisaslara nisbətdə IT sahəsi üzrə təcrübə proqramları tapmaq günü-gündən çətinləşir. Tələb var, bu tələbi qarşılamaq üçün real iş mühitində təcrübə proqramları demək olar ki, aşağı səviyyədədir. Mühasibatlıq və insan resurslarının idarəedilməsi ixtisasları üzrə isə əmək bazarında demək olar ki, aktiv vakansiyalar çoxdur. Gənclər bu istiqamətdə daha uğurlu nəticələr göstərə bilir və qısa zamanda karyera hədəfllərinə çatmış olurlar”, – deyə o bildirib.

Ş.Sərdarlı karyeranın başlanğıcında gənclərin ilk addımlarını necə atmalı olduğundan söz açıb:

“Gənclər adətən sevdikləri işi tapmalıdır. Bunun üçün ən vacib şərt “Mən kiməm və nə istəyirəm?” suallarının cavabını tapmaqdır. Bu cavabı tapdıqda insan sevdiyi və ya sevə biləcəyi peşəni də rahatlıqla seçə bilir. Sevdiyi peşə ilə məşğul olan insanlar heç vaxt yerində saymırlar. Bu peşəni tapıb öz üzərlərində nəzəri və praktiki biliklərini yüksək səviyyədə inkişaf etdirməyi bacarmalıdır. Təcrübə hər şeydir. Bu gün bütün problemlərin həlli təcrübəyə söykənir. Çox təəssüf ki, gənclərin əksəriyyəti sadəcə nəzəri biliklə karyeraya başlaya biləcəklərinin mümkünlüyünə inanırlar, amma bu mümkünsüzdür. Könüllülük, təlim, inkişaf və təcrübə proqramları mütəxəssis olmaq üçün ilkin mərhələdə hər bir gəncin hədəf və məqsədlərinə çevrilməlidir. Daha sonra isə hər bir şəxs özü haqda peşəkar bir təqdimat hazırlamağı bacarmalıdır. Bu təqdimat ilkin mərhələdə CV və rezume üzərində qurulmalıdır. CV-də dizayn və tərtibat, hətta foto, onun formatı belə ilkin mərhələni keçmək üçün önəm daşımaqdadır”.

Ekspert qeyd edib ki, uğur əldə etmək üçün təkcə çalışmaq kifayət etmir:

“Daha çox çalışmaqla da kifayətlənmək olmaz. Şanslı olmamısansa, o şansı özün özünə yaratmağı bacarmalısan. Bu şanslar isə hər bir gəncin karyeralarına başladığı andan qura bildiyi düzgün netvorkinq əlaqələri, gördüyü işləri. Bilik və bacarıqlarını doğru şəkildə təqdimatları ilə yaranır. Xeyli gənc tanıyıram ki, bilik və bacarıqları çox yüksəkdir, amma netvorkinq əlaqə sıfır üzərindədir. İştirak etdikləri təlim və təcrübə proqramında öz müəssisəsinin nəinki rəhbərliyi, hətta iş yoldaşları ilə əlaqələr yaratmağı bacarmayıblar. Komanda işi, kollektivlə münasibət, subardinasiya qaydaları çox önəm daşıyır. Bəzən bunlardan biri olmayanda nəticə əldə etmək çətin olur. Onda da ən yaxşı bəhanə dilə gəlir: “O şanslı idi”. Şansınızı özünüz yaradacaqsınız”.

Mütəxəssis bu gün peşə sahələrində olan çatışmazlıqlardan da bəhs edib:

“Çatışmazlıqlar təbii ki, var. Bunlardan ən başlıcası bir sahə üzrə mütəxəssis işə qəbul edib, başqa sahənin işlərini də ondan tələb etməkdir. Kiçik şirkətlərdə bu cür hallar hədsiz çoxdur. Amma zamanla düzələcək. Çünki çox interaktiv, çox intellektual gənclər yetişir, onlar qısa zamanda hədəflərinə çatmağı bacarırlar. Gənclər karyera hədəflərinə çatdıqda, işçi hüquqlarını tam bildikdə xırda çatışmazlıqlar da aradan qalxmış olacaq”.

İsmayıl Bakuvi

COP29