Uğursuz dövlətin uğursuz SİYASƏTİ: “Fransa örnək ola biləcək bir ölkə deyil”

“Qlobal səviyyədə Azərbaycana qarşı müxtəlif beynəlxalq strukturlar təsir imkanlarından istifadə edərək kütləvi təzyiq mexanizmləri tətbiq edir. Bu prosesləri açıq şəkildə müşahidə edirik. Bir tərəfdən, Avropa Şurası Parlament Assambleyası, digər tərəfdən isə Avropa Parlamenti Azərbaycana dair müzakirələr aparır və əsassız, ədalətsiz, həqiqəti əks etdirməyən qətnamələr qəbul edir. Həmin qətnamələr tövsiyə xarakterlidir və hüquqi keçərliliyi yoxdur. Lakin əsas məsələ onların mövcudluğu deyil, beynəlxalq ictimai rəyə təsir etmək cəhdləridir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Natiq Miri deyib.

Siyasi təhlilçi Prezident İlham Əliyevin Fransanı uğursuz dövlət adlandırmasından sonra yaranan yeni siyasi situasiyanı analiz edib.

N. Miri əlavə edib ki. bu cür manipulyasiyalar beynəlxalq ictimaiyyətin diqqətini yanlış istiqamətə yönəldir, nəticədə hadisələrə yanlış qiymət verilir:

“Xüsusən də Fransa öz təsir imkanlarından istifadə edərək, Azərbaycana qarşı qərəzli mövqeyini açıq şəkildə nümayiş etdirir. Bu isə Azərbaycan cəmiyyətində haqlı narazılıqlar doğurur. Təbii ki, haqsız ittihamlara qarşı reaksiya vermək zərurəti yaranır. Eyni zamanda, digər ölkələrin öz daxili problemlərini gizlədərək başqalarını ittiham etməsi də diqqət çəkir. Azərbaycan heç vaxt başqa ölkələri yüzilliklər boyu müstəmləkə şəklində istismar etməyib, insanları rənglərinə görə fərqləndirərək təzyiqlərə məruz qoymayıb. Halbuki. Fransa kimi ölkələr tarix boyu bunu edib və indi də bu siyasətlərini davam etdirirlər”.

Analitik onu da söyləyib ki, Azərbaycan mühafizəkar bir toplumdur və müəyyən mənada demokratik Qərbin cəmiyyətə yönəlik ikili standartlar onu qıcıqlandırır:

“Qərb ölkələri, xüsusən də Fransa öz problemlərini həll etmədən başqalarına insan hüquqları və əxlaq dərsi keçməyə çalışır. Belə vəziyyətlərdə Fransanın, hətta öz liderlərinin belə müstəqil qərar qəbul etməkdən aciz olduğunu görürük. Fransanın Azərbaycana qarşı olan düşmən mövqeyi təkcə Ermənistanın lobbi təsirləri ilə izah edilə bilməz. Əsas məqsəd Cənubi Qafqazda öz mövqelərini gücləndirmək, keçmiş koloniyalardan məhrum olduqları təsirləri burda kompensasiya etməkdir. Bu cəhdlər isə Azərbaycan və regionun digər ölkələrinin mövqeyi sayəsində uğursuzluğa düçar olub”.

“Eyni zamanda, Fransa beynəlxalq təşkilatlar vasitəsilə Azərbaycana qarşı kampaniyalar təşkil edir. Amma reallıq budur ki, Fransa nə əxlaq, nə də digər sahələrdə örnək ola biləcək bir ölkə deyil. Bu ölkənin həm daxili siyasətində, həm də beynəlxalq səviyyədə insan hüquqları və ədalət prinsiplərinə riayət etmədiyi hamıya məlumdur. Azərbaycan cəmiyyəti bu təzyiqlərə adekvat cavab verməyə qadirdir. Kampaniya xarakterli reaksiyalara ehtiyac yoxdur, çünki reallıq onsuz da öz sözünü deyir. Fransa müasir dünyada müstəmləkə siyasətini davam etdirən azsaylı ölkələrdən biridir və bu siyasət XXI əsrdə heç bir məntiqə sığmır”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov