“Ukrayna ABŞ mediasının gündəmindən tamamilə çıxıb”.
Yenicag.az xəbər verir ki, bunu Yaxın Şərqdəki proseslərin təsiri ilə Rusiya-Ukrayna müharibəsinin taleyindən danışan amerikalı politoloq Stiv Samarin deyib.
Onun sözlərinə görə, son zamanlar dünya ictimaiyyətinin diqqətini cəlb edən əsas məsələ məhz Yaxın Şərqdə baş verənlərdir.
“Bu fonda Rusiya-Ukrayna müharibəsinin artıq öz aktuallığını itirdiyini demək doğru olar. Çünki indi ABŞ-nin gündəliyində duran əsas məsələ Yaxın Şərqdir.
Əlavə olaraq, əvvəllər Kiyevə maliyyə yardımının böyük hissəsini onsuz da yoxsul olan Avropa həyata keçirirdi. İndi o da geriyə çəkilib”, – deyə o qeyd edib.
Eyni zamanda, politoloq vurğulayıb ki, Ukrayna ABŞ mediasının gündəmindən tamamilə çıxıb.
“Təbii ki, müəyyən yardımlar göstəriləcək. Hər şey birdən-birə dayanmayacaq. Ancaq getdikcə yardımlar və fəallıq daha da azalacaq”, – deyə o bildirib.
Nəsimi Ələsgərli