Ukrayna AŞPA sessiyasında olmayacaq – “Maraqlarımıza məhəl qoyulmur”

Ukraynanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti qurumun payız sessiyasında iştirak etməyəcək.

Yenicag.az xəbər verir ki, bunu Ukrayna Ali Radası Xarici Siyasət və Parlamentlərarası Əməkdaşlıq Komitəsinin sədri Boqdan Yaremenko öz “Facebook” səhifəsində yazıb.

O bildirib ki, AŞPA Ukraynanın maraqlarına “açıq şəkildə məhəl qoymur”. B.Yaremenko əlavə edib ki, “bu təşkilatın öz prinsiplərini pozanlara cavab vermək üçün” onun ölkəsinin başqa yolu yoxdur.

Aydınlıq üçün xatırladaq ki, bu ilin iyun ayında AŞPA üç illik fasilədən sonra Rusiya nümayəndə heyətinin qurumda tam səlahiyyətlərini təsdiq edən qətnamə qəbul edib. Sözügedən qərar Ukrayna tərəfinin etirazına səbəb olub.

Komitə sədri onu da vurğulayıb ki, ukraynalı millət vəkilləri AŞPA-ya etimadın bərpası planı ilə bağlı Avropa Şurasına üzv dövlətlərin nümayəndələri ilə məsləhətləşmək niyyətindədirlər. “Əsas diqqət nümayəndə heyətimizin Avropa Şurasına üzv olan ölkələrlə AŞPA-ya etimadın bərpa edilməsi planına ayrılacaq. Bu qərar Ukrayna Parlamentinin əksər fraksiyaları tərəfindən dəstəklənib”.

COP29