Ukrayna Müdafiə Nazirliyi Rusiyaya qarşı müqavimətin doqquzuncu günü ilə bağlı məlumat yayıb.
Yenicag.az xəbər verir ki, nazirliyin yaydığı məlumata əsasən, Rusiya qoşunları əsas səyləri Kiyevin mühasirəyə alınmasına və blokadaya alınmış yaşayış məntəqələrində müqavimətin zəifləməsinə yönəldiblər: “Bu tapşırığın icrası zamanı Rusiya Silahlı Qüvvələri əməliyyat ehtiyatlarının böyük hissəsini tükədiblər. Onlar Cənub və Şərq hərbi dairələrindən əlavə qüvvə və vasitələrin köçürülməsi üçün hazırlıqlara başlayıblar. Volın istiqamətində qarşı tərəf 2 tabor taktiki qrupunun köməyi ilə Poliske və Kuxari ərazilərində müdafiə əməliyyatlarına keçib”.
Nazirliyin məlumatına görə, Rusiya tərəfi Belarus Silahlı Qüvvələrini Ukraynaya qarşı müharibəyə cəlb etmək üçün sərhəddə silahlı təxribatlar törədə bilər.
Rəsmi informasiyaya əsasən, ruslar Xarkov şimaldan mühasirəyə alırlar: “Rusiya qoşunları Axtırka bölgəsində uğur qazana bilməyib və əsas qüvvələrini Qadyaç və Zinkov rayonlarında cəmləşdirib. Texnikada əhəmiyyətli üstünlüyə malik olan rusiyalılar Mariupolu mühasirəyə alıb. Luqansk istiqamətində döyüşlər gedir. Nikolayev istiqamətində rusiyalıların qarşısı alınıb, lakin Voznesensk istiqamətində qismən uğur qazanıblar.
Rusiya hərbi dəniz qrupu dəniz bazalarından çıxarılıb. Ruslar bütün istiqamətlərdə itki verir. Demotivasiya olunmuş qarşı tərəf təslim olur və texnikanı atırlar”.