Ukrayna hakimiyyətində PARÇALANMA: Böyük çəkişmələr və gərginliklər başladı

“Ukrayna siyasi hakimiyyəti daxilində Rusiya ilə müharibə məsələsində parçalanmanın olması yeni amil deyil. Əksinə, bu tendensiya bir müddət öncə başlayıb və hakimiyyətdə kifayət qədər ciddi fikir ayrılıqları mövcuddur. Bunun nəticəsi olaraq, müdafiə nazirinin dəyişməsi məsələsi də ön plana çıxırdı”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Əli Zülfüqaroğlu deyib.

Siyasi şərhçi Rusiyanın Xarkov ətrafı ərazilərdə yerləşən yaşayış məntəqələrini ələ keçirməsindən sonra Ukrayna hakimiyyətinin danışıqlar masasına oturması amilindən söz açıb.

Ə. Zülfüqaroğlunun sözlərinə görə, son proseslər onu deməyə əsas verir ki, Rusiya Ukraynaya hücum strategiyasını dərinləşdirəcək.

“Eyni zamanda, Rusiya həm də Qərbdə olan parçalanmanı nəzərə alır. Biz bilirik ki, Avropa İttifaqı (Aİ) daxilində Ukraynaya dəstək verilib-verilməməsi ilə bağlı kifayət qədər ciddi fikir ayrılıqları var. Bu isə onunla qaynaqlanır ki, Birləşmiş Ştatlarda seçkiyə qədər Aİ Ukraynaya yardım məsələsini gecikdirməyə çalışırdı. Lakin Macarıstanın veto qoyması, bu mənada, Aİ-nin digər ölkələrinə sərf etsə də, bu, pərdəarxası proseslər fonunda özünü ehtiva edirdi. Çünki Almaniya və Fransa arasında olan siyasi narazılıq, yəni rəsmi Parisin siyasi qərarların verilməsində önə çıxması, amma iqtisadi məsələlərdə geri çəkilməsi Aİ daxilində kifayət qədər narazılıqları artırmışdı. Ona görə də Macarıstanın Ukraynaya yardım məsələsinə veto qoyması həm də Aİ-nin digər ölkələrinə sərf etdi”, – deyə o bildirib.

Həmsöhbətimiz əmindir ki, hazırda bütün dünyanın diqqəti ABŞ-də baş tutacaq seçkiyə yönəlib:

“Seçkidən sonra nəinki Ukrayna, ümumiyyətlə, dünyanın müxtəlif bölgələrində baş verən proseslərin – gərginlik ocaqlarının aradan qaldırılması məsələsinə böyük ölçüdə aydınlıq gələcək. Ona görə də Aİ ABŞ-dəki seçkiyə qədər prosesləri yubatmağa çalışırdı. Bütün bunlar, o cümlədən, ABŞ-nin daxilində böyük qüvvə olan respublikaçıların Ukraynaya yardım məsələsini əngəlləməyə çalışması Rusiya-Ukrayna müharibəsinə böyük ölçüdə təsir edir”.

Ə.Zülfüqaroğlu hesab edir ki, bütün bu yanaşmaları Rusiya hökuməti də kifayət qədər detallı hesablayaraq addım atıb:
“Fikrimcə, bundan sonra Rusiyanın Ukraynaya hücumunun daha da genişlənəcəyini deyə bilərik. Hətta bundan sonra Ukraynanın çətin bir dövrün gözlədiyini əminliklə söyləmək mümkündür”.

Qeyd edək ki, nüfuzlu “The New York Times” nəşri bundan öncə məlumat vermişdi ki, Rusiya Silahlı Qüvvələrinin Xarkova hücumu Ukrayna rəhbərliyini Rusiya ilə barışıq əldə etməyə məcbur edə bilər. Qəzetin analitiklərinin fikrincə, bu hücum ukraynalıları və onların müttəfiqlərini tamamilə ruhdan sala bilər.

Rusiya mətbuatının iddiasına görə isə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov Xarkov istiqamətində uğursuzluğa görə günahın Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırskidə olduğunu deyib. Bildirilib ki, hazırda Ukrayna siyasi hakimiyyəti daxilində böyük çəkişmələr və gərginliklər davam edir.

Rafi Müslümov