“Ukrayna hökuməti daxilində Kiyevlə Bakı arasındakı yaxın dost münasibətləri pozmağa çalışanlar var” – Azər Həsrət

Azerbaycan-Ukrayna-flagAzər Həsrət: “Azərbaycanlı jurnalistlərin adının ora salınması qərəzdən başqa bir şey deyil”

Ukraynanın “Mirotvorets” saytı içərisində 11-i azərbaycanlı olmaqla 239 əcnəbi jurnalistin ölkəyə girişinin qadağan edildiyini açıqlayıb.

Siyahıda olan Azərbaycan mediasının nümayəndələri arasında aparıcı xəbər agentliklərinin müxbirləri, habelə ölkənin bir sıra aparıcı televiziyaların əməkdaşları da var. Saytın iddiasına görə, adı siyahıda yer alan jurnalistlər separatçı “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nda qeydiyyatdan keçib, həmin ərazilərə səfər etdiklərinə görə Ukraynaya girişləri yasaqlanıb.

Məsələ ilə bağlı Yenicag.az-a açıqlamasında media eksperti Azər Həsrət bildirdi ki, azərbaycanlı jurnalistlərin adının Ukraynada sözügedən siyahıya salınmasının heç bir əsası yoxdur və qərəzli mövqeyin nəticəsidir: “Birincisi onu deyim ki, hər bir dövlətin öz suverenliyini qoruması başa düşülən və qəbul ediləndir. Buna sayğı ilə yanaşılmalıdır. Adı çəkilən siyahı ilə tanışam və onun tərtib edilmə üsul və qaydaları anlaşılmazdır. Konkret bir vebsaytda adların yayımlanması, həmin adların sahiblərilə bağlı geniş bilgilərin ictimailləşdirilməsi yanlış haldır. İkinci bir tərəfdən, söhbət burada Azərbayan jurnalistlərindən gedirsə, ölkənin bəzi KİV nümayəndələri bəyan etdilər ki, həmin siyahıya adlarının salınması yanlışdır, doğru deyil. Çünki azərbaycanlı jurnalistlər öz açıqlamalarında da qeyd ediblər ki, adı çəkilən ərazilərə getməyiblər. Fikrimcə, onlara inanmamaq üçün bir səbəb yoxdur. Adı çəkilən jurnalistlərin heç biri Ukrayna qanunlarına zidd hərəkət etməyib. Onlar Ukraynanın suverenliyini şübhə altına alan jurnalistlər deyil. Çünki, onlar Azərbaycanın da eyni problemdən əziyyət çəkdiyini gözəl bilir. Əlbəttə ki, özümüzə rəva bilmədiyimizi Ukraynaya da rəva bilmərik. Belə olan halda azərbaycanlı jurnalistlərin adının ora salınması doğru deyil. Azərbaycanda da belə bir proses tətbiq olunur. Amma Azərbaycan onlardan fərqli olaraq sadəcə adamların adını özünün qara siyahısına əlavə edir və hər hansı bir adam qaydaları pozaraq Ermənistan üzərindən Dağlıq Qarabağa getmiş olarsa, Azərbaycan ərazisinə gəlməklə bağlı müraciət etdikdə həmin bilgi qarşısına çıxır və ona əsasən də bilir ki, adı “qara siyahı”dadır. Amma Ukraynada sadəcə bir siyahı tutublar, özü də araşdırma aparmadan, ciddi yanaşma sərgiləmədən buna gediblər. İndi də bəlli olur ki, Azərbaycan jurnalistlərinin heç biri Ukraynanın icazəsi olmadan Donbas ərazisində olmayıb.

Belə olan halda bizim jurnalistlərin adının ora salınması qərəzdən başqa bir şey deyil. Görünür Ukrayna hökuməti daxilində kimlərsə Kiyevlə Bakı arasındakı yaxın dost münasibətləri pozmaq üçün çalışır. Azərbaycan tərəfi məsələ ilə bağlı Ukrayna Xarici İşlər Nazirliyinə müvafiq sorğu verməli və izahat tələb etməlidir”.

ELÇİN