“Ukrayna ilə Azərbaycan arasında mediakörpü yaradılmalıdır” – Tatyana Lebedeva – Yenicag.Az

Reklam

Reklam

“Heç kəs deyə bilməz ki, bizim Dağlıq Qarabağ münaqişəsi haqqında məlumatımız olmayıb”.

Bu fikirləri Yenicag.ru-ya müsahibəsində Ukrayna Milli İctimai Teleradio Şirkəti Müşahidə Şurasının sədri Tatyana Lebedeva deyib.

– Tatyana, Ukrayna çoxmillətli dövlətdir və o baxımdan maraqlıdır, İctimai Televiziya milli icmalara, konkret, çoxsaylı Azərbaycan diasporasına necə diqqət ayırır?

– Biz çox arzu edirik ki, ölkədəki milli auditoriyalarla iş ikitərəfli olsun. Biz onları heç bir halda hər hansı çərçivəyə salmaq istəmirik ki, məsələn, azərbaycanlı auditoriyası üçün həftədə bir dəfə Azərbaycan dilində proqram hazırlansın və sair. Bu, doğru olmazdı. Hesab edirik ki, bu yolda “çoxtərəfli hərəkət” olmalıdır. Biz bir tərəfdən bütün Ukraynaya azərbaycanlılar və onların mədəniyyətləri, adət-ənənələri haqqında məlumat verməliyik. Bu veriliş Ukrayna dilində olmalıdır ki, ölkədəki bütün millətlərin təmsilçiləri, bütün tamaşaçılar və dinləyicilər ölkədəki azərbaycanlıların necə yaşadıqlarını, cəmiyyətə necə inteqrasiya etdiklərini, hansı maraqlı layihələrinin olduğunu başa düşə bilsinlər. Yəni bu verilişlər tək Azərbaycan diasporuna deyil, digər icmalara da maraqlı olmalıdır.

Ümumiyyətlə, biz milli icmaların problemlərini bir televiziya və ya radio verilişi çərçivəsinə salmağı düşünmürük. Bununla bağlı xüsusi verilişlər, yaxud da ayrı-ayrı xəbərlər ola bilər. Eyni zamanda, verilişlərimizə hər zaman müxtəlif diasporaların təmsilçilərini dəvət edirik və onlar öz durumlarından, uğurlarından və problemlərindən danışırlar.

– Siz də maraqlı bir tendensiyanı müşahidə edirsiz – Ukraynada müharibə başlayana qədər biz Qarabağ, Dnestryanı, Abxaziya və sair münaqişələrə diqqət yetirmirdik. İndi isə onları daha dərindən hiss edirik. Bu, özümüzün də artıq həmin vəziyyətə düşməyimizlə bağlıdır?

– Siz bu mənada tamamilə haqlısız ki, hər bir xoşbəx ölkə öz çərçivəsində yaşayır və üzləşdiyi problemlərin dözülməz olduğunu düşünür. Biz də hansısa çətin vəziyyətə düşəndə baxıb görürük ki, dostlarımızın da problemləri var. Heç kəs deyə bilməz ki, bizim Dağlıq Qarabağ münaqişəsi haqqında məlumatımız olmayıb. Ancaq bu hadisələr bizdən çox uzaqda baş verirdi. Lakin Rusiya Ukraynaya hərbi təcavüz etdikdən, ərazi və minlərlə insan itkisi ilə üzləşdikdən sonra Qarabağ münaqişəsinə, İsrail və başqa ölkələrdəki problemlərə diqqət yetirməyə başladıq. Bizə aydın oldu ki, bu münaqişələri kimlər və necə yaradır, proseslər nə ilə nəticələnə bilər və sair.

Deyə bilmərəm ki, bizdə Qarabağ münaqişəsinə dair dərc olunan materialların sayı çoxdur. Ancaq bütün hallarda belə materiallar var və o münaqişə ilə bizdəki proseslər arasında paralellər aparılır. Hətta bəzi ekspertlər bu çərçivədə Vyana protokollarını, Madrid prinsiplərini və Minsk protokollarını müqayisəli surətdə təhlil edirlər. Digər tərəfdən, Ukraynada müharibənin başlaması GUAM-ın aktuallığını xeyli artırdı. Çünki GUAM-a daxil olan ölkələrin hamısı hərbi konfliktə cəlb olunub. Məncə GUAM-ın dirçəldilməsi təcrübə mübadiləsi üçün əlverişli meydança ola bilər. Leonid Kuçma ilə Heydər Əliyev GUAM-ı yaradanda, bu qurum daha çox iqtisadi ittifaq kimi qəbul olunurdu. Hazırda isə GUAM-ın siyasi mahiyyəti qabarmaqdadır.

– Ukrayna ilə Azərbaycanın İctimai Teleradio Şirkətlərinin hər hansı birgə layihələri var?

– Təəssüflə bildirirəm ki, mən bu barədə heç nə eşitməmişəm. Fikrimcə, Ukrayna və Azərbaycanın İctimai Teleradio Şirkətlərinin sıx əməkdaşlığı hər iki tərəf üçün çox faydalı olardı. Yenə də təəssüflə qeyd edirəm ki, Ukraynada teleradio fəaliyyəti ilə bağlı hər il təşkil olunan tədbirlər Azərbaycanın iştirakı olmadan baş tutur. Məsələn, “Yeni media: Yeni imkanlar” Forumuna Gürcüstan, Moldova və Belarusdan nümayəndə heyətləri qatılsa da, Azərbaycan o tədbirdə təmsil olunmur. Çünki bununla bağlı müqavilə yoxdur.

Biz dost Azərbaycanın nümayəndələrini o tip tədbirlərə məmnuniyyətlə dəvət edərdik. Düşünürəm ki, bu, çox maraqlı və faydalı olardı. Ukrayna ilə Azərbaycan arasında mediakörpünün yaradılmasına başlamalıyıq”.

Yarina Lazko, Yenicag.ru üçün Kiyevdən

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1864
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."