Ukrayna meydanda TƏK QALIR: “Rusiya ilə açıq müharibəyə girmək istəmirlər”

“Ukrayna prezidenti Volodimir Zelenski oktyabrın 16-da Ali Radada çıxışında Rusiyaya qalib gəlmək üçün 5 bənddən ibarət planını açıqladı. Planın mahiyyətinə baxdıqda görmək olur ki, bu, daha çox Zelenskinin arzularıdır, günümüzdə və ya yaxın gələcəkdə reallaşma ehtimalı yoxdur. Eyni zamanda, plandan görmək olur ki, Ukraynanın qələbə qazanması özündən daha çox başqalarından, yəni Qərb blokundan asılıdır”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Yalçın Hacızadə deyib.

O, Kiyevin Qərb tərəfdaşlarının artıq Ukraynanın arxasından çəkilməsi məsələsi ilə bağlı yayılan informasiyaları şərh edib.

Y.Hacızadəyə görə, Zelenski müttəfiqlərini şirnikləndirmək məqsədi ilə Ukraynanın trilyonlar dəyərində təbii ehtiyatları – uran, titan, litium və qrafit kimi məhsulları onlara verə biləcəyini desə də, plan müttəfiqlər arasında fikir ayrılığı yaradıb:

“Planın birinci bəndi Ukraynanın NATO hərbi ittifaqına üzv qəbul olunması ilə bağlıdır. Əlbəttə, 3 ilə yaxındır davam edən müharibədən kənarda qalmağa çalışan və ya Rusiya ilə münasibətlərin qorunmasını istəyən ittifaqın bəzi üzvləri bu bəndi ölkələrinin təhlükəsizliyi üçün təhdid görür və Rusiyaya ilə açıq müharibəyə gətirəcəyini bildirirlər. Lakin Ukraynanı özləri ilə Rusiya arasında bufer zona kimi görən və Rusiyaya qələbə qazanarsa, sonrakı hücumun onlara yönələcəyini hesab edən Polşa və Baltikyanı ölkələr Kiyevin NATO-ya üzvlüyünü loyal qarşılayırlar”.

“Bilirik ki, NATO-da hansı üzvün necə düşündüyünün və nə istədiyindən asılı olmayaraq, söz sahibi ABŞ-dir. Hazırda da Amerika hökuməti Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləmir və müharibəyə açıq şəkildə ittifaqın qoşulmasının tərəfdarı deyil.

Ümumiyyətlə isə Yaxın Şərqdə baş verənlər və ABŞ-də yaxınlaşan seçkilərdə hakim partiyanın dəyişə biləcəyi ehtimalı bəzi ölkələrin müharibəyə olan marağını və dəstəyini azaldır. Çünki namizədlərdən biri olan Donald Tramp hakimiyyətə gələcəyi təqdirdə, Ukraynaya dəstək verməyəcəyini və qısa müddətdə bu müharibəni dayandıracağını bildirir. Bu da bəzi ölkələri ehtiyatlı davranmağa, müharibə üçün əlavə xərc çəkməməyə və Rusiya ilə münasibətləri daha da pozmamağa təhrik edir”, – deyə o, əlavə edib.

Siyasi şərhçinin fikrincə, Tramp hakimiyyətə gələcəyi təqdirdə, bunu edə biləcəyi sual altındadır:

“Çünki ABŞ bir sistem ölkəsidir və prezident ölkənin xarici siyasətinin müəyyənləşməsində təkbaşına qərar vermək iqtidarında deyil. Trampın birinci hakimiyyəti dönəmində bunun şahidi olduq. Tramp Suriyadan qoşunlarını çıxaracağını və ya ABŞ-nin xaricidə olan silahlı qüvvələrinin sayını azaldacağını bildirsə də, hakimiyyətin digər qolları buna imkan vermədi. Rusiyanın qələbə qazanması və ya müharibənin Ukrayna tərəfdən dayandırılması ABŞ-nin digər rəqibi Çinin də Tayvana qarşı siyasətini daha da aqressivləşdirə bilər. Ona görə Rusiya-Ukrayna müharibəsinin hələ davam edəcəyini düşünürəm”.

Rafi Müslümov

COP29