Rusiya Ukrayna ilə müharibədə qələbəyə daha yaxındır. Çünki Kurska müdaxilə münaqişədə heç bir əsaslı dəyişiklik yarada bilmədi, əksinə, cəbhəni böyütdü.
Yenicag.az xəbər verir ki, bu barədə nüfuzlu “The Times” nəşri məlumat yayıb.
Məlumata görə, Putin burada doğru seçim edərək, Donbasda irəliləyir və Ukrayna qoşunlarını çıxarmağı sonraya saxladı.
Bildirilir ki, Ukrayna nə isə etməsə, Rusiya ordusu Donbasda sonuncu müdafiə xəttini də keçəcək və bundan sonra cəbhə domino effekti ilə yıxıla bilər.
Qəzet həmçinin əlavə edib ki, Rusiya prezidentinin müşaviri Aleksey Duminin “səbir edərək Ukrayna qoşununun ərazidən çıxarılmasını sonraya saxlamaqla Donbasda irəliləmək” təklifi doğru yanaşmadır.
“Hazırda Rusiya ordusu Donbasdan heç bir qoşunu çıxarmadan, Kurskda Ukraynanın hücumunu dayandırıb və cəbhəni sabitləşdirə bilib. Burada digər önəmli məqam isə odur ki, Ukraynanın burada əsas gözləntisi Pokrovska olan təzyiqləri azaltmaq idi ki, Rusiya komandanlığı buna da getmədi. Eyni zamanda, Putin strateji əhəmiyyətə malik Donbası Kurskla dəyişməyi seçmədi.
Bəli, bu Putin üçün prestij itkisidir, amma o sonra bu prestijin Donbasda nəticə ilə geri qaytara biləcəyini hesablayır. Başqa tərəfdən isə Ukrayna üçün Kurskda qalmağın yalnız bir mənası qala bilər ki, o da Qərbdən Rusiyanın dərinliklərinə zərbə endirməyə icazə əldə etməklə Rusiya daxilində xaosu artırmaq.
Əks halda, Kurskda Ukrayna heç bir strateji nəticəyə nail olmayacaq. Donbasda isə vəziyyət Ukrayna üçün heç də ürəkaçan deyil”, – deyə məlumatda qeyd olunub.
Rafi Müslümov