“Rusiya-Ukrayna müharibəsi ilə yanaşı, həm də Yaxın Şərqdəki savaşın alovlanması, hətta İran-İsrail toqquşmalarının baş verməsi, şübhəsiz ki, Kiyev administrasiyasına mənfi təsir göstərir”.
Bu barədə Yenicag.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.
Analitik ABŞ-nin Avropadakı qoşunlarının komandanı, ordu generalı Kristofer Kavolinin Ukraynaya silahın göndərilməsi ilə bağlı səsləndirdiyi fikirləri şərh edib.
İ. Hüseynovun fikrincə, ABŞ daxilində bütün siyasi gündəmin seçki prosesinə köklənməsi Ukraynaya dəstəyin daha da azalmasına gətirib çıxarır ki, bu da Kremlin mövqelərinin güclənməsinə, o cümlədən geniş ərazilərdə hərbi əməliyyatlar keçirməsinə şərait formalaşdıra bilər.
“Artıq bu barədə Rusiyanın özündə və digər ölkələrdə fikirlər mövcuddur. Bundan başqa, Xarkovun ələ keçiriləcəyi ilə bağlı iddialar səsləndirilir. Hətta dəqiq tarixlər də açıqlanır ki, aprelin sonu və mayın əvvəlində Rusiya Xarkov ətrafı ərazilərdə genişmiqyaslı əməliyyatlar keçirə bilər. Çünki hərbi kəşfiyyat məlumatlarına görə, Ukraynanın həm insan resursu, həm də silah-sursatları tükənir”, – deyə o bildirib.
Politoloqun sözlərinə görə, Ukrayna prezidenti Volodimir Zelenskinin fikirlərində isə belə məqamlar var ki, burada əsas insan gücü deyil, əksinə, silah-sursatın keyfiyyəti və müasir texnologiyalardır.
“Zelenski çalışır ki, müasir texnologiyalar vasitəsilə Rusiyanın hücumlarının qarşısını alsın. Burada ABŞ də diqqəti Ukraynaya zəiflətməklə mövcud reallıqlarla barışmaq mövqeyini ortaya qoyur. Bu isə Rusiyanın gələcəkdə daha geniş miqyasda öz ambisiyalarını reallaşdırmasına gətirib çıxara bilər. Ona görə də ABŞ-nin Avropadakı qoşunlarının komandanı, ordu generalı Kristofer Kavoli sursatların verilməsinin tezləşdirilməsini tələb edir”, – o, əlavə edib.
Analitik əmindir ki, Ukraynaya diqqətin azalması Rusiyanın əl-qolunu bir qədər də açacaq:
“Eləcə də İsrailin İrana hansısa bir cavab tədbirlərini görməsi birbaşa Ukrayna cəbhəsinə də təsir göstərəcək. Artıq elə bir vəziyyət yaranıb ki, hər iki müharibə bir-birindən asılı şəraitdə inkişaf edir. Bu gün güc tətbiqi müasir silah-sursatlar, texnologiyalar, dron və raketlər əleyhinə hava hücumundan müdafiə sistemlərinin sınaq meydanı kimi özünü göstərir. Gördük ki, İranın “Şahed” PUA-ları və raketləri heç İsrail ərazilərinə gəlib çatmadı və İordaniya ilə İraq ərazilərində zərərsizləşdirildi.
Bütün bunlar onu deməyə əsas verir ki, yeni dünya nizamının qurulması prosesi çox çətinliklə – qanlı müharibələr, toqquşmalar və ziddiyyətlərlə gedir. Hazırda Ukrayna tamamilə Qərb partnyorlarından asılı vəziyyətdə qalıb. Hətta ilin sonuna doğru respublikaçılarla demokratlar arasında mübarizənin genişlənməsi Kiyevə bu və ya digər formada təsir göstərəcək”.
Xatırladaq ki, general Kavoli ötən həftə Konqresə məruzəsində bildirib ki, Konqres tezliklə Kiyevə daha çox silah və sursat göndərilməsini təsdiqləməyin bir yolunu tapmasa, həftələr içərisində Ukraynanın Rusiyaya qarşı silah gücü 1:10 nisbətinə düşəcək.
Rafi Müslümov