“Belə bir məqamda Ukraynaya F-16-ların verilməsi bu ölkə üçün çox vacibdir”.
Bunu Yenicag.az-a açıqlamasında Qərbin Ukraynaya F-16 döyüş təyyarələrini verməsinin Rusiya-Ukrayna müharibəsinin taleyinə təsirindən danışan politoloq Rəfail Becanov deyib.
Onun sözlərinə görə, Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən 2 ildən çox vaxt keçir.
“Virtual informasiya savaşı ilə real vəziyyət arasında ciddi fərq var. Virtual məkanın informasiyasına görə, Ukrayna müharibənin bütün ağrı-acılarına baxmayaraq, Rusiyanı çətin duruma salıb, Ukrayna ərazisində yüz minlərlə rus əsgəri ölüb və s. Reallıqda isə Ukrayna böyük bir ərazi itirib və itirməkdədir. Rusiya son bir neçə ayda yeni ərazilər, kəndlər, qəsəbələr işğal etməkdə davam edir”, – deyə o əlavə edib.
R.Becanov qeyd edib ki, hazırda Rusiya hərbi müdaxiləni daha da gücləndirir.
“Ukraynanın hava məkanı müdafiəsizdir. Hücum taktikası pozulub, silahlar çatışmır. Belə bir məqamda Ukraynaya F-16-ların verilməsi bu ölkə üçün çox vacibdir. Prezident Zelenski bununla bağlı dəfələrlə Qərb ölkələrinə mürciət edib. ABŞ-də keçirilən NATO sammitində çıxış edərək bir daha yardım istədi. Ukrayna Prezidenti 100-dən çox qırıcı tələb edib. Artıq ilkin razılıq var. Danimarka və Niderland F-16 döyüş təyyarələrini Ukraynaya göndərəcəklər. ABŞ dövlət katibi Blinken NATO Sammiti çərçivəsində baş tutan “NATO İctimai Forumu”nda çıxışı zamanı bəyan edib ki, təyyarələr bu yay Ukraynaya çatdırılacaq”, – deyə o bildirib.
Politoloq əlavə edib ki, lakin Ukraynaya verilən silahlarla bağlı məsafə məhdudiyyəti tətbiq olunur.
“Bu məhdudiyyət alınan silahlardan istifadədə Ukraynaya problemlər yaradır. Çünki Rusiya qəti şəkildə bildirir ki, Ukraynaya silah tədarükü NATO ölkələrini münaqişəyə birbaşa cəlb edir. Buna görə də Qərb ölkələri silah versə də, məhdudiyyət tətbiq edirlər ki, birbaşa münaqişə tərəfinə çevrilməsinlər. Rusiya ilə heç bir ölkə açıq müharibəyə qoşulmaq niyyətində deyil. Rusiya-Ukrayna müharibəsində bu şəkildə iştirak onların planlarına daxil deyil”.
Onun sözlərinə görə, Qərb istəyir ki, Ukrayna ancaq müdafiə olunsun. Müdafiə ilə isə qələbə mümkün deyil.
“Rusiya hücum mövqeyindədir və bunu davam etdirəcəyi şübhə doğurmur. Bir neçə gün əvvəl Kiyevə edilən hücum da bunu göstərir.
Ona görə də Ukraynaya istər verilən F-16 döyüş təyyarələri, istərsə də digər silahlarla bağlı tətbiq olunan məhdudiyyətlər aradan qaldırılmalıdır. Yalnız o halda Ukrayna əvvəlcə itirilmiş ərazilərini işğaldan azad edə bilər.
Hazırda ABŞ Konqresində bu məsələ ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Lakin ciddi müzakirə və qərar yoxdur. Ona görə də F-16-ın verilməsini belə “müharibənin taleyini dəyişə bilər” kimi düşünmək çətindir. Bu, sadəcə müharibənin gedişini uzada bilər. Əsas şərt verilən silahlarla bağlı məhdudiyyətini aradan qaldırılmasıdır. Təbii ki, Qərb ölkələri bu məhdudiyyəti aradan qaldıra bilərlər. Amma o zaman Rusiyanın hansı addımlar atacağı da ciddi analiz edilməlidir”, – deyə politoloq bildirib.
Nəsimi Ələsgərli