Ukrayna müharibəsində növbəti HƏDƏF: “Qərbin yeni strategiya dəyişikliyinə getməsinə ehtiyac yaranıb”

“Rusiya əldə etdiyi ard-arda uğurlarla Ukraynanın müdafiə xəttini sarsıda, yay aylarında isə böyük hücumla üstünlüyü ələ alacaq”.

Bunu Yenicag.az-a açıqlamasında Avropa ölkələrinin Rusiyaya qarşı səsləndirdiyi sərt bəyanatların, həmçinin ordularını hazır vəziyyətə gətirməsinin III dünya müharibəsi riskini nə qədər yüksəltdiyi barədə fikirlərini səsləndirən politoloq Zaur İbrahimli deyib.

Onun sözlərinə görə, dron və hava zərbələri ilə rusların əldə etdiyi üstünlük Ukrayna ordusunun vəziyyətini çox çətinləşdirib.

“Növbəti hədəf Ukraynanın enerji infrastrukturunun sıradan çıxarılması ilə bağlıdır. Baş verən proseslər Qərbi daha sərt addımlar atmağa vadar edir.

Ukrayna hazırda nə qələbə qazana, nə də Rusiyanı əvvəlki hüdudlarında saxlaya bilir. Hətta Ukraynaya Rusiya ərazilərinin vurulması ilə bağlı verilən icazə belə, müharibənin taleyini dəyişmək iqtidarında deyil. Nəticə etibarilə Qərbin yeni strategiya dəyişikliyinə getməsinə ehtiyac yaranıb. Yəni təzyiq metoduna.

Demək olar ki, Üçüncü Dünya müharibəsinin içindəyik. Dünyanın 52-dən çox ölkəsi Ramşteyn formatında Ukraynanı müdafiə edir. Eyni zamanda, Rusiya isə Şimali Koreya, İran, Çin və qlobal cənub ölkələri tərəfindən dəstəklənir. Bir sözlə, hərbi əməliyyatlar, diplomatik addımlar, sanskiyalar fonunda Üçüncü Dünya müharibəsinin artıq başladığını söyləmək mümkündür”, – deyə o əlavə edib.

Ekspertin sözlərinə görə, hərbi əməliyyatlara digər ölkələrin qoşulması ehtimalı gün keçdikcə daha da yüksəlir.

“Çünki Qərb heç bir halda Rusiyanın qalib olmasını istəmir. Bu, baş verərsə, dünya düzəni dağıla bilər. Qərb ölkələri Ukraynanın məğlub vəziyyətə gəldiyini görərsə, hərbi əməliyyatlara qoşulmaqla bağlı real addımlar atacaq. Bu isə həqiqətən də Üçüncü Dünya müharibəsi deməkdir”, – deyə politoloq bildirib.

Nəsimi Ələsgərli

COP29