“Rusiya-Ukrayna savaşı qlobal xarakter daşıdığına görə burada müxtəlif dövlətlərin və güclərin maraqları var. Onlar da bu və ya digər formada proseslərdə iştirak edirlər. Həmçinin təxminən 50-yə yaxın ölkə də “Ramstein” formatında Ukraynaya yardım etməyə davam edir”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Oktay Qasımov deyib.
Politoloq Rusiya-Ukrayna müharibəsində şimali koreyalıların iştirakı ilə bağlı Qərb mətbuatı tərəfindən yayılan informasiyaları analiz edib.
O.Qasımovun fikrincə, bu gün bir çox ölkələrdən legionerlər toplanaraq, döyüşmək üçün Ukraynaya göndərilirlər:
“Bununla bağlı artıq məlumatlar da yayılıb. Hətta bir neçə ay öncə Rusiya Ukrayna ordusunun sıralarında vuruşan fransızların məhv edilməsi ilə bağlı məlumatlar və müəyyən kadrlar belə yaymışdı. Bundan başqa, savaşın ilk dövrlərində ozamankı müdafiə naziri Sergey Şoyqu prezident Putinə bəyan etmişdi ki, Yaxın və Ortaq Şərqdə könüllü olaraq Rusiya tərəfində vuruşmağa gəlmək istəyənlərin sayı 16 mindən çoxdur. Yəni o zaman da belə bir fikir formalaşmışdı ki, Rusiya özünün Suriyadakı imkanlarınan istifadə edərək, oradakı silahlı qruplaşmaları pul müqabilində öz tərəfinə çəkəcək”.
Politoloq xatırladıb ki, Rusiya ilə Şimali Koreya arasındakı münasibətlərin tarixinə və xüsusiyyətinə nəzər saldıqda, sözügedən iddianın kifayət qədər inandırıcı olduğu görünür:
“Belə ki, Şimali Koreya məhz SSRİ-nin hesabına yaradılıb və SSRİ-nin müdafiə etdiyi ölkə olub. Uzun illərdir də orada In sülaləsi hakimiyyətdədir. İki tərəf arasında bütün istiqamətlərdə münasibətlər də kifayət qədər yüksəkdir. Rusiya prezidenti Vladimir Putinin bu yay Şimali Koreyaya səfəri və kifayət qədər təntənəli qarşılanması mərasimindən sonra gördük ki, Pxenyan bu və ya digər formada Ukrayna müharibəsinə cəlb olunacaqdı.
Nəzər alsaq ki, Şimali Koreya Rusiya ilə bərabər həm də Çinin təsiri altında duran bir ölkədir və orada ölkə başçısının hər sözü qanun kimi qəbul olunur, bu baxımdan, istisna olunmur ki, koreyalı muzdlular Ukraynaya yollansınlar. Doğrudur, bu barədə faktlar təqdim olunmalıdır, amma belə bir ehtimalın olmasını mümkün variant kimi hesab edirəm”.
Rafi Müslümov