Ukrayna ordusu ƏKS-HÜCUMDA: Separatçıların “birləşmək bayramı” korlandı

Rusiya Ukraynadakı separatçı bölgələrin “referendum”da qəbul etdiyi “Rusiyaya birləşmə” qərarını rəsmən elan etməyə hazırlaşarkən, Ukrayna ordusu əks-hücum əməliyyatlarını genişləndirib.

Yenicag.az xəbər verir ki, bu gün Moskvada Rusiya Prezidenti Vladimir Putinin də qatılacağı mərasimdə Ukraynanın dörd vilayətinin ilhaqı rəsmən elan ediləcək.

Rəsmi Moskva bu mərasimə hazırlaşdığı vaxtda Rusiyanın dəstəklədiyi qondarma “DXR”in lideri Denis Puşilin uzun müddət Rusiyanın işğalı altında olan Liman şəhərinin Ukrayna ordusu tərəfindən mühasirəyə alındığını açıqlayıb.

Ukrayna ordusunun böyük qüvvə ilə şəhərə hücum etdiyini və bəzi ətraf kəndləri ələ keçirdiyini deyən Puşilin sözügedən mərasimə də toxunub:

“Ukrayna bu tarixi günü məhv etmək üçün hər vasitəyə əl atır və cəbhədən gələn xəbərlər çox narahatedicidir”.

Ukrayna lideri Vladimir Zelenski isə əks-hücum kampaniyası ilə bağlı Ukrayna ordusunun komandir heyəti ilə görüşüb və Rusiyaya ağır cavab verəcəklərini bildirib.

Digər tərəfdən, Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın ilhaq etdiyi bölgələrə hər hansı hücumun “birbaşa Rusiyaya hücum” kimi qiymətləndiriləcəyini bildirib. Peskov bütün ərazinin Rusiyanın nəzarətinə keçənə qədər hərbi əməliyyatları davam etdirəcəklərini vurğulayıb.