Ukrayna prezidenti “qələbə planı”nı müttəfiqlərinə təqdim edəcək

 

Ukrayna prezidenti Volodimir Zelenski “qələbə planı”nı Ramşteyn formatında təmas qrupunun görüşündə bir araya gələcək müttəfiq ölkələrin liderlərinə təqdim etməyi planlaşdırır.

Yenicag.az xəbər verir ki, bu barədə Ukrayna lideri “X” sosial media platformasındakı səhifəsində yazıb.

O qeyd edib ki, Ukrayna oktyabrın 12-də Ramşteyndə ilk dəfə liderlər səviyyəsində keçiriləcək 25-ci görüşə hazırlaşır.

“Biz “qələbə planı”mızı təqdim edəcəyik. Müharibənin ədalətli sona çatması üçün aydın, konkret addımlar, partnyorlarımızın qətiyyəti və Ukraynanın güclənməsi Rusiyanın təcavüzünü dayandıra bilər”, – deyə Zelenski vurğulayıb.

O, həmçinin Ukraynanın müdafiəsinə yardım edən hər kəsə təşəkkürünü bildirib.

Qeyd edək ki, şənbə günü, oktyabrın 12-də Ramşteyndəki Amerika Hərbi Hava Qüvvələri bazasında Ukrayna üzrə Təmas Qrupunun iclası keçiriləcək və toplantıya ABŞ prezidenti Co Bayden rəhbərlik edəcək.

“The Wall Street Journal” nəşri daha əvvəl yazıb ki, Bayden administrasiyası Ukraynanın “qələbə planı”nın hərtərəfli strategiyasının olmamasından narahatdır. “Bloomberg” nəşri isə qeyd edib ki, bəzi Qərb rəsmiləri “qələbə planı” təqdim etmək gözləntilərini azaltmağa çalışırlar.

Eyni zamanda, Ukrayna prezidentinin mətbuat katibi Sergey Nikiforov iddia edib ki, Ukrayna nümayəndə heyətinin ABŞ-yə səfəri zamanı Amerika tərəfi “qələbə planı”na böyük maraq göstərib.

Rafi Müslümov

COP29